AzTU-da TUSAŞ-ın “LIFT UP” proqramı ilə bağlı təqdimat keçirilib

8 Oktyabr, 2026 - 17:54
AzTU-da TUSAŞ-ın “LIFT UP” proqramı ilə bağlı təqdimat keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) elan etdiyi “TUSAŞ Lift Up” – Sənaye Yönümlü buraxılış (Məzun) Layihələri Müsabiqəsinin 2026–2027-ci tədris ili üzrə imkanları ilə bağlı təqdimat keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, təqdimatda qeyd olunub ki, “LIFT UP” proqramı sonuncu kursda təhsil alan bakalavr tələbələrinə TUSAŞ-ın fəaliyyət istiqamətləri çərçivəsində sənaye yönümlü buraxılış layihələri həyata keçirmək imkanı yaradır. Proqram tələbələrin akademik biliklərini real sənaye problemlərinin həllinə tətbiq etməsinə, müasir mühəndislik metod və texnologiyaları ilə işləməsinə, eləcə də aviasiya və aerokosmik sənayenin tələbləri ilə yaxından tanış olmasına şərait yaradır.

Bildirilib ki, layihələr tələbələrin akademik rəhbərləri ilə yanaşı, TUSAŞ tərəfindən təyin olunan sənaye mentorlarının rəhbərliyi altında həyata keçirilir. Tələbələr TUSAŞ-ın müxtəlif məhsul qrupları tərəfindən təqdim olunan real sənaye və mühəndislik problemləri əsasında hazırlanmış layihələr üzərində çalışırlar.

Qeyd olunub ki, proqram çərçivəsində layihə mövzuları “Helicopter”, “Aircraft”, “UAV”, “Structural”, “Manufacturing” və “Space” istiqamətlərini əhatə edir.

Həmçinin diqqətə çatdırılıb ki, 2026-2027-ci tədris ili üzrə layihələrin xüsusiyyətlərindən və tələblərindən asılı olaraq iştirakçılara 50 000–200 000 TL intervalında maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Tədbirdə tələbələrə bildirilib ki, müraciətlər TUSAŞ-ın “LIFT UP” platforması vasitəsilə qəbul edilir və son müraciət tarixi 18 oktyabr 2026-cı ildir.

Layihə işinin koordinasiyasını AzTU-nun Ömürboyu Öyrənmə Mərkəzi və ixtisas kafedraları həyata keçirir.

Proqramla bağlı ətraflı məlumatla TUSAŞ LIFT UP platformasında və rəsmi məlumat səhifəsində tanış olmaq mümkündür.

AzTU-da TUSAŞ-ın “LIFT UP” proqramı ilə bağlı təqdimat keçirilib
AzTU-da TUSAŞ-ın “LIFT UP” proqramı ilə bağlı təqdimat keçirilib
AzTU-da TUSAŞ-ın “LIFT UP” proqramı ilə bağlı təqdimat keçirilib
AzTU-da TUSAŞ-ın “LIFT UP” proqramı ilə bağlı təqdimat keçirilib