BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük tədbir keçiriləcək – Dmitri Şlapaçenko
BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin keçirilməsi planlaşdırılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.
Tezliklə Qarabağa səfər edəcəyini bildirən Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və "orta güc" dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıb. Bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladıb.
Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirdi, bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxundu.
Minalar problemini qeyd edən Dmitri Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu dedi.




