Bölgələrdə təmayül siniflər: Şagirdlər ixtisas seçiminə necə hazırlanır?

19 Oktyabr, 2026 - 09:21
Bölgələrdə təmayül siniflər:

Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiqi şagirdlərə maraq və bacarıqlarına uyğun fənləri daha dərindən öyrənmək, müstəqil araşdırma aparmaq və gələcək ixtisas seçimlərinə daha şüurlu yanaşmaq imkanı yaradır. Təmayül siniflərdə əsas məqsəd yalnız ali məktəblərə qəbul imtahanlarına yüksək nəticə ilə hazırlaşmaq deyil, həm də şagirdlərin analitik düşünmə, problem həll etmə və öyrəndiklərini praktikada tətbiq etmək bacarıqlarını inkişaf etdirməkdir.

“Azərbaycan müəllimi” olaraq təmayül siniflərdə tədrisin xüsusiyyətlərini, müəllimlərin istifadə etdiyi metodları və bu tədris modelinin şagirdlərin gələcək seçimlərinə təsirini Gəncə şəhəri 22 nömrəli tam orta məktəbin tarix müəllimi Fidan Məmmədova və Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Sevda Köçərlinin təcrübələri əsasında araşdırdıq.

Təmayül siniflərdə daha dərindən öyrənmə imkanı və üstünlükləri


Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Sevda Köçərli hesab edir ki, təmayül siniflərdə mövzuların daha ətraflı işlənməsi şagirdlərin imtahanlara hazırlığına müsbət təsir göstərir: “Bir mövzunu daha dərindən işləmək, müxtəlif sual formalarına və fərqli tədris materiallarına müraciət etmək imkanımız olur. Bu da şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə və imtahanda qarşılaşa biləcəkləri çətinliklərin azalmasına kömək edir.

Onun sözlərinə görə, dərsliklə yanaşı, əlavə test toplularından, dinləmə və oxu materiallarından istifadə şagirdlərin həm biliklərini möhkəmləndirməsinə, həm də fərqli tapşırıq formatlarına uyğunlaşmasına şərait yaradır.

Sevda müəllim həmçinin qeyd edir ki, təmayül siniflərdə dərsin səmərəliliyi yalnız materialların çoxluğu ilə deyil, onların şagirdlərin ehtiyaclarına uyğun seçilməsi ilə də bağlıdır. Şagirdlərin hazırlıq səviyyəsi, çətinlik çəkdikləri mövzular və öyrənmə tempi nəzərə alındıqda müəllim tədris prosesini daha məqsədyönlü təşkil edə bilir.

Gəncə şəhəri 22 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən tarix müəllimi Fidan Məmmədova hesab edir ki, təmayül siniflərdə tədris şagirdlərin fənnin mahiyyətini daha dərindən anlaması və gələcək peşələrini müəyyənləşdirmək baxımından geniş imkanlar yaradır.

O deyir ki, tarix dərslərini yalnız dərslikdəki məlumatlarla məhdudlaşdırmır. Xəritələr, tarixi sənədlər, fotolar və fərqli baxışlar mövzuların daha canlı təqdim edilməsinə, şagirdlərin hadisələrə müxtəlif tərəflərdən yanaşmasına kömək edir. “Peşəkar müəllim keçmişlə bu gün arasında körpü qura bilən, şagirdə hazır cavab verən deyil, onu sual verməyə və düşünməyə sövq edəndir”.
Fidan Məmmədovanın fikrincə, yeni təmayül tədris modelinin mühüm üstünlüklərindən biri şagirdlərin öz maraq və bacarıqlarını daha erkən müəyyənləşdirməsinə imkan yaratmasıdır: “Yeni təmayül tədris modeli şagirdin gələcək ixtisas seçimində çox mühüm rol oynayır. Əslində, bu sistemin ən böyük üstünlüklərindən biri şagirdə özünü daha yaxından tanımaq imkanı verməsidir”.

