Birincilər burada yetişirlər – Ucar məktəbindən REPORTAJ
Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinə səhər saatlarında daxil oluruq. Həyətə doğru irəlilədikcə binanın yeni olması, fasadın səliqəsi və həyətdəki nizam diqqəti cəlb edir. Məktəbin tarixinin 1958-ci ildən başladığını, 1960-cı ildə istifadəyə verildiyini bilirəm, lakin rəhbərlikdən aldığım məlumata görə, 2025-ci ilin martında başlanan yenidənqurma prosesi həmin ilin dekabrında tam başa çatıb və 2026-cı ilin yanvarından şagirdlər artıq yeni binada təhsil alırlar. Bu, təhsil müəssisəsi üçün yalnız tikinti deyil, daha funksional mühit deməkdir.
Üçmərtəbəli, beş korpusdan ibarət məktəb binasında kimya, fizika, biologiya laboratoriyaları, kompüter sinifləri, kitabxana, idman zalı, akt zalı, yeməkxana və bufet yerləşir. Həyətdə daha bir idman meydançası mövcuddur. Bu infrastruktur mənzərəsi məktəbin bir vaxtlar ikimərtəbəli binada sıx şəkildə fəaliyyət göstərdiyi dövrün artıq geridə qaldığını göstərir.
Məktəbin direktoru Tamara Mirişli bizi qarşılayır. O, 2011–2020-ci illərdə Şahlıq kənd tam orta məktəbində əvvəlcə müəllim kimi fəaliyyət göstərib, daha sonra məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edib. 2020-ci ildə həmin məktəbə direktor təyin olunub.
2023-cü il 15 aprel tarixində yerdəyişmə əsasında Ucar şəhər 5 nömrəli tam orta məktəbindən 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin olunub. Rayonun ən böyük təhsil müəssisələrindən birinə rəhbərlik etmək ona həm geniş məsuliyyət, həm də idarəçilik bacarıqlarını daha sistemli şəkildə tətbiq etmək imkanı verib. O, məktəbin modern təhsil istiqamətləri, layihələr və şagird nailiyyətləri üzrə inkişafını prioritet seçərək fəaliyyətini davam etdirir. 2025-ci ilin mart ayında tikintisinə başlanmış yeni məktəb binası cəmi doqquz ay ərzində tam hazır olub və 2026-cı ilin yanvarında istifadəyə verilib.
Direktor bizi otaqlarla tanış edərək məlumat verməyə başlayır. “Məktəbimiz 720 yerlik, üçmərtəbəli, beş korpusdan ibarət müasir təhsil kompleksidir. 658 şagirdimiz təhsil alır. Kimya, fizika və biologiya laboratoriyaları, kompüter otaqları, kitabxana, geniş idman zalı, akt zalı, yeməkxana – hər şey şagirdlərimizin rahatlığı və inkişafı üçün nəzərdə tutulub”.
Məktəbdə istilik sistemi qazanxana vasitəsilə idarə olunur, bütün korpus tam şəkildə isinmə təminatına malikdir. Foye hissəsində 720 şagirdin istifadə edə biləcəyi qarderob quraşdırılıb. “Məktəbin daxili və xarici ərazisinə kamera ilə nəzarət edilir. Məktəb təhlükəsiz, müasir və uşaqlar üçün cəlbedici bir məkandır”, - deyə Tamara müəllim bildirir.
Müəllimlərlə söhbət: Uğurların arxasında dayananlar
Reportaj zamanı məktəbdə yüksək nəticələri ilə seçilən bəzi müəllimlərlə də tanış oluram. İlk olaraq informatika və rəqəmsal bacarıqlar üzrə uğurları ilə regionda tanınan Günel Əliyeva ilə görüşdük.
O, “Rəqəmsal gələcəyə addım” kod saatı müsabiqəsində şagirdlərinin qazandığı respublika birinciliklərindən fəxrlə danışır:
“Kamil və Məlahətin respublika birincisi olması təsadüfi deyil. Biz burada yalnız proqramlaşdırma öyrətmirik, məntiq, analitik təfəkkür və rəqəmsal düşüncə formalaşdırırıq”.
Onun sözlərindən anlamaq olur ki, məktəbin informatikası artıq ənənəvi deyil, yeni dövrün tələblərinə cavab verən STEAM əsaslı tədrisə çevrilib. Daha sonra STEAM layihələrinin rəhbəri Afaq Hüseynova ilə söhbətləşdik. O, Beynəlxalq STEAM Azərbaycan Festivalında komandasının finala çıxmasını belə izah edir: “Komandamız – Arif, Zeynəb və Əli öz işlərini sanki gələcəyin mühəndisləri kimi təqdim etdilər”.
Məktəbin imtahan nəticələri: Uğurun rəqəmsal tərəfi
Direktor imtahan nəticələri barədə danışanda daha da qürurlanır: “Təkcə 2025-ci ilin buraxılış imtahanlarında 14 nəfər 200-dən çox bal topladı. 9-cu sinif şagirdi Rəna Əliyeva rayon birincisi oldu. Rus bölməsi üzrə oxuyan Nazilə Əliyeva 659 balla BDU-nun Hüquqşünaslıq fakültəsinə daxil oldu”.
Məktəbin ən böyük qürurlarından biri isə 2-ci ixtisas qrupu üzrə respublika birincisi olan Fuad Cənnətovdur. O, 674 balla Bakı Ali Neft Məktəbinə qəbul olunub və Prezident təqaüdünə layiq görülüb. Bu uğur məktəbə rəsmi təşəkkürnamə də gətirib.
Şagirdlərlə görüş: Gələcəyin hədəfləri
Məktəbin dəhlizində şahmat lövhələri ilə məşğul olan şagirdlərlə rastlaşıram və onlardan biri – artıq respublika çempionu olan Ayhan Cabbarlı ilə söhbət edirik.
“7 oyunun hamısını qazanmaq məsuliyyət idi”, - deyən Ayhan sakit, qürurlu baxışlarla bizə öz uğurlarından danışır.
Onun parlaq nəticələri təkcə məktəbin deyil, bütün Mərkəzi Aran regionunun fəxrinə çevrilib.
Daha sonra stronqmen üzrə Azərbaycan çempionu Məhəmməd Əhmədovla görüşdük. O, 52 kq çəki dərəcəsində respublika birincisi olub.
“İdman mənə iradə və məsuliyyət öyrədib. Məktəb isə mənə inanmağı”, - deyir.
Bununla məktəbin idman sahəsində də nə qədər güclü ənənəyə malik olduğu görünür.
Məktəbdə keçirdiyimiz bir neçə saat ərzində müşahidə etdiyimiz nüanslara əsasən deyə bilərik ki, burada infrastrukturun yenilənməsi tədrisin keyfiyyətinə texniki şərait yaradır, lakin nəticələrin yaxşı olması müəllim heyətinin gündəlik əməyinin göstəricisidir.
Bu məktəbin nümunəsi göstərir ki, təhsil müəssisəsinə qoyulan investisiya yalnız binanın təmirinə deyil, şagirdlərin həyat yollarına təsir edən uzunmüddətli prosesə çevrilir.



