Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı Tikiş Evi əməkdaşlıq edəcək
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Bakı Tikiş Evi Açıq Səhmdar Cəmiyyəti arasında təhsilalanların peşə hazırlığının və praktiki bacarıqlarının inkişaf etdirilməsi, təhsillə istehsalat arasında əlaqələrin gücləndirilməsi məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, sentyabrın 25-də keçirilən görüşdə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin, tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov, “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” ixtisasının müəllimləri Zəkiyyə Quliyeva və Səadət Xəlilova, təsərrüfat şöbəsinin müdir müavini Elsevər Abbaslı, Bakı Tikiş Evi ASC-nin əməliyyat direktoru Paşa Budaqov və baş mühəndisi Rəşad Əhmədov iştirak ediblər.
Görüş zamanı memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri və tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Əməkdaşlıq çərçivəsində kollecin “Dizayn (moda)”, “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” və digər müvafiq ixtisasları üzrə tələbələrin Bakı Tikiş Evinin müasir avtomatlaşdırılmış istehsalat sahələrində istehsalat təcrübəsi keçməsi nəzərdə tutulur. Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla tamamlanması məqsədilə birgə təlim və praktiki hazırlıq proqramlarının həyata keçirilməsi, BTE-nin yüksək ixtisaslı mütəxəssislərinin mentor qismində prosesə cəlb olunması, eləcə də müasir tekstil və tikiş texnologiyaları ilə tanışlıq məqsədilə info-turların təşkili əməkdaşlığın əsas istiqamətləri sırasındadır.
Memorandum çərçivəsində kollecin tədris və istehsalat emalatxanalarının inkişafına da xüsusi diqqət yetiriləcək. Bu istiqamətdə Bakı Tikiş Evinin dəstəyi ilə kollecdə müasir tikiş maşınları ilə təchiz olunmuş ixtisaslaşdırılmış tədris otağının yaradılması nəzərdə tutulur. Yeni tədris məkanının tələbələrin praktiki hazırlığının gücləndirilməsinə, müasir avadanlıqlarla işləmək bacarıqlarının formalaşdırılmasına və onları real istehsalat mühitinə daha yaxından hazırlamağa xidmət etməsi planlaşdırılır.
Əməkdaşlıq çərçivəsində, həmçinin tələbələrin dizayn ideyaları əsasında birgə geyim kolleksiyalarının hazırlanması və nümayiş etdirilməsi, müsabiqə və sərgilərin, təlim və seminarların təşkili, gənc dizayner və texnoloqların yaradıcılıq potensialının dəstəklənməsi nəzərdə tutulur.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin hazırladıqları əl işləri və yaradıcılıq nümunələri Bakı Tikiş Evinə hədiyyə olaraq təqdim edilib. Tələbələrin yaradıcılıq işlərinin nümayişi onların əldə etdikləri praktiki bacarıqların və peşəyə yaradıcı yanaşmalarının təqdimatı baxımından xüsusi maraq doğurub.
Memorandumun mühüm istiqamətlərindən biri də BTE-də istehsalat təcrübəsi zamanı yüksək peşə və praktiki nəticələr göstərən kollecin məzunlarının mövcud vakant vəzifələr üzrə işə qəbul zamanı, müəyyən edilmiş tələblər və qanunvericilik çərçivəsində nəzərə alınmasıdır.
Əməkdaşlığın əlaqələndirilməsi, həyata keçirilən fəaliyyətlərin monitorinqi və birgə təşəbbüslərin planlaşdırılması məqsədilə tərəflərin nümayəndələrindən ibarət İşçi Qrupun yaradılması da nəzərdə tutulur.
İmzalanmış memorandum Azərbaycan Dövlət Pedaqoji Kollecində peşə təhsilinin istehsalatla əlaqələndirilməsi, tələbələrin praktiki hazırlığının gücləndirilməsi və tekstil, tikiş və moda sənayesinin müasir tələblərinə uyğun mütəxəssis hazırlığının təmin edilməsi istiqamətində yeni imkanlar yaradacaq.




