Bakıda WUF13 Tələbə Forumu keçirilib
Bakı şəhərində keçirilən “İnklüziv şəhərlər üçün gənclər: WUF13-ə gedən yolda” WUF13 Tələbə Forumu iki gün ərzində panel müzakirələr, tematik çıxışlar və işçi qrup iclasları formatında davam edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, forum çərçivəsində şəhərsalma, inklüzivlik, təhlükəsiz şəhər dizaynı, sosial rifah, rəqəmsal transformasiya, multikultural inteqrasiya və gənclərin şəhər mühitində rolu geniş və çoxşaxəli müzakirə mövzusu olub.
Forumun birinci günü iqtisadi dayanıqlılıq, təhlükəsiz şəhər mühiti və sosial inklüzivlik mövzularına həsr olunan üç panel sessiyası ilə yadda qalıb. “İqtisadi dayanıqlılıq və gənclər üçün əlçatan şəhər ekosistemləri” panelində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nümayəndələri Arzu Tağıyeva və Sitarə Babayeva şəhər mühitində sosial-iqtisadi göstəricilər, gənclərin rifah indikatorları və statistik meyillər barədə məlumat veriblər. Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyi nümayəndəsi Mübariz İmanov isə gənclərin əmək bazarına inteqrasiyası və peşə bacarıqlarının inkişafı ilə bağlı mövcud mexanizmləri iştirakçıların diqqətinə çatdırıb.
“Şəhər dizaynında təhlükəsizlik: hər kəs üçün hərəkətlilik” panelində "Design Bureau" MMC direktoru Fizuli Əliyev şəhər məkanlarının planlaşdırılmasında piyadaların, həssas qrupların və ümumilikdə bütün vətəndaşların təhlükəsiz hərəkətliliyini təmin edən dizayn prinsiplərindən bəhs edib. Şəhər infrastrukturunun insan mərkəzli yanaşma ilə qurulmasının əhəmiyyəti xüsusi vurğulanıb.
“Sosial inklüzivlik və şəhər sağlamlığı: gənclərin rifahı üçün məkanlar” panelində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi direktoru Elnarə Ənsari, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi nümayəndəsi Ülkər Əlizadə və Azərbaycan Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov şəhər mühitində inklüziv infrastrukturun, sağlam həyat tərzinin təşviqinin və inklüziv idmanın sosial rifaha təsirindən danışıblar.
Forumun ikinci günü şəhər idarəçiliyində innovasiya, texnologiya və multikultural inteqrasiya mövzularına həsr olunub. “Rəqəmsal şəhərlər və smart həllər – texnologiya və innovasiyaların şəhər idarəçiliyində rolu” panelində data analitikası və rəqəmsal transformasiya üzrə mütəxəssis Vəfa Bağırova şəhər idarəetməsində məlumat əsaslı qərarvermə, rəqəmsal alətlərin tətbiqi və smart həllərin gənclər üçün yaratdığı imkanlar barədə çıxış edib.
“Yessir” platformasının həmtəsisçisi Musa Rzayev isə texnologiya əsaslı təşəbbüslərin şəhər həyatına inteqrasiyası, startap ekosistemi və innovativ yanaşmaların şəhər mühitində tətbiqi imkanlarını iştirakçılarla bölüşüb.
“Multikultural şəhər mühiti və inteqrasiya – müxtəlif mədəniyyətlərin şəhər həyatına təsiri” panelində Miqrasiya Könüllüsü İctimai Birliyinin sədri Şəbnəm İbrahimli və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov şəhər mühitində sosial harmoniya, inteqrasiya prosesləri və multikultural dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayıblar.
Panellərdən sonra təşkil olunan işçi qrup iclaslarında iştirakçılar iki gün ərzində səsləndirilən fikir və təklifləri sistemləşdirərək praktik müzakirələr aparıblar. Bu müzakirələr forumun yekununda təqdim ediləcək “Youth Urban Manifesto – Baku 2026” sənədinin məzmununun formalaşdırılmasına xidmət edir.
Qeyd edək ki, forum Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşəbbüs olaraq həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunur.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycan şirkətinin birgə maliyyə dəstəyi ilə, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən təşkil edilib. Forum 15–18 may tarixlərini əhatə edir və yekunda gənclərin şəhər mühitinə dair baxışlarını özündə əks etdirən strateji sənədin təqdimatı nəzərdə tutulur.



