“İstədiyimi əldə etmək üçün layihəni dəfələrlə hazırladım" - NASA-nın azərbaycanlı layihə rəhbəri

24 İyul, 2026 - 10:41
“İstədiyimi əldə etmək üçün layihəni dəfələrlə  hazırladım"

Müsabiqə və  olimpiadalar istedadlı şagirdlərin aşkara çıxarılmasında mühüm rol oynayır, onlara dərin bilik, özünəinam və digər böyük üstünlüklər qazandırmaqla yanaşı, beynəlxalq yarışlarda iştirakını, dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanlarını əlçatan edir. Qəhrəmanımızın uğur yolu bunun bariz nümunəsidir.

"Azərbaycan müəllimi"nin növbəti istedadlı qonağı "NASA Space Apps Challenge"ın rəsmi qlobal idarəetmə heyəti (GO Team) tərəfindən 2026-cı il üzrə layihənin Azərbaycandakı rəsmi rəhbəri (Local Lead) seçilən Amil Zeynallıdır.

17 yaşlı Amil Zeynallı Bu il Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbi uğurla bitirib. Məktəb üzrə yüksək akademik göstəricilərinə görə qızıl medala namizəddir: "Hazırda ali məktəbə qəbul mərhələsindəyəm. I ixtisas qrupu olduğum üçün hələ yekun nəticə çıxmayıb. Ali təhsilimi kompüter elmləri, informasiya texnologiyaları və ya mühəndislik istiqamətində davam etdirməyi planlaşdırıram. Məqsədim universitetdə əldə edəcəyim nəzəri bilikləri indiyədək qazandığım praktiki layihə və tədqiqat təcrübəsi ilə birləşdirməkdir. Məktəb illərində formalaşdırdığım araşdırma, intizam, komanda idarəetməsi və layihə hazırlamaq bacarıqlarımı universitetdə də inkişaf etdirmək istəyirəm".

"Hər zaman qazandığım biliklərdən real problemlərin həllində necə istifadə edəcəyimi  düşünürəm" 

Məktəb illərində Amil özünü araşdırmağı sevən, daim yeni suallar verən və öyrəndiklərini təcrübədə tətbiq etməyə çalışan şagird kimi formalaşdırıb. Onun üçün təhsil yalnız dərsləri öyrənmək və yüksək qiymətlər almaqdan ibarət olmayıb: "Hər zaman qazandığım biliklərdən real problemlərin həllində necə istifadə edəcəyimi  düşünürəm. Mühəndislik, proqramlaşdırma, süni intellekt, robototexnika, pilotsuz sistemlər və ekoloji texnologiyalar sahəsində müxtəlif layihələr hazırlamışam və layihələrimlə bir çox müsabiqələrə qatılmışam".

Xüsusi bacarığı ilə seçilən məzun 2022-ci ilin sentyabr–dekabr aylarında “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən maarifləndirici sosial layihədə iştirak edib. Layihənin texniki məsələləri, media və ictimaiyyətlə əlaqələr istiqamətində fəaliyyət göstərib. Layihə uğurla tamamlandıqdan sonra sertifikatla təltif olunub.
2024-cü ilin aprel ayında “Sabahın alimləri” XIII Respublika Layihə Müsabiqəsinin final mərhələsində mühəndislik nominasiyası üzrə iştirak edib. Sualtı ərazilərdə kəşfiyyat və müşahidə aparılması üçün tam funksional dron hazırlayıb. Layihənin texniki dizaynını, elektron sxemlərini, proqram təminatını, mexaniki hissələrini və bütün sınaqlarını müstəqil şəkildə həyata keçirib. Müsabiqədə Amil Zeynallı respublika üzrə III yerə layiq görülərək elm və təhsil naziri Emin Əmrullayev tərəfindən medal və diplomla təltif olunub.

O, 2024-cü ilin noyabr ayında "Oxford Saïd Climate Challenge" beynəlxalq proqramında iştirak edib. Proqram çərçivəsində meşə yanğınlarının erkən aşkarlanması və söndürülməsi üçün texnoloji sistem hazırlayıb. Layihənin sistem dizaynı, texniki idarə olunması, proqramlaşdırılması, təqdimat materiallarının hazırlanması və təqdim edilməsi ilə məşğul olub. Amil qeyd edir ki, bu proqram ona iqlim dəyişikliyi probleminə daha geniş baxış bucağından yanaşmaq və ekoloji problemlərə texnoloji həllər hazırlamaq istiqamətində mühüm təcrübə qazandırıb. Proqramdakı fəaliyyətinə görə Oksford Universiteti tərəfindən sertifikatla təltif olunub.

