Belçikada bomba həyəcanı: 1700 şagird kilsəyə təxliyə edilib

2 Oktyabr, 2026 - 17:00
Belçikada bomba həyəcanı: 1700 şagird kilsəyə təxliyə edilib

Belçikanın Meşelen şəhərinin mərkəzində yerləşən Ursulinen orta məktəbində bomba təhlükəsi ilə bağlı daxil olan anonim zəngdən sonra 1700-ə yaxın şagird dərhal təxliyə olunub.

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 2-si saat 12:30 radələrində məktəbin katibliyinə içərisində bomba qoyulması barədə xəbərdarlıq olan telefon zəngi daxil olub. İlkin ehtimallara görə, zəng zamanı təkrar olunan mesajın yazıldığı səs yazısından istifadə edilib. Məktəb rəhbərliyi vəziyyətlə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub və məktəbin girişlərindən birinin yerləşdiyi Sint-Jacobstraat küçəsi hərəkət üçün tamamilə bağlanıb. Polis sözçüsü Dirk Van de Sande bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən ilkin sürətli yoxlama aparılıb:

"Saat 14:00-dan qısa müddət sonra bütün məktəb binalarını ətraflı axtarmaq üçün əraziyə üç partlayıcı axtaran xüsusi it gətirilib", - deyə o bildirib.

Məktəb rəhbərliyinin çevik reaksiyası və yanğın həyəcanı siqnalının işə salınması nəticəsində binadakı 1700 şagird uğurla təxliyə edilib. Onlar təhlükəsiz zonaya aparılaraq Onze-Lieve-Vrouw-over-de-Dijle kilsəsində yerləşdiriliblər.

Təxliyə prosesi zamanı heç bir panika yaşanmayıb. Şagirdlərin sözlərinə görə, onlar baş verənləri növbəti bir hazırlıq yoxlaması hesab ediblər:

"Adətən sentyabr ayında yanğın təlimi keçirilir. Oktyabrın ilk günləri olduğu üçün əksəriyyətimiz bunun sadəcə növbəti təlim olduğunu düşündük və hər şey çox sakit keçdi. Lakin dəhlizlərdə yubanmağımıza icazə verilmədi və müəllimlər çox ciddi idilər. Onlar bunun zarafat olmadığını dönə-dönə vurğulayırdılar".

Belçikada bomba həyəcanı: 1700 şagird kilsəyə təxliyə edilib