BMU beynəlxalq akademik konsorsiumuna üzv olub

19 Oktyabr, 2026 - 12:10
BMU beynəlxalq akademik konsorsiumuna üzv olub

Bakı Mühəndislik Universiteti (BMU) beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat əlaqələrinin inkişafı və innovativ mühəndislik həllərinin təşviqi istiqamətində mühüm addım ataraq Bir Kəmər, Bir Yol Memarlıq Universitetləri Beynəlxalq Konsorsiumuna (BRAUIC) üzv qəbul edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, oktyabrın 16-19-da Çin Xalq Respublikasının Cinan şəhərində Şandun İnşaat Universitetinin ev sahibliyi ilə keçirilən BRAUIC-in 10-cu beynəlxalq konfransı və forumu çərçivəsində BMU-nun konsorsiuma üzvlüyü ilə bağlı niyyət anlaşması imzalanıb. 

Konsorsiuma üzvlük BMU üçün birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramların inkişafı, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, eləcə də müasir mühəndislik, memarlıq və şəhərsalma sahələrində beynəlxalq təcrübənin öyrənilməsi baxımından yeni imkanlar yaradır.

Tədbirdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül qlobal tərəfdaşlıqların, innovasiyaların və dayanıqlı inkişafın memarlıq və inşaat mühəndisliyi təhsilinin gələcəyində rolu mövzusunda çıxış edib. Çıxışda beynəlxalq akademik tərəfdaşlıqların gücləndirilməsi, innovasiyaların ali mühəndislik təhsilinə inteqrasiyası və dayanıqlı inkişaf məqsədlərinə xidmət edən əməkdaşlıq imkanları diqqət mərkəzində olub. 

2017-ci ildə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universitetinin (BUCEA) təşəbbüsü ilə yaradılan BRAUIC memarlıq, inşaat mühəndisliyi və şəhərsalma sahələrində beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. 33 ölkə və regiondan 101 üzv qurumu birləşdirən konsorsium birgə elmi araşdırmaların, texnologiya transferinin və innovativ kadr hazırlığının inkişafına dəstək verir. Konsorsiumun fəaliyyəti müasir dünyanın ən aktual çağırışlarından olan sürətli urbanizasiya, iqlim dəyişiklikləri, ekoloji təhlükəsizlik, enerji səmərəliliyi və şəhər infrastrukturunun dayanıqlılığı məsələlərinin elmi həllinə yönəlib. Konsorsiumun beynəlxalq forumları müxtəlif ölkələrin universitet rəhbərlərini, alimlərini, tədqiqatçılarını, memarlarını və mühəndislik sahəsinin mütəxəssislərini bir araya gətirərək bilik və təcrübə mübadiləsi üçün platforma yaradır.

BMU-nun BRAUIC-ə üzv qəbul edilməsi universitetin beynəlxalq akademik şəbəkələrdə təmsilçiliyinin genişləndirilməsi, elmi-tədqiqat potensialının gücləndirilməsi və Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq miqyasda təşviqi baxımından əhəmiyyətlidir. 

BMU beynəlxalq akademik konsorsiumuna üzv olub
BMU beynəlxalq akademik konsorsiumuna üzv olub
BMU beynəlxalq akademik konsorsiumuna üzv olub
BMU beynəlxalq akademik konsorsiumuna üzv olub
BMU beynəlxalq akademik konsorsiumuna üzv olub