“Böyük Qayıdış”da təhsilin rolu strateji xarakter daşıyır - Qarabağ Universitetinin gənc müəllimi
Azərbaycan müasir tarixinin ən şərəfli günlərini yaşayır. Ölkəmizin 30 illik ən ağır və faciəli tarixini indi şərəflə və qürurla yaşadığımız günlər əvəz edir. Ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası ilə Qarabağ torpaqlarında dinc həyat başlayıb, quruculuq-abadlıq işləri tam vüsəti ilə davam edir.
Qürurverici məqam odur ki, əzəli torpaqlarımıza həm də təhsilimiz qayıdıb. Və təhsil quruculuğunda gənclər də xüsusi əzmlə və böyük ruh yüksəkliyi, sevinclə iştirak edir. Bunu həm də dünyanın nüfuzlu universitetlərindən məzun olan və Qarabağımızda yaşamağa və işləməyə qərar verən vətənpərvər gənclərimizin timsalında da görmək olar. Onların arasında Qarabağ Universitetini seçənlər və bununla da ali təhsilimizə töhfə verən gənclərimiz də var.
Haqqında bəhs etmək istədiyimzi gənclərdən biri də Dövlət Proqramı (DP) çərçivəsində Böyük Britaniyanın London Kral Kollecini (King’s College London) “Təhsil idarəetməsi” ixtisası üzrə başa vuraraq Qarabağ Universitetində müəllimliyə başlayan Zeynəb Mehti qızı Əhmədzadədir. Zeynəb hazırda Böyük Qayıdışa öz müəllimlik missiyası ilə töhfə verir. Zeynəbin işğaldan azad olunmuş ərazilərdə qurulan yeni universitetdə fəaliyyətə başlaması vətənpərvərlik və peşəkarlığın vəhdətidir. Müsahibimizlə daha yaxından tanış olaq:
- Mən, Zeynəb Əhmədzadə, hazırda Qarabağ Universitetində həm müəllim, həm də Qiymətləndirmə və dəstək şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərirəm. Ali təhsil həyatına 2014-cü ildə Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsində “İngilis dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə qəbul olaraq başlamışam. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətə başladım və müəllimlik peşəsinin real sinif mühitində incəliklərini öyrənərək peşəkar inkişafımı davam etdirdim. Məktəb illərindən magistr təhsilimi xaricdə almaq əsas hədəflərimdən biri idi və bu arzumu reallaşdırdım. 2023-cü ildə Böyük Britaniyanın London Kral Kollecində “Təhsilin idarə edilməsi” (Education management) ixtisası üzrə magistr pilləsinə qəbul oldum və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın dəstəyi ilə təhsilimi Londonda davam etdirdim. Təhsil aldığım müddətdə yarımştat (part-time) olaraq ingilis dili müəllimi kimi fəaliyyət göstərərək yerli məktəblilərə ingilis dili, oxu və riyaziyyat fənləri üzrə dərs dedim. Bu təcrübə mənim həm peşəkar, həm də şəxsi inkişafımda mühüm rol oynadı.
- DP layihəsinin əhəmiyyəti, həyatınızda rolu, yaratdığı imkanlar barədə nə deyərdiniz?
- Dövlət Proqramı layihəsi həqiqətən də gənclər üçün böyük bir fürsət və inkişaf platformasıdır. Proqrama qəbul prosesi özü belə insanı daha məqsədyönlü və məsuliyyətli olmağa təşviq edir. Müsahibə mərhələsinə hazırlaşarkən təkcə qəbul almağı deyil, eyni zamanda ölkədə təhsil sahəsindəki yenilikləri izləməyi, elmi məqalələr oxumağı, seçdiyim ixtisas üzrə hansı töhfələri verə biləcəyimi və Azərbaycan təhsil sisteminin inkişafına necə dəstək ola biləcəyimi araşdırmağa başladım.
Bu proses mənim həm akademik, həm də şəxsi inkişafıma ciddi təsir göstərdi. Tənqidi düşünmə, özünütəhlil və psixoloji dayanıqlılıq kimi bacarıqlarımı gücləndirdim. Əminliklə deyə bilərəm ki, Dövlət Proqramı həyatımda dönüş nöqtəsi oldu. Məhz bu dəstək sayəsində xaricdə keyfiyyətli təhsil almaq, beynəlxalq təcrübə qazanmaq və daha geniş dünyagörüş formalaşdırmaq imkanı əldə etdim.
Proqramın üstünlükləri məzun olduqdan sonra da davam edir. Məzunlara iş imkanları barədə mütəmadi məlumatların təqdim olunması və diplomların apostil prosedurundan azad olması kimi praktiki üstünlüklər gənclərin karyera yolunu daha da asanlaşdırır.
- London Kral Kollecində təhsil sizə nələri qazandırdı?
- London Kral Kolleci dünyanın aparıcı ali təhsil müəssisələrindən biridir və “QS World University Rankings” göstəricilərinə əsasən ilk 40-lıqda, Birləşmiş Krallıqda isə ilk beşlikdə qərarlaşır. Belə nüfuzlu bir universitetdə “Təhsildə menecment” (Education Management) ixtisası üzrə magistr təhsili almaq mənim üçün böyük uğur və məsuliyyət idi.
Proqram çərçivəsində təhsildə liderlik və idarəetmə, təhsil sistemlərinin müqayisəli təhlili, innovativ yanaşmalar, təhsildə bərabərlik və sosial siyasət kimi fənlər üzrə dərin biliklər əldə etdim. Eyni zamanda ixtisas üzrə sinif nümayəndəsi kimi fəaliyyət göstərərək təşkilati və liderlik bacarıqlarımı daha da inkişaf etdirdim. Multikultural mühitdə – müxtəlif ölkələrdən olan tələbə və müəllimlərlə birlikdə oxumaq mənə fərqli təhsil modellərini və yanaşmaları yaxından öyrənmək imkanı verdi.