2025-ci ilin yanvar ayında "EcoWatch360" layihəsi ilə InnoStart Startup Hackathon-da iştirak edib: "Layihə yaşayış və xüsusi təyinatlı obyektlərdə yanğın və digər təhlükələrin aşkarlanması, sistemə bildirilməsi və mümkün müdaxilə mexanizmlərinin yaradılması üçün hazırlanmışdı. Layihənin texniki rəhbərliyini və sistem təminatı hissəsini idarə etmişəm. Layihə uğur qazanaraq 10 000 AZN dəyərində inkubasiya proqramına dəvət alıb".

Həmsöhbətim 2025-ci ilin mart ayında “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin final mərhələsinə yüksəlib və həmin il hava və su üzərində hərəkət edə bilən, 360 dərəcə fırlanan su püskürtmə mexanizminə malik yanğınsöndürmə dronu hazırlayıb: "Layihədə ESP32-CAM, OpenCV, servo mexanizmlər və müxtəlif texniki dizayn həllərindən istifadə etmişəm. Sistemin texniki və proqram təminatını özüm hazırlamışam. Final mərhələsində iştirak etdiyimə görə sertifikatla təltif olunmuşam".

Gəncimiz 2026-cı ildə növbəti dəfə “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsində mühəndislik istiqaməti üzrə iştirak edib. Peyk məlumatları və süni intellektdən istifadə etməklə meşə yanğınlarının aşkarlanması və söndürülməsi əməliyyatlarının idarə olunmasına yönəlmiş sistem hazırlayıb: "Layihədə Raspberry Pi, YOLOv8 süni intellekt modeli, servo mexanizmlər və müxtəlif texniki dizayn həllərindən istifadə etmişəm. Sistem üçün xüsusi yanğın məlumat bazaları yaratmış və yeni süni intellekt həlləri hazırlamışam. Layihənin texniki və proqram təminatını müstəqil şəkildə həyata keçirmişəm. Müsabiqədə respublika üzrə yenidən III yerə layiq görülərək elm və təhil naziri Emin Əmrullayev tərəfindən medal və diplomla təltif olunmuşam".

“Müəllimlərimin, elmi rəhbərlərimin inkişafımda mühüm rolu olub”

Amil Zeynallı hesab edir ki, insanın şəxsi zəhməti və iradəsi əsas olsa da, uğura gedən yolda ona inanan ailənin, müəllimlərin və düzgün istiqamət göstərən insanların olması böyük əhəmiyyət daşıyır: "Ən böyük beynəlxalq nailiyyətlərimdən biri isə bu ilin iyul ayında "NASA Space Apps Challenge" layihəsinin Qlobal Təşkilat Komandası — GO Team tərəfindən "Azerbaijan 2026" tədbirinin rəsmi yerli rəhbəri (Official Local Lead) seçilməyimdir. Ailə köklərimin bağlı olduğu Qubadlı rayonu və Padar kəndi mənim üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Qazandığım hər bir nailiyyətdə yalnız özümü deyil, dogma rayonumu da  layiqincə təmsil etməyə çalışıram.

Uğurlarımda ən böyük dəstəyi ailəmdən almışam. Müəllimlərimin, elmi rəhbərlərimin və Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin rəhbərliyinin də inkişafımda mühüm rolu olub. Onlar ideyalarımı dinləyib, müxtəlif müsabiqələrdə iştirak etməyim üçün mənə istiqamət və şərait yaradıblar".

