Beynəlxalq elmi bazalardan səmərəli istifadəyə dair təlim keçirilib
Elm və Təhsil Nazirliyi (ETN) ilə “Clarivate” şirkəti arasında imzalanmış milli müqavilə çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, ETN-in İnformasiya Texnologiyaları İnstitutu və “Clarivate” şirkətinin yerli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazasından səmərəli istifadə mövzusunda təlim keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimdə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisə və təşkilatları təmsil edən 120-dən çox nümayəndə iştirak edib.
Tədbiri açan İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Elm və Təhsil Nazirliyi ilə “Clarivate” şirkəti arasında imzalanmış milli müqavilənin əhəmiyyətini vurğulayaraq bildirib ki, beynəlxalq elmi bazalara ölkə üzrə birbaşa çıxış imkanlarının yaradılması tədqiqatçıların elmi informasiya resurslarından istifadəsini genişləndirir, tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq elmi standartlara uyğun aparılmasına töhfə verir.
Daha sonra “Clarivate” şirkətinin müştəri məmnuniyyəti üzrə meneceri Handan İliç “Tədqiqat yolunuzu "ProQuest Central" ilə başladın”, şirkətin Azərbaycan üzrə təmsilçisi Xəyalə Hacıyeva isə “Elmi tədqiqatdan təsirə: "Clarivate" həlləri ilə effektiv tədqiqat strategiyası” mövzularında təqdimatlarla çıxış ediblər.
Təlim zamanı iştirakçılara “ProQuest Central” akademik informasiya bazasının və “Web of Science” elmmetrik bazasının imkanları barədə ətraflı məlumat verilib. Həmçinin bu resurslardan elmi tədqiqat prosesində, elmi ədəbiyyatın axtarışında, etibarlı mənbələrin müəyyənləşdirilməsində və tədqiqat nəticələrinin qiymətləndirilməsində səmərəli istifadə imkanları praktiki nümunələr əsasında nümayiş etdirilib.
Sonda təqdim olunan resursların imkanları ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, eləcə də beynəlxalq elmi informasiya bazalarından istifadənin daha da genişləndirilməsi istiqamətində gələcək fəaliyyət imkanları nəzərdən keçirilib.