Müəllim izah edir, şagird müstəqil işləməyi öyrənir

Təmayül siniflərdə təhsilverənin əsas vəzifələrindən birinin şagirdləri müstəqil öyrənməyə istiqamətləndirmək olduğunu söyləyən müəllimlər bunun üçün əvvəlcə tapşırığın yerinə yetirilmə qaydasını izah edir, nümunələr göstərir, daha sonra şagirdlərin oxşar tapşırıqları özlərinin həll etməsinə şərait yaradırlar.

Sevda Köçərli bu yanaşmanı ingilis dili dərslərində necə tətbiq etməsindən söz açır: “Əvvəlcə təlimat və nümunə verir, sonra oxşar tapşırığı şagirdin müstəqil yerinə yetirməsinə imkan yaradıram. Əlavə olaraq, şagirdlərin səviyyəsinə uyğun, özlərinin yerinə yetirə biləcəyi tapşırıqlar verir və istifadə edə biləcəkləri mənbələri göstərirəm”.

Digər müəllim Fidan Məmmədova isə  tarix dərslərində formativ və diaqnostik qiymətləndirmədən, fərdi tapşırıqlardan və mini-tədqiqat layihələrindən istifadə etdiyini söyləyir. Belə ki, şagirdlər tarixi sənəd və xəritələri təhlil edir, nəticələrini təqdimat şəklində hazırlayırlar. Bu fəaliyyətlər onların analitik təfəkkürünü, akademik yazı və təqdimat bacarıqlarını inkişaf etdirir. O, həmçinin universitetlərin tarix fakültələrinin müəllimləri ilə, alimlər və tədqiqatçılarla görüşlərin, “ustad dərs”lərinin təşkilini, eləcə də tarixi-diyarşünaslıq səfərlərinin artırılmasını vacib sayır. Belə fəaliyyətlər şagirdlərə nəzəri biliklərini real nümunələrlə əlaqələndirmək və akademik mühitlə daha erkən tanış olmaq imkanı yarada bilər.

Analitik düşüncə və praktik bacarıqlar formalaşır

Təmayül siniflər qarşısında duran əsas vəzifələrdən biri ali məktəblərə  qəbul imtahanlarına hazırlığı ilə fənnin mahiyyətini dərindən mənimsəmək arasında tarazlıq yaratmaqdır. Şagirdlərin yüksək nəticə əldə etməsi vacib olsa da, onların yalnız test suallarına uyğun düşünməsi yeni təmayül tədris modelinin imkanlarını məhdudlaşdıra bilər.

Fidan Məmmədova bu məsələyə xüsusi diqqət çəkir: “Ən əsas çətinlik zamandan səmərəli istifadə və balansı qorumaqdır. Şagirdlərin hədəfləri böyük olduğundan, bir tərəfdən ali məktəblərə qəbul imtahanlarına hazırlıq tələb olunur, digər tərəfdən isə yeni təmayül tədris modelinin mahiyyəti olan dərin analitik düşüncə və araşdırma vərdişlərinin inkişaf etdirilməsidir”. 

Sevda Köçərli isə həmkarının söylədiklərinə əlavə olaraq bildirir ki, ingilis dili dərslərində təqdimatlar, layihələr və qrup işləri şagirdlərin öyrəndikləri sözləri və qrammatik qaydaları praktikada tətbiq etməsinə imkan verir. İngilis dili dərslərində süni intellekt alətləri vasitəsilə müxtəlif çətinlik səviyyələrində mətn və suallar hazırlamaq, dialoqlar qurmaq və əlavə məşq imkanları yaratmaq mümkündür. Bununla belə, bu vasitələr müəllimin istiqamətləndirilməsi ilə, şagirdlərin ehtiyaclarına uyğun və şəxsi məlumatların qorunması nəzərə alınmaqla tətbiq edilməlidir.

Tədris prosesində rəqəmsal resurslardan istifadə də təmayül siniflərin imkanlarını genişləndirən vasitələrdəndir. Mövzuya uyğun videolar, dinləmə materialları, rəqəmsal kitabxanalar və müxtəlif səviyyəli tapşırıqlar şagirdlərin öyrənmə imkanlarını artırır.
Tarix fənnində isə rəqəmsal kitabxanalar, tarixi sənədlər və elektron arxivlər şagirdlərin tədqiqat aparmasına, mövzular üzrə əlavə məlumat toplamasına kömək edə bilər.