Britaniya universitetlərində təhsil alacaq bacılar: Həmişə bir-birimizi yaxşı nəticələrə təşviq etmişik
Bu dəfə oxucularımızı iki gənc azərbaycanlı qızla - Həmidə və Nəzrin Sadıqova bacıları ilə tanış edirik. Onlar sadəcə uğurlu tələbə deyil, həm də Azərbaycan təhsilinin parlaq nümunəsi, bir ailənin iki böyük sevinci və iki fəxridir.
Həmidə və Nəzrin eyni orta ümumtəhsil müəssisəsində, eyni sinifdə oxuyublar və hazırda eyni ali məktəbdə - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin IV kursunda təhsil alırlar. Qızlar eyni hədəflərlə yola çıxaraq “Times Higher Education” (THE) dünya universitetləri reytinqində ilk üçlükdə yer alan Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramına qəbul olublar.
Onların uğur hekayəsi məktəb illərindən başlayır
Hələ Bakıdakı 6 nömrəli məktəb-liseydə təhsil alarkən bacılar erkən yaşlarından yüksək bilik və bacarıqları, qazandıqları uğurları ilə öz yaşıdlarından seçiliblər. Hər ikisi məktəbi qızıl medalla bitiriblər.
Həmidə deyir ki, məktəb illərində qazandıqları uğurlar, müxtəlif müsabiqələrdə, layihələrdə iştirakları onların analitik düşüncə, tədqiqat bacarıqlarının formalaşmasında mühüm rol oynayıb və onların gələcək yolunun möhkəm təməlini qoyub.
Nəzrin də məktəbdə əldə etdikləri nailiyyətlərin onları daha böyük hədəflərə istiqamətləndirməkdə xüsusi rolu olduğunu söyləyir.
Yüksək hazırlığın və məqsədə çatmaq əzminin nəticəsidir ki, 2022-2023-cü tədris ilində keçirilən ali məktəblərə qəbul imtahanlarında Nəzrin Sadıqova 660.9, Həmidə Sadıqova isə 660.2 balla BDU-nun Hüquq fakültəsinə daxil olub.
"Prezident təqaüdünə layiq görülmək bizim üçün böyük bir qürur və etimaddır"
Onların zəhməti dövlət səviyyəsində də dəyərləndirilib. Belə ki, hər iki bacı ali məktəbə yüksək balla qəbul olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülüb.
Həmidə bildirir ki, Prezident təqaüdçüsü olmaq onun üçün böyük bir qürur və etimad göstəricisidir: “Bu status dövlətin mənə olan inamının ifadəsidir. Ali təhsil aldığım 4 il ərzində daha məsuliyyətli, hər zaman bu mükafata layiq olmağa çalışdım. Universitet həyatımda akademik nəticələrimi yüksək səviyyədə saxlayaraq eyni zamanda dərsdənkənar sosial layihələrdə və müxtəlif təcrübələrdə aktiv iştirak edirəm”.
Nəzrin də bacısının fikirlərini təsdiq etməklə yanaşı, deyir ki, Prezident təqaüdçüsü olmaq onun üçün həm böyük qürur, həm də daha çox işləmək üçün motivasiya oldu: “Universitet həyatında ən böyük çətinliklərdən biri vaxtın düzgün idarə olunması və akademik yükün yüksək olması idi. Mən bunu prioritetləri düzgün müəyyənləşdirərək və sistemli şəkildə işləyərək aşdım”.
Təsadüfi deyildir ki, universitet həyatında da eyni əzmkarlıqla irəliləyən bacılar yüksək akademik göstəricilərini qoruyub saxlayaraq ali təhsil dövründə də “əlaçı” kimi seçilməyi bacardılar.
Magistratura mərhələsi onların həyatında yeni bir səhifə açdı
Qızlar bildirirlər ki, Bakı Dövlət Universitetində aldıqları təhsil onlara güclü hüquqi baza qazandırıb. Xüsusilə analitik düşüncə, hüquqi yazı və tənqidi yanaşma bacarıqlarını inkişaf etdirib. Bu bacarıqlar beynəlxalq proqramlara müraciət edərkən onlara böyük üstünlük verib: “Bakı Dövlət Universitetində aldığımız təhsil bizə beynəlxalq səviyyədə rəqabət aparmaq üçün güclü baza yaradıb. Yüz ildən artıq tarixi olan universitetimizin diplomu xaricdə də tanınır və bu, biz gənclərə müxtəlif imkanlar açır. Hüquq fakültəmizin təhsil səviyyəsi yüksəkdir və heç də xaricdəki oxşar proqramlardan geri qalmır, əksinə, beynəlxalq standartlara uyğundur. Bundan əlavə, universitetdə iştirak etdiyimiz layihələr, tədbirlər və elmi mübadilə imkanları bizə beynəlxalq hüquq mühitində işləmək üçün lazım olan biliklər qazandırdı”.
