Bir düymə, bir siqnal, bir həyat: Azərbaycanlı gənclərin xilasedici ixtirası

21 Avqust, 2026 - 12:37
Bir düymə, bir siqnal, bir həyat:

Azərbaycanlı gənc mühəndis Rauf Vəlicanov və komanda yoldaşları fövqəladə və ekstremal şəraitdə internet və ənənəvi rabitə infrastrukturuna ehtiyac olmadan görüntü və həyati məlumatları uzaq məsafəyə ötürə bilən “ID SPECTRA” layihəsi hazırlayıblar. Layihə “Azerbaijan International Robot Olympiad” (AIRO) yarışmasında I yeri qazanaraq beynəlxalq arenaya çıxmaq imkanı əldə edib.

“Azərbaycan müəllimi” olaraq layihənin ideya müəllifi Rauf Vəlicanovla həmsöhbət olduq. Gənc mühəndislə “ID SPECTRA”nın yaranma ideyası, iş prinsipi, komandanın fəaliyyəti və gələcək perspektivləri barədə danışdıq.

Mühəndislikdən müəllimliyə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Elektrik və elektronika mühəndisliyi” ixtisasının məzunu olan Rauf Vəlicanovun peşəkar fəaliyyəti sənaye avtomatlaşdırılması, elektronika, robototexnika və IoT həllərindən tutmuş kosmik rabitə texnologiyalarına qədər geniş istiqamətləri əhatə edir.

Rauf Vəlicanovun sözlərinə görə, mühəndislik fəaliyyəti sadə mikrokontrollerlərlə işləməkdən başlayıb, zamanla daha mürəkkəb sənaye və rabitə sistemlərinin hazırlanmasına qədər inkişaf edib. Onun hazırladığı “Vita-Bed” ağıllı çarpayı sistemi və günəş enerjisi ilə çalışan ekoloji hava monitorinqi stansiyası da nəzəri biliklərin praktiki həllərə çevrilməsinə nümunədir.
Bacarıqlı gənc üçün mühəndislik yalnız yeni qurğular hazırlamaqdan ibarət deyil. O, əldə etdiyi bilikləri gənc nəslə ötürməyi də fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Şagirdləri ilə birlikdə istər respublika daxilində, istərsə də xaricdə keçirilən robototexnika yarışlarında iştirak edən Rauf Vəlicanov üçün müəllimlik mühəndislik fəaliyyətinin davamıdır. Onun fikrincə, gələcəyin mühəndisləri yalnız hazır bilikləri öyrənməməli, problemlərə müstəqil yanaşmağı və öz həll yollarını qurmağı bacarmalıdırlar.
Bu yanaşma onun öz layihələrində də özünü göstərir.

Komanda işi uğurun əsas şərtidir

“ID SPECTRA” üç gənc mühəndisin birgə əməyinin nəticəsidir. Layihənin ilkin ideyası Rauf Vəlicanov tərəfindən irəli sürülsə də, onun sözlərinə görə, yekun nəticədə hər üç komanda üzvünün töhfəsi eyni dərəcədə əhəmiyyətli olub. 
Komandanın digər üzvləri - Azər Müslümzadə və Yusif Kərimli də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Elektrik və elektronika mühəndisliyi” ixtisası ürə təhsil alıblar. 

Rauf Vəlicanov layihədəki vəzifə bölgüsünü belə izah edir: “Layihənin ilkin ideyası mənim tərəfimdən irəli sürülsə də, əldə etdiyimiz nəticədə hər birimizin bərabər və sonsuz əməyi var. Vəzifə bölgüsünə gəldikdə isə  mən əsasən layihənin ümumi koordinasiyası və sistemin proqramlaşdırma hissəsi ilə məşğul olmuşam. Azər Müslümzadə cihazın korpuslanması, 3D dizaynı və layihənin sərt mühit standartlarına tam cavab verməsi üçün böyük əmək sərf etdi. Yusif Kərimli isə PCB (çap dövrə lövhəsi) dizaynı, platanın çapı və aparat təminatının yığılması işlərində komandamıza çox böyük töhfə verdi”.
Komanda üzvlərinin müxtəlif istiqamətlər üzrə ixtisaslaşması layihənin həm proqram, həm elektronika, həm də mexaniki hissələrinin paralel inkişafına imkan verib.

"Bir şeyi düzəltməkdən daha çətin olan, onu düşünməkdir"

Rauf Vəlicanov “ID SPECTRA” layihəsinin ideyasından danışarkən deyir ki, ideyanın reallaşdırılması üçün komanda cəmi bir ay ərzində intensiv işləyib: “Mənim mühəndislikdə həmişə inandığım və tez-tez təkrarladığım bir söz var: "Bir şeyi düzəltməkdən daha çətin olan, onu düşünməkdir.Əgər bir mütəxəssis ideyanı beynində tam formalaşdırıb, alqoritmini qura bilirsə və əlində lazımi resurslar varsa, o layihəni reallığa çevirmək sadəcə zaman məsələsidir.Biz üçümüz bu layihəni fiziki olaraq ərsəyə gətirmək üçün dayanmadan, çox intensiv şəkildə çalışdıq. Bizi tələsdirən və motivasiya edən əsas amil qarşıdan gələn “AIRO” (“Azerbaijan International Robot Olympiad”) yarışı idi. Hədəfimiz mütləq qalib gəlmək və layihəmizi qlobal arenaya çıxarmaq idi. Saysız-hesabsız yuxusuz gecələrin ardınca nəhayət ki, istədiyimiz nəticəni əldə edə bildik”.