Onu NASA ilə əlaqələndirən uğur yolu 

Amilin sözlərinə görə, onu "NASA Space Apps Challenge" layihəsinə gətirən yol bir gündə yaranmayıb. Bu yol məktəb illərində mühəndislik, proqramlaşdırma, pilotsuz sistemlər, süni intellekt, iqlim dəyişikliyi və kosmos texnologiyalarına göstərdiyi maraqla başlayıb: "2024-cü ildə hazırladığım sualtı kəşfiyyat dronu mənə mürəkkəb texnoloji sistemlərin hazırlanması sahəsində ilk böyük təcrübəmi qazandırdı. Daha sonra diqqətimi ekoloji problemlərə, xüsusilə meşə yanğınlarının aşkarlanması və söndürülməsinə yönəltdim. "Oxford Saïd Climate Challenge" proqramında iştirakım bu istiqamətdə düşüncələrimin daha da formalaşmasına kömək etdi. Proqram zamanı iqlim dəyişikliyinə yalnız ekoloji problem kimi deyil, texnologiya, mühəndislik və məlumat analitikası vasitəsilə həll edilə biləcək qlobal problem kimi yanaşmağı öyrəndim. 2025 və 2026-cı illərdə hazırladığım yanğınsöndürmə dronları, süni intellekt sistemi, yanğın məlumat bazaları və peyk məlumatlarından istifadə istiqamətində apardığım tədqiqatlar məni NASA-nın açıq məlumatları və elmi resursları ilə daha yaxından tanış etdi.

NASA-nın peyk məlumatlarının yalnız kosmosun öyrənilməsi üçün deyil, Yer kürəsində baş verən iqlim dəyişikliklərinin, meşə yanğınlarının və digər təbii hadisələrin araşdırılması üçün də istifadə edilməsi məndə böyük maraq yaratdı.

Daha sonra "NASA Space Apps Challenge" layihəsini yaxından araşdırmağa başladım. Bu platformanın dünyanın müxtəlif ölkələrindən olan proqramçıları, mühəndisləri, alimləri, dizaynerləri və gənc tədqiqatçıları NASA-nın açıq məlumatları əsasında real problemlərə həll hazırlamaq üçün bir araya gətirməsi məni xüsusilə cəlb etdi.İllər ərzində qazandığım layihə, tədqiqat, təqdimat və təşkilatçılıq təcrübəsinə əsaslanaraq düşündüm ki, bu tədbirin Azərbaycanda yüksək səviyyədə təşkilinə töhfə verə və ölkəmizin istedadlı gənclərini beynəlxalq innovasiya platformasında bir araya gətirə bilərəm.

"NASA Space Apps Challenge" rəsmi rəhbəri seçimi klassik formada keçirilən test və ya birbaşa yarış deyildi. Namizədlər tədbirin rəsmi platforması vasitəsilə xüsusi müraciət formasını doldururdular.

Müraciətdə elm və texnologiya sahəsindəki fəaliyyətim, hazırladığım layihələr, müsabiqə və təşkilatçılıq təcrübəm, tədbiri Azərbaycanda necə təşkil etməyi planlaşdırdığım, iştirakçıların cəlb edilməsi, təşkilat komandasının yaradılması, tərəfdaşlarla əməkdaşlıq, mentor və münsiflərin müəyyənləşdirilməsi haqqında ətraflı məlumat təqdim etdim.

Müraciətlər "NASA Space Apps Challenge" layihəsinin Qlobal Təşkilat Komandası (GO Team) tərəfindən qiymətləndirilirdi. Hər yerli tədbir üzrə bir əsas rəhbər təsdiq edildiyi üçün seçim prosesi mənim üçün həm məsuliyyətli, həm də həyəcanlı idi".

Təəssüratlarını, keçirdiyi hissləri bizimlə paylaşan Amil bildirir ki, iyulun 8-də rəsmi təsdiq məktubunu alıb. "Məktubu ilk dəfə oxuduqda böyük sevinc və qürur hissi keçirdim. Hətta məlumatı tam dəqiqləşdirmək üçün məktubu bir neçə dəfə yenidən oxudum.
Bu nəticənin arxasında uzunmüddətli zəhmət və davamlı çalışma dayanırdı.