Universitetin zəngin akademik mühiti, xüsusilə “Maughan Library” kimi geniş resurslara malik kitabxanası araşdırma və elmi fəaliyyət üçün böyük stimul yaradırdı. Tədris prosesi əsasən müstəqil araşdırma və yazılı layihələr üzərində qurulduğundan məsuliyyət və özünüidarə bacarıqlarımı gücləndirdi. Magistr təhsilimi “Merit” nəticəsi ilə başa vurdum. Xüsusilə “Educational Leadership” fənnində əldə etdiyim yüksək nəticə mənim üçün sadəcə qiymət deyil, bu sahədə inkişaf etməli olduğuma dair güclü bir motivasiya oldu.
- Bu ixtisas sizin üçün nə dərəcədə cəlbedici sahədir?
- Bu ixtisas mənim üçün sadəcə akademik seçim deyil, eyni zamanda gələcək karyera yolumun əsas istiqamətidir. Mən hər zaman təhsilin yalnız dərs deməklə məhdudlaşmadığını, effektiv idarəetmə və düzgün liderlik olmadan keyfiyyətli sistem qurmağın mümkün olmadığını düşünmüşəm. Məhz buna görə idarəetmə və liderlik sahəsi mənə çox cəlbedici görünür.
Xaricdən qayıtdıqdan sonra universitetdə menecment və administrativ sahədə çalışmaq, təhsil prosesinin təşkilinə, strategiyaların hazırlanmasına və tələbələr üçün daha əlverişli mühitin qurulmasına töhfə vermək istəyirəm. Bu məqsədlə özümü yalnız nəzəri biliklərlə məhdudlaşdırmadım və əlavə inkişaf proqramlarına qoşuldum. “PGLA – Principles of Global Leadership” və “Pathway to Governance” proqramlarında iştirak etdim və onların tələb etdiyi bütün tapşırıqları uğurla tamamladım.
Bu proqramlar mənə komanda işi, qərarvermə, strateji düşüncə, məsuliyyətli liderlik və effektiv ünsiyyət kimi vacib bacarıqlar qazandırdı. Mən inanıram ki, güclü lider təkcə idarə etmir, həm də insanları motivasiya edir, onları inkişaf etdirməyə kömək edir və müsbət dəyişiklik yaradır. Gələcəkdə universitet mühitində məhz belə bir lider olmaq və təhsil sisteminə real töhfə vermək mənim əsas hədəfimdir.
- Qarabağ Universitetinin gənc müəllimi kimi hansı hissləri yaşayırsınız? Hazırda hansı ixtisası tədris edir və müəllim kimi təəssüratlarınızı bölüşməyinizi xahiş edirik...
- Qarabağ Universitetində fəaliyyətə başlamaq mənim üçün yalnız bir iş yeri deyil, həm də mənəvi missiyadır. İngiltərəyə getməzdən əvvəl işğaldan azad olunmuş bölgələrimizin birində universitetimizin fəaliyyət göstərəcəyinə ürəkdən inanırdım. Magistr təhsilim zamanı Qarabağ Universitetinin açılacağı xəbərini eşidəndə isə qərarım daha da möhkəmləndi. Vətənə qayıtdıqdan sonra ilk müraciət etdiyim yer məhz Qarabağ Universiteti oldu. İlk qurucu müəllimlərdən biri olmaq, tamamilə fərqli və tarixi bir mühitdə yaşamaq və işləmək mənim üçün böyük qürur və məsuliyyətdir.
Mən burada ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. Eyni zamanda baş mütəxəssis kimi də çalışıram. Məqsədim yalnız dərs keçmək deyil, xaricdə qazandığım təhsil və həyat təcrübəsini tələbələrimlə bölüşmək, onların dünyagörüşünün formalaşmasına töhfə vermək və həyat yollarında onlara az da olsa işıq olmaqdır. Gənclərimizin bu yeni mühitdə böyük həvəslə inkişaf etməsi mənə ilham verir və müəllim kimi ən böyük motivasiyamdır.
- "Böyük Qayıdış"da təhsilin rolu barədə nə deyərdiniz?
- “Böyük Qayıdış” prosesində təhsilin rolu strateji və təməl xarakter daşıyır. İnfrastrukturun qurulması, iqtisadi inkişaf və sosial həyatın bərpası nə qədər vacibdirsə, insan kapitalının formalaşdırılması da bir o qədər əhəmiyyətlidir. Təhsil yalnız bilik vermək deyil, eyni zamanda düşüncə formalaşdırmaq, vətəndaş məsuliyyəti yaratmaq və gələcək liderləri yetişdirmək deməkdir.
Qarabağda universitetin fəaliyyət göstərməsi Böyük Qayıdışın ən güclü simvollarından biridir. Bu, sadəcə tədris prosesi deyil, həm də regionun intellektual dirçəlişidir. Gənclərin məhz burada təhsil alması, burada yaşaması və gələcəyini bu torpaqlarda qurması davamlı inkişafın əsasını qoyur.
Mən müəllim kimi hesab edirəm ki, bizim missiyamız yalnız dərs demək deyil, həm də yeni formalaşan cəmiyyətin dəyərlərini, dünyagörüşünü və peşəkar keyfiyyətlərini düzgün istiqamətləndirməkdir. Böyük Qayıdışın uğuru savadlı, məsuliyyətli və vətənpərvər gənclərdən keçir və bu yolun əsas açarı məhz təhsildir.



