Kod yazmaq həvəsi onu TÜBİTAK-a apardı
İkinci kurs tələbəsi Tuncay Qafarlı üçün bu yay istirahət xatirələri ilə yadda qalmayacaq. O, Ankarada həm TÜBİTAK-ın (Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası) layihəsi üzərində işləyəcək, həm də gələcəyin texnologiyaları hesab olunan qrafika mühəndisliyi və hərəkətin tutulması (“Motion capture”) sahəsində təcrübə qazanmağa çalışacaq. Maraqlısı isə budur ki, bu yol onun aylarla üzərində işlədiyi şəxsi layihəsindən başlayıb.
“Azərbaycan müəllimi” Türkiyə–Azərbaycan Universitetinin (TAU) “Kompüter mühəndisliyi” ixtisasının ikinci kurs tələbəsi Tuncay Qafarlı ilə həmsöhbət olub.
2024-cü ildə 646 balla TAU-ya qəbul olan Tuncay hazırda yalnız dərsləri ilə kifayətlənmir. O, 2025-ci ilin oktyabr ayından universitetin kompüter laboratoriyalarında texniki assistent kimi çalışır və paralel olaraq proqramlaşdırma, qrafika mühəndisliyi və simulyasiya texnologiyaları üzərində işləyir.
Tuncayın sözlərinə görə, proqramlaşdırmaya marağı uşaqlıqdan başlayıb. Ancaq onu kod yazmaqdan daha çox proqramlaşdırma dillərinin daxili quruluşu və işləmə mexanizmi maraqlandırıb: “Uşaqlıqdan proqramlaşdırma dillərinə çox həvəsli olmuşam. Amma mənim əsas marağım hər hansı bir məsələni kodlaşdırmaqdan daha çox bu dillərin necə işlədiyini və hansı arxitekturalarda istifadə olunduğunu öyrənmək idi”, – deyə o bildirir.
Məhz bu maraq onu öz proqramlaşdırma dili üzərində işləməyə gətirib çıxarıb. Tuncay qış tətilindən başlayaraq yay aylarınadək iki məşhur proqramlaşdırma dilinin ortaq xüsusiyyətlərini birləşdirən, modul sisteminə əsaslanan və özünün yazdığı kitabxanalardan ibarət bir layihə hazırlayıb. Bu kitabxanalara səs, vizual və qrafik kitabxanaları daxildir. Ən böyük dönüş nöqtəsi isə qrafik kitabxanası olub. Tələbə burada 2D və 3D əməliyyatlar, eləcə də oyun və simulyasiya sistemlərində istifadə olunan müxtəlif qrafik mühəndisliyi alqoritmlərini hazırlayıb.
“Mən bu kitabxananı 2-3 aya yazıb tamamladım. Mümkün qədər həm köhnə, həm də yeni sistemlər üçün ən optimal texnoloji seçimlərdən istifadə etməyə çalışdım”, – deyə Tuncay qeyd edir.
Hazırladığı qrafik kitabxanasını sınaqdan keçirmək üçün o, dron simulyasiyası layihəsi üzərində işləyib. Bu ideyanı ona müəllimi, Orta Doğu Texniki Universitetindən (ODTU) TAU-ya gələn professor Ahmet Coşar təklif edib: “Müəllimim demişdi ki, bu layihə ilə həm kitabxananı yüksək səviyyədə sınaqdan keçirə, həm də dron sənayesi istiqamətində təcrübə qazana bilərəm”.
Dron simulyasiyasından sonra universitetdə laboratoriya təhlükəsizliyi ilə bağlı müzakirələr başlayıb. Məhz bu mərhələdə Tuncayın qrafik proqramlaşdırması sahəsindəki bacarıqları yeni bir ideyanın əsasına çevrilib.
Beləliklə, fizika, kimya və biologiya laboratoriyalarında baş verə biləcək riskləri əvvəlcədən müəyyən etməyə xidmət edən 3D virtual laboratoriya simulyasiyası ideyası ortaya çıxıb. Layihənin əsas məqsədi keçmişdə baş vermiş qəzaları analiz edərək onların hansı avadanlıq, hərəkət və ya şəraitdən qaynaqlandığını virtual mühitdə göstərməkdir: “Bizim burada ön plana çıxardığımız əsas məsələ risk ssenariləridir. Məqsədimiz həmin risklərin nədən qaynaqlandığını laboratoriya mühitində ətraflı şəkildə göstərməkdir”.
Layihənin dizayn hissəsi ona həvalə edilib və o, sistemi daha interaktiv etməyə çalışır. Planlaşdırılan simulyasiyada üç fərqli laboratoriya mühiti olacaq və tələbələr əvvəlcə xüsusi təlim mərhələsindən keçəcəklər: “Çalışıram ki, simulyasiyada əks etdirilən laboratoriyalar real həyata maksimum uyğun olsun ki, sonradan mümkün qədər az xəta ortaya çıxsın”, – deyə o vurğulayıb.
Məhz bu layihə Tuncayın TÜBİTAK-a gedən yolunu açıb. Onun müəllimi layihənin aktual və perspektivli olduğunu düşünərək tələbəni Türkiyədə təcrübəyə göndərmək qərarına gəlib.
İyulun 30-da Ankaraya yola düşəcək tələbə avqustun 29-dək ODTU və onun ətrafında formalaşmış texnologiya ekosistemində çalışacaq. O, xüsusilə qrafika mühəndisliyi və “Motion capture” texnologiyası ilə yaxından tanış olmağı planlaşdırır: ““Motion Capture” həm filmlərdə, həm də oyun sənayesində geniş istifadə olunur. Mən bu texnologiya ilə işləməyi öyrənmək istəyirəm, çünki bunun gələcəyin texnologiyalarından biri olduğuna inanıram”, – deyə Tuncay söyləyib.
Onun diqqətini çəkən məkanlardan biri də Ankara Texnologiya və Oyun Ekosisteminin mühüm mərkəzlərindən sayılan “Atom Games Center” olub. Tələbə hesab edir ki, belə mühitlər gənc mühəndislərin həm texniki bacarıqlarını, həm də peşəkar əlaqələrini inkişaf etdirməsinə ciddi təsir göstərir.
Ankaradan qayıtdıqdan sonra isə o, əldə etdiyi təcrübəni TAU-da tətbiq etməyi planlaşdırır: “Planım odur ki, orada gördüyüm mühit, istifadə olunan texnologiyalar və fəaliyyət göstərən şirkətlər barədə hesabat hazırlayım və onu universitetimə təqdim edim”, – deyir.
Dərslər, laboratoriya işi və şəxsi layihələr arasında balans yaratmaq isə onun üçün ayrıca bir bacarıq tələb edir. Tuncay bunun sirrini uzun saatlar işləməkdə deyil, vaxtı düzgün idarə etməkdə görür: “Mən belə düşünürəm ki, çox işləməkdən daha çox məhsuldar işləmək önəmlidir. Bu məqsədlə “Pomodoro” texnikasından istifadə edirəm. Hər tələbənin özünə uyğun öyrənmə üsulunu tapmasının çox vacibdir”.
Göründüyü kimi, bəzən tələbənin şəxsi marağı ilə başladığı kiçik layihə onu beynəlxalq elmi mühitə aparan ilk addıma çevrilə bilir.




