“Azıx – Bizə məktub var” sənədli filmi təqdim olunub
Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini əks etdirən “Azıx – Bizə məktub var” sənədli filmi təqdim olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Təhsil TV”nin ərsəyə gətirdiyi film Azərbaycanın qədim tarixə malik mühüm mədəniyyət abidələrindən biri olan Azıx mağarasının unikal keçmişinə və sirli dünyasına həsr olunub.
Ekran əsəri tariximizin dərindən öyrənilməsinə, keçmişlə müasir dövr arasında əlaqənin qurulmasına və milli-mədəni irsimizin qorunub saxlanılmasına töhfə vermək məqsədi daşıyır.
“Azıx – Bizə məktub var” sənədli filmi öz adı ilə də keçmişdən gələcəyə uzanan mənəvi əlaqəyə diqqət çəkir. Ekran əsəri qədim irsin müasir nəsillərə çatdırılması, tarixi yaddaşın qorunması və Azərbaycanın zəngin keçmişinin daha geniş auditoriyaya tanıdılması baxımından maraq doğurur.
Filmin ssenari müəllifi Mirmehdi Ağaoğlunun sözlərinə görə, üçüncü ildir ki, Azıx mağarasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası tərəfindən arxeoloji tədqiqatlar aparılır: “Filmimizin əsas məqsədi bu tədqiqatların metodlarını, miqyasını və elmi əhəmiyyətini təqdim etmək, mağarada gedən prosesləri yaxından öyrənmək və tamaşaçıya çatdırmaq idi.
Filmin çəkilişləri çərçivəsində üç gün Azıx mağarasında olduq. Bu müddət ərzində Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyasının rəhbəri Əjdər Babazadə çəkilişlərimizə yaxından dəstək göstərdi. Ekspedisiyada Qarabağ Universitetinin və digər yerli ali təhsil müəssisələrinin müəllimləri, tələbələri və tədqiqatçıları ilə yanaşı, beynəlxalq elmi mərkəzləri və universitetləri təmsil edən mütəxəssislər də iştirak edirdilər. Çəkilişlər zamanı həm beynəlxalq tədqiqatçılarla ünsiyyət qurmaq, həm də yerli alim və araşdırmaçıların gördüyü işləri əhatə etmək imkanımız oldu.
Xüsusilə qeyd etmək istərdim ki, Azıx mağarasında aparılan tədqiqatlarda dünya arxeologiyasında tətbiq edilən müasir texnologiyalardan və qabaqcıl tədqiqat metodlarından istifadə olunur. Bu texnologiyalar arxeoloji materialların aşkarlanmasına və öyrənilməsinə, eyni zamanda mağaranın qədim dövrlərdəki ekoloji şəraitinin, təbii mühitinin və insan yaşayışının xüsusiyyətlərinin daha dərindən araşdırılmasına imkan verir. Beləliklə, tədqiqatlar yalnız arxeoloji tapıntıların üzə çıxarılması ilə məhdudlaşmır, həm də qədim insanların yaşadığı mühit haqqında dolğun elmi təsəvvürün formalaşmasına xidmət edir”.
M.Ağaoğlu qeyd edib ki, filmdə bu elmi proseslər mümkün qədər əhatəli şəkildə təqdim edilməyə çalışılıb: “Eyni zamanda, elmi yanaşmaya xüsusi üstünlük verdik. İstəyimiz budur ki, film geniş tamaşaçı auditoriyası üçün maraqlı olmaqla yanaşı, gələcəkdə elmi mərkəzlərdə, universitetlərin arxeologiya fakültələrində və tədqiqatçılar üçün də vizual vəsait kimi istifadə oluna bilsin. Filmin hazırlanmasında bu məqsədi də əsas götürmüşük.
Sonda onu da vurğulamaq istərdim ki, “Təhsil TV”nin əməkdaşları layihənin ərsəyə gəlməsi üçün böyük həvəslə, fədakarlıqla və peşəkarlıqla çalışıblar. Bu filmlə həm Azıx mağarasında aparılan mühüm elmi araşdırmaları ictimaiyyətə çatdırmağa, həm də Azərbaycan elminin bu sahədəki fəaliyyətini daha geniş auditoriyaya təqdim etməyə çalışmışıq”.
Tədqiqatçı Əjdər Babazadə bildirib ki, 2026-cı ildə film Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatların geniş videoxronikası olaraq ərsəyə gətirilib: “Film Azıx mağarasında Azərbaycan–Almaniya Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyasının müasir qazıntı metodlarını, beynəlxalq elmi əməkdaşlığı və qədim insanlığın izlərini araşdıran tədqiqatlarını özündə əks etdirib. Beynəlxalq tədqiqat qrupunda 14 ölkəni təmsil edən 30-a yaxın alim və mütəxəssis iştirak edib. Film Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Leybnits Arxeologiya Mərkəzinin birgə işi nəticəsində ərsəyə gəlib”.
Ə.Babazadə qeyd edib ki, bu layihə yalnız arxeoloji qazıntıları deyil, həm də ortaq elmi məqsədlər naminə qurulan beynəlxalq əməkdaşlığı, bilik mübadiləsini və Azərbaycanın qədim tarixinin öyrənilməsinə verilən töhfəni əks etdirir.
Məlumat üçün qeyd edək ki, filmin çəkilişlərində Azıx Arxeoloji Tədqiqat və Analiz Laboratoriyası da iştirak edib. Filmin ideya müəllifi “Təhsil TV”nin direktoru, Əməkdar jurnalist Bəhruz Nəzərov, ssenari müəllifi və rejissoru isə Mirmehdi Ağaoğludur.




