Azərbaycan dilinin tədrisində rəqəmsal platformalar ön plana çıxır – Anar Nağıyev

1 May, 2026 - 15:38
Azərbaycan dilinin tədrisində rəqəmsal platformalar ön plana çıxır – Anar Nağıyev

“Biz Azərbaycan dilinin öyrənilməsi məsələsini həm də süni intellektin və rəqəmsal texnologiyaların platformaları üzərindən həyata keçirməliyik”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda keçirilən IV Respublika Elmi Konfransında Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev deyib.

O bildirib ki, bununla bağlı universitetdə fevral ayında süni intellekt əsaslı dil öyrənmə mərkəzi yaradılıb: “Bizim hədəflərimizdən biri rəqəmsal platformalar və süni intellekt sistemləri üçün Azərbaycan dilli məzmunun yaradılmasıdır. İnanıram ki, həm Naxçıvan Dövlət Universitetində, həm Bakı Slavyan Universitetində, həm də qarşılıqlı əməkdaşlıqlarımız çərçivəsində üzərimizə düşən məsuliyyətləri yüksək səviyyədə yerinə yetirə biləcəyik”.

Rektor qeyd edib ki, NDU ilə Bakı Slavyan Universiteti arasında müxtəlif elm və təhsil sahələri üzrə əməkdaşlıq mövcuddur: “Hazırladığımız kadrların ixtisasından və sahəsindən asılı olmayaraq ali təhsil müəssisələrinin üzərinə düşən ən vacib vəzifələrdən biri gənclərimizin Azərbaycan milli dəyərlərinə və dilinə bağlılığını təmin etməkdir. Universitetimizin missiyasından irəli gələrək Azərbaycan dilinin saflığının qorunması, eyni zamanda tərəfdaşlıq etdiyimiz xarici universitetlərdə onun təşviqi istiqamətində fəaliyyət göstəririk. Müxtəlif ölkələrdə, xüsusilə Avropanın nüfuzlu universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzlərimiz fəaliyyət göstərir. Bu mərkəzlərdə azərbaycançılıq ideologiyası əsasında dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız müxtəlif dərslər və təqdimatlar vasitəsilə tədris olunur”.