Sistem necə işləyir?

“ID SPECTRA”nın əsas xüsusiyyəti internet və mobil rabitə şəbəkəsindən asılı olmadan işləyə bilməsidir. Sistem sensorlardan məlumatları toplayır, ətraf mühitin görüntüsünü əldə edir, GPS vasitəsilə koordinatları müəyyənləşdirir və məlumatları görüntü üzərində birləşdirərək radio rabitəsi ilə ötürür.

Layihənin avtonom fəaliyyəti iki əsas rejim üzərində qurulub. Birinci rejimdə cihaz əvvəlcədən müəyyənləşdirilmiş zaman intervalına uyğun olaraq avtomatik aktivləşir. Sensor məlumatlarını toplayır, görüntünü emal edir, məlumatları ötürür və daha sonra enerji sərfiyyatını azaltmaq üçün yuxu rejiminə keçir.

İkinci rejim isə fövqəladə vəziyyət üçün nəzərdə tutulan “Emergency” düyməsidir. Bu düymə vasitəsilə sistem gözləmə müddəti olmadan aktivləşdirilə və həmin nöqtənin görüntüsü ilə GPS koordinatlarını ötürə bilər.

Rauf Vəlicanov bu funksiyanı xüsusilə ucqar və rabitə infrastrukturunun olmadığı ərazilər üçün əhəmiyyətli hesab edir: “İkinci və ən vacib funksiya isə "Emergency" (“Həyəcan”) düyməsidir. Təsəvvür edin ki, dağlıq ərazidə və ya qəza zonasında olan, internetə çıxışı olmayan bir şəxs təhlükə altındadır. O, sadəcə cihazın üzərindəki həyəcan düyməsinə basmaqla sistemi dərhal aktivləşdirə bilər. Bu zaman cihaz vaxt aralığını gözləmədən anında mühitin şəklini və dəqiq GPS koordinatlarını xilasedicilərə ötürür. Yəni sistem həm öz proqramlaşdırılmış cədvəli əsasında sərbəst işləyə bilir, həm də ehtiyac anında birbaşa xilasetmə bələdçisinə çevrilir”.

 “ID SPECTRA”nın modul arxitekturası onun müxtəlif ssenarilərə uyğunlaşdırılmasına imkan verir. Komandanın hazırladığı konsepsiyaya əsasən, cihaz müxtəlif xarici sensorlarla təchiz edilə bilər.
Zəlzələ riski olan ərazilərdə seysmik sensorlar, sel təhlükəsi olan zonalarda su səviyyəsini ölçən sensorlar, dağlıq ərazilərdə isə hərəkət və zərbə sensorları sistemə inteqrasiya oluna bilər.

Bu yanaşma cihazın yalnız məlumat ötürən qurğu deyil, eyni zamanda müəyyən təhlükələri əvvəlcədən aşkarlaya bilən monitorinq platformasına çevrilməsinə imkan yaradır.

Raufun sözlərinə görə, layihəni istənilən ekstremal situasiyaya uyğunlaşdırmaq mümkündür. Çünki cihazın əsas yaranma səbəbi və missiyası məhz internetin, infrastrukturun tamamilə çökdüyü fövqəladə hallarda həyati dataları kəsintisiz ötürməkdir: “Mən həmişə deyirəm ki,  "ID SPECTRA"-nı əsl "SPECTRA" edən elə məhz fövqəladə hallardır”.

Layihənin mümkün tətbiq istiqamətləri sırasında meşə yanğınlarının monitorinqi, dağlıq ərazilərdə uçqun və sürüşmələrin izlənməsi, zəhərli qaz sızmalarının aşkarlanması, sənaye obyektlərində təhlükəli vəziyyətlərin monitorinqi və enerji infrastrukturlarının müşahidəsi də qeyd olunur.

Fövqəladə vəziyyətlər üçün nəzərdə tutulan sistemlərdə ən mühüm məsələlərdən biri komponentlərdən birinin sıradan çıxması zamanı bütün sistemin fəaliyyətinin dayanmasının qarşısını almaqdır.

