Azərbaycan PISA-da irəliləyən 16 ölkə arasındadır

8 Sentyabr, 2026 - 12:10
Azərbaycan PISA-da irəliləyən 16 ölkə arasındadır

"Azərbaycan PISA nəticələrində irəliləyiş göstərən 16 ölkə arasındadır".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.

Nazirin sözlərinə görə, PISA-da iştirak edən ölkələrdən 62-də geriləmə, 16-da isə irəliləyiş qeydə alınıb:

"Azərbaycan nəticələrini yaxşılaşdıran 16 ölkədən biridir. Ölkələrin PISA nəticələri müqayisə edilərkən onların əvvəlki illərdəki göstəricilərinə, eləcə də inkişaf səviyyəsinə görə müxtəlif qruplara bölünməsi nəzərə alınmalıdır”. 
Bakı şəhərinin riyaziyyat üzrə nəticələrinə toxunan nazir bildirib ki, paytaxt 2018-ci ildə 420 bal, 2022-ci ildə COVID-19 pandemiyasının təsiri ilə 397 bal, 2025-ci ildə isə 465 bal toplayıb:

“Bu, artım göstəricisidir. Burada tam deyə bilərik ki, COVID-in nəticələri geridə qalıb, onun mənfi təsiri və fəsadlarını adlamışıq. COVID təhsilə fəsadlar verdi, uşaqların öyrənmələrində müəyyən boşluqlar yarandı". 

E.Əmrullayev vurğulayıb ki, 2025-ci ilin nəticələri müsbət dinamikanın olduğunu göstərir:

"Yüksək orta göstəriciyə malik ölkələrdə də son illərdə nəticələrin aşağı düşməsi müşahidə olunur. 500 baldan 463-ə enmişdir. 2000-ci illərlə, 2006-cı illə müqayisədə dünyada təhsil müəyyən mənada dinamikanı, irəliləyişi göstərmir. Orta şagird üçün, 15 yaşlı uşaqlarda ölkənin orta nəticəsi artım göstərmir. Bütün inkişaf etmiş ölkələrdə də belədir".