AzTU-da yeni elektron platforma yaradılıb
Azərbaycan Texniki Universitetində (AzTU) universitetin struktur bölmələrinin fəaliyyətinin daha səmərəli planlaşdırılması, idarə olunması və qiymətləndirilməsi məqsədilə hazırlanmış süni intellekt əsaslı plan-hesabat elektron patformasının təqdimatı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, yeni platforma universitetin struktur bölmələrinin illik fəaliyyət planlarının hazırlanması, icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi üçün vahid rəqəmsal mühit yaradır. Süni intellekt texnologiyalarından istifadə edən sistem fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, məqsəd və hədəflərin planlaşdırılması, icra göstəricilərinin izlənilməsi və nəticələrin təhlili proseslərini dəstəkləyir. Platforma vasitəsilə struktur bölmələri fəaliyyət planlarını elektron formada hazırlayır, həyata keçirilən tədbirlər və görülən işlər barədə məlumatları sistemə daxil edir, planların icra vəziyyətini real vaxt rejimində izləyir və əldə olunan nəticələri qiymətləndirirlər. Sistem fəaliyyət göstəricilərinin təhlilinə, qiymətləndirmə prosesinin təkmilləşdirilməsinə və hesabatların daha operativ hazırlanmasına imkan yaradır. Təqdimat zamanı bildirilib ki, yeni platforma idarəetmədə şəffaflığın və hesabatlılığın artırılmasına, fəaliyyət nəticələrinin daha obyektiv qiymətləndirilməsinə, eləcə də məlumatlara əsaslanan qərarvermə prosesinin təkmilləşdirilməsinə xidmət edəcək. Eyni zamanda, platforma struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsinə və iş proseslərinin daha səmərəli təşkilinə şərait yaradacaq. Layihə AzTU-da həyata keçirilən rəqəmsal transformasiya strategiyasının mühüm tərkib hissəsidir. Platformanın tətbiqi universitetdə kağız sənəd dövriyyəsinin və kağız sərfiyyatının azaldılmasına, iş proseslərinin rəqəmsallaşdırılmasına və resurslardan daha səmərəli istifadəyə imkan yaradacaq. Bu yanaşma universitetin yaşıl kampus təşəbbüslərini dəstəkləməklə yanaşı, ekoloji məsuliyyət və dayanıqlılıq prinsiplərinin təşviqinə də töhfə verəcək.
Platformaya keçid: https://plan-report.aztu.edu.az/



