Balacaların böyük ideyaları: SAF 2025-in ikinci günündən reportaj

18 Noyabr, 2025 - 15:35
Balacaların böyük ideyaları:

Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) ikinci günüdür. Bakı Ekspo Mərkəzi bu gün də uşaq, gənc və müəllimlərin həyəcanı ilə doludur. Rəngbərəng stendlər, gurultulu robot səsləri, sürətlə işləyən kodlar və sevincli gözlər… Bu festival yalnız texnologiya yarışı deyil, həm də məktəblilərin gələcək peşə seçimlərinə ilk addımı, onların ideyalarının gerçək modellərə çevrildiyi böyük yaradıcılıq meydanıdır.

“Azərbaycan müəllimi” bu atmosferin içərisində bir neçə komandaya yaxınlaşıb və onların layihələri ilə tanış olub.

Dənizin altında “ağıllı dayanacaq”: balacaların ekoloji layihəsi 

İlk söhbətləşdiyimiz komandanın üzvləri Xırdalan 3 saylı STEAM Mərkəzinin şagirdləri Fikrət İskəndərli və Əbəlfəz Abbaszadədir. Kiçik yaşlarına baxmayaraq, böyük bir problemin - dənizin çirkliliyinin həll yolunu tapmağa çalışırlar.

Layihə haqda bizə elə Fikrət özü danışdı. Ekspo Mərkəzindəki izdiham və səs-küylü mühitdə onun incə uşaq səsini eşitmək belə çətin idi. Amma hazırladıqları layihə bizi elə uzaqdan  cəlb etmişdi. 
O deyir ki, bu layihə dəniz altında toplanmış tullantıların təmizlənməsinə xidmət edən xüsusi sualtı dayanacaq modelidir. Fikrət layihəni belə izah edir:
“Dənizin altında çoxlu tullantılar var. Məqsədimiz onları təmizləməkdir. Sualtı dayanacaq tullantı yığan gəmilərin gəlib təmizləndiyi yerdir. Həm zibillər yığılır, həm də texnikanın özü yuyulur”.

Əbəlfəz isə əlavə edir:
“Gəmi dayanacağa yaxınlaşanda onun çirkab suları, gövdəsindəki neft qalıntıları və yosunlar tam təmizlənir”.

Söhbətimizi müşayiət edən mentor qeyd edir ki, bütün motor və sensor hissələri uşaqlar özləri proqramlaşdırıblar. Bu isə onların texniki bacarıqlarının və problemyönlü düşüncələrinin bariz göstəricisidir.

Samux komandası 6 metr yüksəkliyə qalxan  kapsula maketi ilə 

Festivalda maraqlı iş təqdim edənlər sırasında Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin şagirdləri Yusif Ələkbərov və Yusif Bayramov da var. Onlar “CubeSat” kateqoriyasında hazırladıqları kapsula maketi ilə diqqət çəkirdilər.

Dizaynı hazırlayan Yusif Bayramovun sözlərinə görə, kapsula 3 əsas hissədən ibarətdir: gövdə, qanad və antena. Dekorativ kağızlardan istifadə olunan model qızılı və gümüşü rənglərlə işlənib.

Texniki hissəni proqramlaşdıran Yusif Ələkbərov  sistemi belə izah edir:
“MPU 5060, SP 866 və DHT sensorları ilə işləyirik. Kapsula 6 metr yüksəkliyə qalxanda temperatur və nəm göstəricilərini toplayır. Havanın vəziyyəti ilə bağlı diaqnostik məlumatlar və çəkiliş funksiyası da mövcuddur”.

Bu layihə həm texniki quruluşuna, həm də funksionallığına görə SAF 2025-in iştirakçıları və Münsiflər Heyəti tərəfindən maraqla qarşılandı.

Naxçıvanın “Griffin” komandası yanğınsöndürən dron hazırlayıb

Növbəti dayanacağımız Naxçıvan məktəblilərindən ibarət “Griffin” komandası oldu. Onlar hazırladıqları xüsusi xidməti dronla yarışırlar. Komandanın üzvləri Uğur Quluzadə, Nicat Babaverdiyev və Rafiq Məmmədli öz aralarında dronun pilotluğu, konstruksiyası və kodlaşdırılması üzrə əmək bölgüsü aparıblar.

Komandanın kapitanı Uğur layihənin senarisini belə izah edir:
“Dronumuz “Yangını söndür və xilas et!” əmrinə uyğun proqramlaşdırılıb. İlk olaraq  yanğını söndürür, SOS halqasını götürür və təhlükəsiz enir. Bütün proses süni intellekt vasitəsilə idarə olunur”.

Onların sözlərinə görə, bu dron gələcəkdə real yanğın-söndürmə əməliyyatlarında istifadə oluna bilər. Onu investor dəstəyi ilə satışa çıxarmaq da mümkündür.

SAF 2025-in iştirakçılarının masalarına yaxınlaşdıqca bir həqiqət daha aydın görünür: texnologiya sadəcə böyüklərin sahəsi deyil. Burada balacalar böyük ideyalarla çıxış edir, gənclər isə real problemlərin real həllərini axtarırlar. Dənizi təmizləyən dayanacaq modeli, havanı ölçən kapsula və yanğınsöndürən dron - bunların hamısı məktəblilərin düşüncəsindən doğan layihələrdir.

Bu festival bir daha göstərir ki, Azərbaycan məktəbliləri yalnız yarışmır, onlar gələcəyin mühəndisliyinə, ekologiyasına və təhlükəsizliyinə bu gündən töhfə verirlər.