Azərbaycanlı tələbələr Türkiyədə müdafiə sənayesi üzrə magistratura və doktorantura təhsili alacaqlar - Erol Özvar
Azərbaycanlı tələbələr müdafiə sənayesi texnologiyaları sahəsində Türkiyənin aparıcı universitetlərində magistratura və doktorantura təhsili almaq imkanı əldə edəcəklər.
Bunu “Azərbaycan müəllimi”nə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında imzalanan yeni memorandum iki ölkənin universitetlərinin müdafiə sənayesi sahəsində birgə tədqiqat aparmasına, elmi potensialından ortaq şəkildə istifadə etməsinə, eləcə də azərbaycanlı tələbələrin bu istiqamətdə təhsil almasına imkan yaradacaq.
Onun sözlərinə görə, son illərdə Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi arasında mühüm əməkdaşlıq sazişləri imzalanır və həmin razılaşmalar həyata keçirilir:
“Bildiyiniz kimi, Bakı şəhərində Türkiyə-Azərbaycan Universiteti yaradılıb və artıq fəaliyyətinin üçüncü ilinə qədəm qoyur. Universitet çərçivəsində Türkiyənin aparıcı ali təhsil müəssisələri bakalavriat səviyyəsində təhsil verməyə başlayıb. Bu, son illərin ən mühüm inkişaflarından biridir”.
E.Özvar qeyd edib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması hər iki ölkə prezidentinin ortaq iradəsi ilə reallaşdırılıb:
“Bu universitet layihəsi əslində iki ölkə arasında xüsusilə elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığın gəlib çatdığı səviyyəni göstərir”.
YÖK sədri bildirib ki, mövcud əməkdaşlığın davamı olaraq Azərbaycan tərəfdən Elm və Təhsil Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi, Türkiyə tərəfdən isə Ali Təhsil Şurası və Müdafiə Sənayesi Nazirliyi bir araya gələrək yeni protokol imzalayıb:
“Bu protokol iki ölkənin universitetlərinə müdafiə sənayesi sahəsində tədqiqat aparmaq, tədqiqat imkanlarından birgə istifadə etmək, həmçinin Azərbaycandan gələcək gənclərin və tələbələrin bu sahədə təhsil almasına imkan yaradacaq”.
E.Özvarın sözlərinə görə, razılaşma çərçivəsində iki ölkənin universitetlərinin müdafiə sənayesi sahəsində topladığı bilik və təcrübə bir araya gətiriləcək.
O əlavə edib ki, magistratura və doktorantura proqramlarına qəbul olunan tələbələr müdafiə sənayesi və müdafiə sənayesi texnologiyaları ilə bağlı tədqiqat proqramlarında iştirak edə biləcəklər:
“Bu proqramlara qəbul olunan tələbələr müdafiə sənayesi ilə əlaqəli tədqiqatlara qoşula və Türkiyənin bu sahədəki təcrübəsini yaxından görmək imkanı əldə edə biləcəklər”.