“ID SPECTRA”nın arxitekturasında bu məsələ də nəzərə alınıb. Gənc mühəndis bunu belə izah edir: “Tutaq ki, problem fiziki zədədən qaynaqlanır və sensor tamamilə sıradan çıxıb; bu halda cihaz həmin sensorun məlumatlarını bloklayır, yəni qəbul etmir. Lakin ən əsası odur ki, sistem çökmür! O, digər sağlam sensorlardan məlumatları yığmağa və kəsintisiz şəkildə mərkəzə ötürməyə davam edir. Beləliklə, bircə komponentin xarab olması bütün sistemin iş prinsipini əsla poza bilməz”.
Sistemə görüntü və digər ağır məlumatların emalı üçün Linux əməliyyat sistemi ilə çalışan mini-kompüterin də inteqrasiya edildiyi bildirilir.

Layihənin daha bir üstünlüyü kimi bahalı və stasionar rabitə infrastrukturundan asılılığın azaldılması göstərilir. Bununla belə, real tətbiq zamanı radio tezliklərindən istifadə üçün müvafiq qaydalara və icazə tələblərinə əməl olunması vacibdir.
Rauf Vəlicanovun mühəndislik fəaliyyətinin diqqətçəkən istiqamətlərindən biri də radioelektronikadır. Azərbaycan Radio Həvəskarları Cəmiyyətinin fəal üzvü olan gənc mühəndis Beynəlxalq Kosmik Stansiyadan SSTV siqnallarını qəbul edib və bu fəaliyyətinə görə müxtəlif beynəlxalq sertifikatlar əldə edib.

“Bir ölkənin sıçrayışlı inkişafına ən böyük töhfəni həmişə gənc mühəndislər verir”

Rauf Vəlicanov Azərbaycanda mühəndislik sahəsində gənclərin potensialını belə qiymətləndirir: “Son illərdə Azərbaycanda mühəndislik sahəsinin necə böyük bir təkanla inkişaf etdiyini qürurla izləyirəm. Mən özüm həm də robototexnika müəllimi kimi fəaliyyət göstərirəm və dərs dediyim gənclərin nə qədər həvəsli, bacarıqlı və ən əsası nələrisə sıfırdan yaratmağa meyilli olduqlarını görürəm. Hesab edirəm ki, bu potensialı düzgün yönləndirmək üçün ölkədə davamlı fəaliyyət göstərən gənc mühəndislik klubları yaradılmalıdır. Bundan əlavə, elə innovativ şirkətlər və mərkəzlər qurulmalıdır ki, onların əsas missiyası sırf sənaye və mülki əhəmiyyətli, insanların həyatını xilas edən və asanlaşdıran real layihələr istehsal etmək olsun. Əgər biz bu ekosistemi qura bilsək, əminliklə deyə bilərəm ki, qısa zamanda Qafqazın ən mütərəqqi və inkişaf etmiş mühəndislik məktəbi məhz Azərbaycanda formalaşacaq. Dünyanın müxtəlif ölkələrində olanda bir reallığı müşahidə etmişəm ki, istənilən ölkənin sıçrayışlı inkişafına ən böyük töhfəni həmişə gənc mühəndislər verir. Çünki biz gəncik, beynimiz qəliblərə salınmayıb və daim yeni, cəsur ideyalara açığıq. Vaxtilə illərini bu sahəyə vermiş təcrübəli bir elektronika mühəndisi mənə çox dəyərli bir söz demişdi: "Dünya qurub yaratmaqla və tikib bünövrə qoymaqla inkişaf edir." Bu, doğrudan da hər bir gəncin, hər bir gələcək mühəndisin bilməli olduğu fəlsəfədir”. 

Uğurun düsturu:öyrənmək, yaratmaq və uğursuzluqdan qorxmamaq

İstedadlı gəncimiz Azərbaycan mühəndislərinin beynəlxalq səviyyədə rəqabət aparmaq potensialının yüksək olduğunu düşünür: “Bizim, məsələn, Çində və ya dünyanın hər hansı başqa bir ölkəsində fəaliyyət göstərən mühəndisdən heç bir fərqimiz yoxdur. Aradakı yeganə fərq insanın öz üzərində necə işləməsi və özünü necə inkişaf etdirməsidir. Əgər siz davamlı olaraq özünüzü inkişaf etdirirsinizsə, dünyanın hər yerində yaxşı mühəndissiniz. Necə ki, bu gün dünyanın bir çox qabaqcıl texnologiya mərkəzlərində azərbaycanlı mühəndislər çox böyük töhfələr verirlər. Mühəndislik coğrafiya və sərhəd tanımır”.

Gənc mühəndisin fikrincə, uğurun əsas şərtlərindən biri də uğursuzluqdan qorxmamaqdır: “Sonda bütün gənc həmkarlarıma demək istəyirəm ki,  biz sadəcə nəyisə oxuyub öyrənməklə kifayətlənməməliyik. Böyük ideyalar və innovasiyalar çoxlu uğursuz sınaqlar nəticəsində ərsəyə gəlir. Siz bəzən 9 dəfə uğursuzluqla üzləşməlisiniz ki, 10-cu cəhddə gözlədiyinizdən də möhtəşəm bir uğur əldə edəsiniz. Daim öyrənməyə, öyrətməyə və cəhd etməyə açıq olun”.

Bir düymə, bir siqnal, bir həyat:
Bir düymə, bir siqnal, bir həyat: