Bərdədə “Bir Peşənin Sirri” festivalı keçirilib

13 Noyabr, 2025 - 15:40
Bərdədə “Bir Peşənin Sirri” festivalı keçirilib
Bərdədə “Bir Peşənin Sirri” festivalı keçirilib
Bərdədə “Bir Peşənin Sirri” festivalı keçirilib
Bərdədə “Bir Peşənin Sirri” festivalı keçirilib
Bərdədə “Bir Peşənin Sirri” festivalı keçirilib

Peşə təhsili sahəsində gənclərin marağını artırmaq, müxtəlif ixtisasların əhəmiyyətini nümayiş etdirmək və peşə bacarıqlarının təbliği məqsədilə “Bir Peşənin Sirri” festivalı Bərdə Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, açılışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Mərkəzin fəaliyyəti və uğurları haqqında qısa videoçarx nümayiş etdirilib.

Festivalın rəsmi hissəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev, Bərdə Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov və Qarabağ Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun müdiri Qurban Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Aran Regional İnkişaf Mərkəzinin nümayəndələri, həmçinin Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru çıxış ediblər.

Çıxışlarda ölkədə peşə təhsilinin inkişaf istiqamətləri, gənclərin əmək bazarına inteqrasiyası, regionlarda peşə ixtisaslarına olan tələbat və bu sahədə dövlətin dəstək mexanizmləri barədə fikirlər səsləndirilib.

Rəsmi hissənin ardından “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda həyata keçirilən bərpa və quruculuq proseslərinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Videoçarxlarda Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarının bu proseslərdəki fəaliyyəti və onların göstərdikləri töhfələr öz əksini tapıb.

Festivalın rəsmi açılışından sonra qonaqlar tədbir ərazisində gəzinti edib, tələbələrin əl işləri, ustad dərsləri və müxtəlif sərgilərlə tanış olublar. Proqram çərçivəsində ustad dərsləri, peşəkar karyera məsləhəti sessiyaları, maarifləndirici təqdimatlar, oyunlar, viktorinalar və bədii kompozisiyalar, həmçinin STEAM fəaliyyətləri təşkil olunub.

“Bir Peşənin Sirri” festivalı peşə təhsilinin nüfuzunun artırılması, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və əmək bazarının tələblərinə uyğun ixtisaslara marağın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.