Doğma rayonumun və kəndimin adının "NASA Space Apps Challenge" kimi qlobal innovasiya platforması ilə yanaşı səslənməsi mənim üçün ayrıca qürur mənbəyidir: “Bu seçimi yalnız şəxsi uğurum kimi deyil, Azərbaycan gəncləri üçün yaradılmış yeni imkan kimi qiymətləndirirəm. Rəsmi yerli rəhbər kimi əsas məqsədim məktəbliləri, tələbələri, proqramçıları, mühəndisləri, dizaynerləri və gənc tədqiqatçıları bir araya gətirmək, onların NASA-nın açıq məlumatlarından istifadə edərək real problemlərə innovativ həllər hazırlamasına şərait yaratmaqdır. Bu vəzifə mənim üzərimə təşkilat komandasının formalaşdırılması, iştirakçıların cəlb edilməsi, məkanın müəyyənləşdirilməsi, tərəfdaş və sponsorlarla əməkdaşlıq, mentor və münsiflərin dəvət olunması, yerli qiymətləndirmənin təşkili və tədbirin yüksək səviyyədə keçirilməsi kimi böyük məsuliyyətlər qoyur.Ən böyük arzum Azərbaycanda hazırlanacaq layihələrdən birinin qlobal qiymətləndirmə mərhələsində yüksək nəticə göstərməsi və ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməsidir".

“Real problemləri həll edən texnoloji məhsullar və startaplar yaratmaq istəyirəm” 

Amil Zeynallı C, C++ və "Python" proqramlaşdırma dilləri ilə işləyir, "Raspberry Pi", "Arduino", ESP32, kameralar, sensorlar, servo mexanizmlər və digər elektron qurğular əsasında müxtəlif prototiplər hazırlayır, qrafik dizayn, Adobe proqramları, 3D modelləşdirmə, veb-sayt hazırlanması və vizual təqdimatların yaradılması ilə maraqlanır. Boş vaxtlarında isə yeni texnologiyaları araşdırır, elmi materiallara baxır, layihə ideyaları üzərində düşünür və müxtəlif texniki prototiplər hazırlayır: "Mənim üçün öyrənmək və layihə hazırlamaq ən sevdiyim məşğuliyyətdir.

Əsas hədəfim ali təhsil almaq, daha dərin biliklər qazanmaqdır. "NASA Space Apps Challenge Azerbaijan 2026" tədbirini yüksək səviyyədə təşkil etmək və Azərbaycan komandalarının qlobal mərhələdə uğur qazanmasına nail olmaq əsas məqsədlərimdən biridir.

Gələcəkdə elmi araşdırmalarla yanaşı, real problemləri həll edən texnoloji məhsullar və startaplar yaratmaq istəyirəm. Xüsusilə ekologiya, meşə yanğınları, fövqəladə hallar, təhlükəsizlik, süni intellekt və fiziki məhdudiyyətli şəxslər üçün köməkçi texnologiyalar istiqamətində fəaliyyət göstərməyi planlaşdırıram.

Azərbaycanı beynəlxalq elm, kosmos və innovasiya platformalarında layiqincə təmsil etmək, qazandığım bilik və təcrübəni digər gənclərlə bölüşmək istəyirəm.

Eyni zamanda, yalnız özümün uğur qazanmasını deyil, digər istedadlı Azərbaycan gənclərinin də inkişafına, layihələrinin həyata keçirilməsinə və beynəlxalq platformalara çıxmasına dəstək göstərməyi qarşıma məqsəd qoymuşam".

Uğurun əsas formulu maraq, zəhmət, səbir…

Amil söhbətimizin sonunda vurğulayır ki, uğurun sirri yalnız istedadda deyil. Əsas məsələ daim öyrənmək, intizamlı çalışmaq, qarşıya məqsəd qoymaq və uğursuzluqlar qarşısında geri çəkilməməkdir: "Hazırladığım layihələrin ilk sınaqları hər zaman uğurlu alınmayıb. Bəzən sistem işləməyib, bəzən texniki imkanlar məhdud olub, bəzən isə istədiyim nəticəni əldə etmək üçün layihəni dəfələrlə yenidən hazırlamışam. Lakin hər bir uğursuz sınağa məğlubiyyət kimi deyil, növbəti mərhələdə hansı səhvi düzəltməli olduğumu göstərən təcrübə kimi yanaşmışam.Fikrimcə, uğurun əsas formulu maraq, zəhmət, səbir, düzgün istiqamət və davamlılıqdır. Fikrimcə, uğurun əsas formulu maraq, zəhmət, səbir, düzgün istiqamət və davamlılıqdır. İnsan məqsədinə doğru hər gün kiçik də olsa bir addım atırsa, gec və ya tez nəticə əldə edir".