“Balımı gördükdə ilk düşündüyüm bu oldu” - Ucqar kənd müəlliminin unudulmaz anı

17 İyun, 2026 - 10:53
“Balımı gördükdə ilk düşündüyüm bu oldu” - Ucqar kənd müəlliminin unudulmaz anı

Nuranə İsmayılova artıq 16 ildir ki, şagirdlərinə yalnız coğrafiyanı deyil, həm də həyata sevgi və inam aşılamağa çalışır. Onun müəllimlik yolu Daşkəsəndən başlayaraq Tovuzun ucqar dağ kəndlərinə qədər uzanıb və bu yol boyunca qazandığı təcrübələr onu daha da gücləndirib.

“Azərbaycan müəllimi” Tovuz rayonu Məstan Novruzov adına Çeşməli kənd tam orta ümumtəhsil məktəbinin coğrafiya müəlliminin peşə yoluna nəzər salıb. 

“Şəhərdə kompüterin hazırlayacağı əyani vəsaiti biz əlimizlə hazırlayırıq”

Nuranə müəllimin həyatında Tovuz rayonunun Qayadibi kənd ümumi orta məktəbi xüsusi yer tutur. O, həmin dövrü belə xatırlayır: “Düzünü desəm, çox həvəssiz idim. Köhnə, kiçik məktəb, hər sinifdə ən çoxu 2-3 şagird... Hətta 5-ci sinifdə 1 şagird var idi. Bu da məni ruhdan salmışdı. Mən tam əksini düşünsəm də, şagirdlərim mənə o qədər sevgi göstərib dəstəklədilər ki... Onlara çox bağlandım..Məhz bu məktəbdə peşəmə olan sevgim daha da artıb. Məqsədim yalnız öyrətmək yox, şagirdlərə fənnimi sevdirmək olub. Dərsim zamanı şagirdlərimin havanın istisindən, qışda isə soyuğundan qızaran çöhrələrində təbəssüm, gözlərində sevgi görmək mənə o qədər xoşbəxtlik gətirirdi ki”.

Peşəsinə olan sevgisi ona mühüm uğurlar da qazandırıb. Müəllimlərin diaqnostik qiymətləndirilməsində 56 bal toplayan Nuranə müəllim bu uğurundan və Elm və Təhsil Nazirliyinin müəllimlər üçün təşkil etdiyi şəffaf, dəstəkləyici müsabiqə və imtahanlardan stimul alaraq, 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etdiyini və 55 bal toplayaraq uğur qazandığını deyir. Sertifikasiya imtahanında isə 59 bal toplayan müəllim həmin an keçirdiyi hissləri belə ifadə edir: “Mən sertifikasiya imtahanında monitorda yüksək nəticəmi (59 bal) gördükdə ilk düşündüyüm bu oldu: Mən öz şagirdlərimin yanına daha böyük inamla qayıdıram. Bu o qədər mükəmməl bir hissdir ki…”.

Dağ kəndlərində işləməyin çətinliklərinə baxmayaraq, heç vaxt peşəsindən uzaqlaşmağı düşünməyib, əksinə, daha böyük məsuliyyət hiss edib: “Əslində, mənə görə, dağ kəndində işləmək daha məsuliyyətlidir. Çünki şəhərdə bir çox imkanlar əlçatandır. İstər əlverişli mühit baxımından, istərsə də maddi-texniki baza baxımından. Məsələn, şəhərdə müəllimin masa arxasında oturub kompüterlə hazırlayacağı əyani vəsaiti biz əlimizlə hazırlayır, əyani olaraq onu əldə edirik, təki dərsimiz şagird üçün öyrədici olsun, darıxdırıcı olmasın”.
Çətinliklərin də az olmadığını vurğulayır: “Ən çox qarşılaşdığımız çətinlik sərt qış günlərində işığın sönməsi, istilik sisteminin işləməməsi, uzaq məsafədən gələn şagirdlərin dərsə gecikməsi, yolların buz bağlaması, dərsə çətinliklə getməyimizdir”.

