AzTU-da Anım Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə universitetin həyətində yerləşən “Ana harayı” abidəsi ziyarət olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün – sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.
Həbib Mirzəyev 44 günlük Vətən müharibəsinin gedişatını xronoloji ardıcıllıqla təhlil edərək, Azərbaycanı tarixi Zəfərə aparan yoldan danışıb. O qeyd edib ki, qazanılan Şanlı Qələbənin təməlində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, ordunun gücü və xalq-iqtidar birliyi dayanır.
Çıxış zamanı AzTU tələbələrinin də 44 günlük müharibə dövründə könüllü olaraq döyüşlərdə iştirak etmək istəyinin onların yüksək vətənpərvərlik ruhunun göstəricisi olduğu vurğulanıb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunlarından 36 nəfər şəhidlik zirvəsinə yüksəlib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının tarixi əhəmiyyətindən də bəhs edilib.
Həbib Mirzəyev xalqımızın başına gətirilmiş faciələrin unudulmaması, şəhidlərin əziz xatirəsinin daim yaşadılması və tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi qeyd edib.




