Biz buranın ilk şagirdləriyik – Yeni açılan Kərkicahan məktəbindən REPORTAJ
Azad olunmuş ərazilərimizdə fəaliyyətə başlayan təhsil ocaqları təkcə maddi infrastruktur deyil, eyni zamanda gələcəyə olan inamın və dirçəlişin rəmzidir. Bu müəssisələr ölkənin inkişafı üçün peşəkar kadrların yetişdirilməsində mühüm rol oynayacaq.
"Azərbaycan müəllimi"nin budəfəki reportajı da belə təhsil müəssisələrindən biri - yenicə tədrisə başlayan Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbindəndir.
Kərkicahana ilk gəlişimizdir. Ancaq yollar yad deyil. Çünki dəfələrlə illərin acısını, həsrətini özündə saxlayan bu yollardan keçib azadlığın havası ilə çırpınan torpaqlara getmişik. Hər gəlişimizdə daha çox abadlıq işlərinin görülməsinin şahidi oluruq. Yaddaşımızın bir tərəfinə həkk olan o viran edilmiş torpaqların indi gülüstana dönməsini, dirçəlişini hər addımbaşı hiss edirik. Kərkicahan da dirçəlişini ilk köçlə - 30 ailə, ümumilikdə 115 sakinlə qarşılayıb.
Yenicə fəaliyyətə başlayan məktəb, dərsə tələsən şagirdlər
Bir neçə saat davam edən yoldan sonra məkana çatırıq. Artıq hava işıqlanıb. Küçələr valideynlərini sorğu-suala tutan körpələrlə dolur. Çiyinlərində övladının çantasını daşıyan valideynlər isə səbirlə bu sualları cavablandırır, bir az da ləngisələr, dərsə gecikəcəklərini deyirlər.
Məktəbə yaxınlaşdıqca şagirdlərin sayı artır. Bir-biri ilə salamlaşır, binaya daxil olurlar.
Bayaq da qeyd etdiyim kimi, yeni fəaliyyətə başlayan bu tədris ocağı 624 şagird yerlikdir. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana mövcuddur.
Dərslər başlayıb. Sinif otaqlarından birinin qapısını döyürük. Rus dili dərsidir.
Müəllim Tehran İbrahimlidən icazə alıb, dərsdə iştirak etmək istədiyimizi bildiririk. Tehran müəllim "məmnuniyyətlə" deyib, razılaşır.
Şagirdlərdə motivasiyanı məcburiyyət yox, münasibətlə formalaşdırırıq
T.İbrahimli Gəncədə doğulub. Gəncə Dövlət Universitetində “Rus dili müəllimliyi” ixtisasını bitirib. Əslən Xocalıdandır. Hazırda Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbdə rus dili fənnini tədris edir.
Amma sinifdəki şagirdlərdə nədənsə dərs həyəcanı hiss edilmir. Bunu duyan müəllim qısaca səbəbini izah edir: “Hə, yəqin sizə də “dərsə kim hazırdır?" sualını verməməyim maraqlı gəldi. Tədris ocağımız cəmi bir neçə gündür ki, fəaliyyətə başlayıb. Hər bir şagird, eləcə də müəllim fərqli mühitlərdən buraya gəlib, birləşib. Çalışırıq ki, adaptasiya prosesində bir-birimizə dəstək olaq. Əsas məqsədimiz məktəbi uşaqlara təhlükəsiz, səmimi mühit kimi tanıtmaq, onlara “Tək deyilsiz, hər zaman yanınızdayıq” mesajını verməkdir.
Burada təkcə şagirdlərlə deyil, müəllimlər də mehribanıq. Şagirdlərdə motivasiyanı məcburiyyət yox, münasibətlə formalaşdırırıq.
Adaptasiya mərhələli şəkildə aparılır, tədris prosesində dərs yükü nisbətən azaldılır, şagirdlərə fərdi yanaşırıq. Təbii ki, ilk günlər fərqli emosiyalar, tez yorulma, bəzən sakitlik hökm sürür. Bunlar keçici bir mərhələdir. Müəllim-şagird münasibətləri tənzimləndikcə bu proseslər də öz həllini tapır".
Müsahibim 9 aydan çoxdur ki, Xocalı rayonunun Ballıca kəndində məskunlaşıb. Duyğularını, yaşadıqlarını fəxrlə danışır:
"Fəaliyyətimi azad olunmuş torpaqlarda davam etdirməyin sevincini, qürurunu hansı formada, hansı vurğu ilə desəm də, bunu ifadə edə bilmərəm".
Tehran müəllim deyir ki, bu tədris ocağında gələcəyə inamlı, fikrini açıq izah edən, Vətənə bağlı, dünyaya açıq fərdlər yetişdirmək əsas məqsəddir.
"Hər cür şəraiti olan, yüksək standartlara cavab verən məktəbimiz var. Təkcə müəllim olaraq deyil, kollektiv olaraq məqsədimiz birlikdə addımlamaq, hədəfimizə nail olmaqdır".
Həmsöhbətimlə yekunlaşıb, binanı gəzirik.