“Əziz müəllimlər, dağ kəndlərində fəaliyyət göstərməkdən çəkinməyin!”

Şagirdlərinin qazandığı uğurlar onun üçün ən böyük motivasiya mənbəyidir: “Davamlı olimpiadalarda, məktəblərarası yarışlarda şagirdlərimin qələbəsi məni ruhlandırdı. Biz göstərdik ki, mükəmməl öyrənmək relyeflə, hava şəraiti ilə deyil, müəllimin sevgi ilə öyrətdiyi təlim-tərbiyə ilə ölçülür. Biz heç vaxt “üşümürük”. Çünki müəllim-şagird olaraq məktəbə getməyə tələsirik. Bütün enerjimizlə dünya ölkələrini, çoxunun bilmədiyi dağları, düzənlikləri, çayları öyrənib isinəcəyik”.

Nuranə İsmayılova üçün müəllim həm də özünün müəllimi olmalıdır, daim təkmilləşməlidir. Bu prinsipə sadiq qalaraq İKT, sosial-emosional bacarıqlar, şagird nailiyyətlərinin qiymətləndirilməsi və digər istiqamətlər üzrə çoxsaylı təlimlərdə iştirak edib: “Bütün bunları yalnız ad qazanmaq üçün deyil, bir fasilitator kimi şagirdlərimə hərtərəfli yol göstərib onları işıqlı gələcəyə yönləndirmək üçündür”.

Müəllim-şagird münasibətlərinin əsasını etimadın təşkil etdiyini bildirən Nuranə müəllim deyir: “Hər bir müəllim sinfə daxil olanda düşünməlidir ki, o yalnız şagirdə təlim öyrətmək üçün lazım deyil, müəllim həm də şagirdlərin emosiyalarını da anlayıb ona etimad göstərməlidir”.

Coğrafiya fənninin gələcəyi ilə bağlı fikirləri də diqqət çəkir: “Fikrimcə, coğrafiya fənni həmişə böyük əhəmiyyət kəsb edəcək. Bəşəriyyət üçün sirrli qalan bir çox məkanlar artıq Coğrafi İnformasiya Sistemləri (CİS) tərəfindən öyrənilir və nəticələr təhsil sferasında da nümayiş olunur. Bunları şagirdlərimizə ilk çatdıran da biz müəllimlər olmalıyıq”.

Müəllim peşəsinə münasibətini isə bir cümlə ilə ifadə edir: “Pis müəllim yoxdur əslində. Sadəcə məsuliyyətsiz müəllim var. Yaxşı müəllim çox bilən yox, bütün bildiklərini öyrədəndir”.

Gənc müəllimlərə də xüsusi tövsiyələri var: “Əziz müəllimlər, dağ kəndlərində fəaliyyət göstərməkdən çəkinməyin! Hətta deyərdim ki, ilk bünövrənizi o məktəblərdə qoyun. Yollar sizi yormasın. O yerlərdə sizi gözləyən tərtəmiz ürəkli, təbəssüm dolu çöhrəli şagirdlər, sevgi ilə parıldayan gözlər gözləyir. Unutmayın ki, uğura gedən yol nə asan, nə də hamar deyil. Gələcək isə xəyal quranların yox, xəyalını gerçəkləşdirənlərindir”.

Sonda isə müəllimlik yolunun çətin, lakin qürurverici olduğunu vurğulayır: “Kənd məktəblərində bu mühiti çox hissəsini özümüzün səyi nəticəsində formalaşdırırıq. Bu da daha inamlı şəkildə təhsilalanlarla birgə işləməyə sövq edir bizi. Çətin, keşməkeşli bir müəllim ömrü... Bax burdan başlayır. Uğurların ən çətini daha uzunömürlü olur...”