Batabatda iki yeni bitki növü aşkar edilib
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin “Biologiya” kafedrasının “Nadir flora” tədqiqat qrupu Türkiyənin Kastamonu, Sakarya və Van Yüzüncü Yıl universitetlərinin alimləri ilə birgə Şahbuz rayonunun Batabat yaylasında flora müxtəlifliyi üzrə çöl tədqiqatları aparıb.
Universitetdən “Azərbaycan müəllmi”nə verilən məlumata görə, tədqiqatlarda Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, professor Daşqın Qənbərov, “Biologiya” kafedrasının müdiri, dosent Bəhruz Bayramov və “Nadir flora” tədqiqat qrupunun üzvləri, həmçinin Kastamonu Universitetinin professoru Barış Bani, Sakarya Universitetinin dosenti Mehmet Sağiroğlu və Van Yüzüncü Yıl Universitetinin dosenti Hüseyin Eroğlu iştirak ediblər.
Araşdırmaların məqsədi Naxçıvan Muxtar Respublikasının florasının kompleks şəkildə öyrənilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi-praktiki təcrübə mübadiləsinin aparılması və region üçün yeni, nadir bitki növlərinin müəyyən edilməsidir. Tədqiqatların ilk mərhələsinin Batabat yaylasında keçirilməsi ərazinin zəngin biomüxtəlifliyi və floristik potensialı ilə əlaqədardır.
Çöl tədqiqatları nəticəsində Azərbaycan florası üçün iki yeni bitki növü müəyyən edilib. Aşkarlanan nümunələr molekulyar-genetik analizlərin aparılması məqsədilə Türkiyəyə göndərilib.
Təqdiqatçılar arasında Azərbaycan və Türkiyədə birgə çöl-ekspedisiya və laboratoriya tədqiqatlarının aparılması, həmçinin beynəlxalq elmi layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.