Dəhlizdə Bilqeyis Əliyeva ilə söhbəti davam etdiririk. O, Mingəçevir şəhərində anadan olub. Ali təhsilini Mingəçevir Dövlət Universitetində alıb. Magistratura təhsilini də elə bu ali təhsil ocağında davam etdirir. Sertifikatlaşdırma imtahanında 57 bal toplayan Bilqeyis müəllim ilk pedaqoji fəaliyyətinə Ağdam rayonu 23 nömrəli tam orta məktəbdə başlayıb.
Bu peşəni seçəndə məsuliyyətini, fərqlililiyini də dərk edib seçmişik
"Artıq fəaliyyətimi bax gördüyünüz, üzərində addımladığınız torpaqda - doğma balalarını qarşılayan Kərkicahanda informatika fənni üzrə davam etdirirəm.
Xankəndi, onun təbiəti, tarixi haqqında məlumatlı idim. Ancaq Kərkicahanla bağlı məlumatları həyat yoldaşımın, qayınanamın, evdəkilərin söhbətindən öyrənmişəm.
Həyat yoldaşım Elxan Əliyev Kərkicahan sakinidir. Bir məlumatı qeyd edim ki, həyat yoldaşımın babası Sadıx Əliyev 55 il Kərkicahan qəsəbəsi 6 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb".
Vaxtilə gözlərdəki qəmdə torpaq nisgili gördüklərini deyən Bilqeyis müəllim indi hər şeyin dəyişdiyini, doğma torpaqda olduqlarını deyir.
"Müəllimlik şərəfli peşədir. Bu peşəni seçəndə məsuliyyətini, fərqlililiyini də dərk edib seçmişik. Keyfiyyətli təhsil üçün məktəbdə bütün şərait yaradılıb. Yeni gələndə bir-birimizi tanımırdıq. Kollektivlə bir amal uğrunda birləşib addımladıq. Şagirdlərə təkcə elm öyrətmək deyil, onlarda azərbaycançılıq ideologiyasını, Vətən sevgisini aşılmaq ən vacib məsələlərdəndir".
Müsahibim fikrini yekunlaşdırıb müəllimlər otağına yol alır.
Bu torpaqlarda təhsil almaq gələcəyə ümidlə baxmaq deməkdir
Zəng vurulur. Sakit dəhliz sinif otaqlarından çıxan şagirdlərin səsləri ilə dolur. Məktəbin açılış mərasimindəki rəqsindən, milli geymindən həvəslə danışan şagird və onu heyranlıqla dinləyən yoldaşlarına yaxınlaşıram. Öyrənirik ki, Nuray Məmmədova 7-ci sinif şagirdidir. Oğuz rayon Həbib Babayev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Hazırda isə Kərkicahanda təhsilinə davam edir. Nurayın iki dayısı Birinci Qarabağ müharibəsində şəhid olub, biri isə qazidir.
"Hər şey yenidir: siniflər, müəllimlər, məktəbin havası…Bu yeniliklər məndə həm həyəcan, həm də böyük bir məsuliyyət yaradır. Çünki bu torpaqlarda təhsil almaq gələcəyə ümidlə baxmaq deməkdir. Yeni məktəbimiz hələ təzə açılıb və biz bu məktəbin ilk şagirdləriyik, bundan qürurlanırıq".
İnandığım dəyərlərlə, aldığım təhsillə və əzmimlə bu hədəfimə çatacağıma inanıram
Necə gözəl, səlis ifadə edir düşüncələrini. Gələcəkdə hüquqşünas olmaq istədiyini deyir. İnsanların haqqını qorumağın, ədaləti müdafiə edən bir insan olmağın ən böyük məqsədlərindən olduğunu deyir: "İnandığım dəyərlərlə, aldığım təhsillə və əzmimlə bu hədəfimə çatacağıma inanıram".
Azad torpaqlarda yetişən azad gənclik
Nuraydan sonra 8-ci sinifdə təhsil alan Melisa Quluzadə də məktəbdə onlar üçün gözəl şərait yaradıldığını deyir. O, əvvəllər Goranboy rayon aşağı Ağcakənd qəsəbəsi 4 nömrəli tam orta məktəbdə oxuyub. Yeni məktəbinə öyrəşməyin çətin olmayacağını bildirir.
"Kərkicahanda təhsilimi davam etdirirəm. Yeni şagird yoldaşlarım, müəllimlərim var. Müəllimlər bizə qayğı ilə yanaşır, günün istənilən vaxtında onlara müraciət edə biləcəyimizi deyirlər.
Hələ təzə tanış olsaq da, bir-birimizə dəstək olur, kömək göstərməyə çalışırıq. Bəlkə də elə buna görə gələcəkdə həkim olmaq istəyirəm. Dəstək olmaq, Vətənimə layiqli övlad olmaq üçün".
Azad torpaqlarda azad gənclik yetişir. Sözünü, özünü ifadə edə bilən, məqsədlərlə yaşayan gənclik.
Həyətə düşürük, Kərkicahanın yenilik qarışıq havasını almağa, qaynayan həyata baxmağa.



