Bilik yarışında regionların rəqabəti: Kim öndədir?

5 Fevral, 2026 - 10:59
Bilik yarışında regionların rəqabəti:

Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsi başa çatıb. 8 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix) keçirilən bu bilik yarışının nəticələri ölkə üzrə təhsilin coğrafi xəritəsində maraqlı bir mənzərə yaradıb. Builki nəticələrə əsasən, şagirdlərin 8 fənn üzrə göstərdiyi aktivlik regionlarda olimpiada hərəkatının yeni bir mərhələyə qədəm qoyduğunu bir daha göstərir.

Statistik göstəricilər arasında ən diqqətçəkən məqam Abşeron-Xızı Regional Təhsil İdarəsinin 980 şagirdlə yarımfinal mərhələsinə ən böyük heyətlə qatılmasıdır. Bu kütləvilik daha sonra 643 şagirdlə Qazax-Tovuz, 638 şagirdlə Şəki-Zaqatala və 628 şagirdlə Gəncə-Daşkəsən regionlarında müşahidə edilir ki, bu da qərb və şimal-qərb bölgələrində elmi potensialın yüksək dinamika ilə inkişaf etdiyini göstərir.

Mərkəzi Aran regionu 600 şagirdlə stabil bir nəticə nümayiş etdirdiyi halda, cənub bölgəsində Lənkəran-Astara Regional Təhsil İdarəsi kəmiyyətlə yanaşı, keyfiyyət göstəricisi ilə də fərqlənib. Belə ki, bu idarənin tabeliyində olan məktəblərin 517 yarımfinalçısından 8 nəfəri sualların hamısını düzgün cavablandıraraq 100% nəticə nümayiş etdirib. Şimal bölgəsində Quba-Xaçmaz regionu 447 şagirdlə təmsil olunur ki, burada da Xaçmaz (139) və Quba (129) rayonları əsas hərəkətverici qüvvə kimi çıxış edir. Şirvan-Salyan bölgəsi üzrə 423 nəfərlik qrupda Şirvan şəhəri (114) və Neftçala rayonu (106) liderliyi bölüşürlər.

Azad olunmuş ərazilərimizi və ətraf rayonları əhatə edən Qarabağ və Şərqi Zəngəzur regional idarələri də ümumilikdə 583 şagirdlə (müvafiq olaraq 293 290 nəfər) yarımfinalda təmsil olunmaq hüququ qazanıblar. Qarabağ regionunda Bərdə (95) və Ağdam (72) rayonları fəallığı ilə seçilir. Dağlıq Şirvan bölgəsində 315 şagirdin yarısı demək olar ki, yalnız İsmayıllı rayonunun (138) payına düşür. Mil-Muğan regionu üzrə isə 245 nəfərlik siyahıda Beyləqan rayonu 92 şagirdlə ön sıradadır.

Ümumilikdə VIII–XI sinifləri əhatə edən bu yarışın nəticələri göstərir ki, regionlarda riyaziyyatdan tarixə, fizikadan Azərbaycan dilinə qədər bütün fənlərə şagidlərin marağı yüksəkdir.