Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, memorandum Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Türkiyənin Müdafiə Sənayesi Nazirliyi, Ali Təhsil Şurası tətəfindən imzalanıb.
Memorandumun imzalanması "ADEX-2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" XV Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi çərçivəsində baş tutub.
Qeyd edək ki, ADEX dünya müdafiə sənayesinin aparıcı iştirakçılarını bir araya gətirən Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda ən böyük ixtisaslaşmış sərgidir. Tədbirdə dünyanın 29 ölkəsindən 270-dən çox şirkətin iştirakı, eləcə də 33 ölkədən 45 xarici nümayəndə heyətinin gəlməsi gözlənilir.
Sərgidə 14 ölkə - Azərbaycan, Böyük Britaniya, İsrail, İtaliya, Çin, Pakistan, Rusiya, Belarus, Rumıniya, Slovakiya, ABŞ, Türkiyə, Özbəkistan və Çexiya ayrı-ayrı pavilyonlarla təmsil ediləcək.
ADEX-2026 sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək.




