Azərbaycan dilinin istifadəsi ilə bağlı yeni imkanlar təqdim etməliyik – Rektor  

1 May, 2026 - 15:29
Azərbaycan dilinin istifadəsi ilə bağlı yeni imkanlar təqdim etməliyik

“Azərbaycan dilinin tədrisi ilə bağlı müasir yanaşma metodlarını tətbiq etməliyik. Bugünkü gənclərin bacarıqlarına uyğun tədris metodları yaratmaq vəzifəmiz olmalıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin  rektoru Elbrus İsayev “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda keçirilən IV Respublika Elmi Konfransında deyib.

O bildirib ki, rəqəmsal resurslarda Azərbaycan dilinin istifadəsi ilə bağlı yeni imkanlar təqdim edilməlidir:

“Gənclər ənənəvi informasiyadan çox rəqəmsal imkanlardan istifadə edir. Süni intellektdə mətnlər və məqalələr hazırlanarkən Azərbaycan dili normalarının nə dərəcədə qorunduğu dil sahəsində də mühüm məsələdir. Biz dilimizlə bağlı datalar təqdim etməliyik ki, gənclər ondan istifadə edəndə dilimizin milli, ənənəvi qaydalarını görə bilsin”.

Rektor əlavə edib ki, ən vacib məsələ rəqəmsal resurslarda Azərbaycan dili ilə bağlı təmiz, səlis və qaydaları qoruyan mətnlərin yerləşdirilməsi istiqamətində müəyyən inteqrasiya işlərinin görülməsidir:

“Bu gün Azərbaycan dilini tədqiq etmək həm də süni intellekt mütəxəssislərinin işidir. Dilimizi dünyaya çıxarmaq rəqəmsal bacarıqlara malik mütəxəssislərin, proqramçıların işidir. Proqramçılarla dilçiliyi bir araya gətirən proqramlar olmalıdır. Gələcəkdə süni intellektin inkişafı ilə Azərbaycan dilinin rəqəmsal platformalarda istifadəsini daha da genişləndirə bilərik”.