Magistratura mərhələsi isə bacıların həyatında yeni bir səhifə açdı. Nəzrin Sadıqova Oksford Universitetində, Həmidə Sadıqova isə Kembric Universitetində magistraturada təhsil alacaq.
Həmidə hələ 3-cü kursda oxuyarkən Kembric Universitetinə magistratura təhsili üçün müraciət prosesinə başladığını qeyd edir: “Artıq kifayət qədər araşdırma aparmışdım və müxtəlif universitetlərin proqramlarını müqayisə etmişdim. Nəticədə “Siyasət və beynəlxalq araşdırmalar (əlaqələr)” ixtisasını seçdim. Beynəlxalq hüquq sahəsində ixtisaslaşmaq istəyim olsa da, düşündüm ki, hüquq təhsilimi daraltmaq əvəzinə onu genişləndirmək daha faydalıdır. Qəbul məktubunu aldığım an çox sevindim. Qəbul şansının az olduğunu və rəqabətin çox güclü olduğunu bilirdim, buna görə də bu xəbər mənim üçün böyük bir sürpriz oldu”.
“Bu, mənim üçün sadəcə bir nəticə deyil, uzun müddət çəkən zəhmətin, inamın və səbrin qarşılığı idi”
Nəzrin də deyir ki, Kembric Universitetinə və Oksford Universitetlərinə müraciət prosesi kifayət qədər uzun və məsuliyyətli bir mərhələdir: “Bacım kimi mən də bu prosesə erkən başladım və hər addımı planlı şəkildə həyata keçirməyə çalışdım. İlk növbədə, beynəlxalq standartlara uyğun olaraq ingilis dili biliyimi təsdiqləmək üçün IELTS imtahanına hazırlaşdım. Bu mərhələ çox vacib idi, çünki yüksək bal toplamaq müraciətin əsas komponentlərindən biridir. Daha sonra müraciət üçün tələb olunan sənədlərin toplanmasına başladım. Xüsusilə motivasiya məktubu üzərində çox işlədim, çünki bu sənəd mənim məqsədlərimi, niyə məhz bu sahəni seçdiyimi və gələcək planlarımı aydın şəkildə ifadə etməli idi. Ümumilikdə, bu proses mənə yalnız sənəd toplamağı deyil, həm də özümü daha yaxşı tanımağı, məqsədlərimi dəqiqləşdirməyi və uzunmüddətli plan qurmağı öyrətdi. Qəbul məktubunu aldığım anı heç vaxt unutmaram. Oksford Universitetində “Hüquq və Maliyyə” (MSc in Law and Finance) ixtisasını seçmişəm. Qəbul məktubunu aldığım anı heç vaxt unutmaram. Bu, mənim üçün sadəcə bir nəticə deyil, uzun müddət çəkən zəhmətin, inamın və səbrin qarşılığı idi. Daxilimdə bir ümid var idi ki, hər şey yaxşı olacaq. Amma eyni zamanda tam səmimi desəm, bəzən şübhələrim də olurdu. Çünki rəqabət çox yüksək idi və dünyanın ən güclü namizədləri bu proqramlara müraciət edirdi. Qəbul məktubunu görəndə isə həm böyük sevinc, həm də daxili bir rahatlıq hiss etdim. Sanki bütün o stres, narahatlıq və gözləntilər bir anda yox oldu. O an başa düşdüm ki, həm zəhmət, həm də inam birlikdə olanda nəticə verir. Bu, mənim üçün sadəcə bir nəticə deyil, uzun müddət çəkən zəhmətin, inamın və səbrin qarşılığı idi”.
Onlar üçün uğur nədir?
Qızlarla söhbət zamanı diqqətimizi çəkən əsas məqamlardan biri də onların həm orta, həm də ali təhsillərini rus dilində almalarına baxmayaraq, çox gözəl Azərbaycan dilində danışmaları, öz fikirlərini ifadə etmələri oldu. Qızlara ünvanladığımız “Sizin üçün uğur nədir?” sualına cavabları da özünəməxsus oldu.
Həmidə deyir ki, onun üçün uğur bərabərdir “ikiqai”: “Yəni yaponca bu ifadə həyatımda həqiqətən sevdiyim işi tapmaq, ona tam ürəkdən bağlanmaq və bu işi həyatımın məqsədinə çevirməkdir. Bu, yalnız şəxsi məmnuniyyət deyil, həm də başqalarına və cəmiyyətə fayda verməklə davamlı və dolğun uğur qazandıran bir anlayışdır”.
Nəzrinə görə isə uğur yalnız nəticə deyil, həm də prosesdir. Uğur məqsədə doğru davamlı və məqsədyönlü şəkildə irəliləməkdir: “Mənim üçün ən böyük uğur göstəricisi valideynlərimi və bizə dəstək olan hər kəsin sevinib qürurlanmasıdır”.
“Bir-birimizin uğuruna birbaşa deyil, daha çox arxa planda dayananaraq təsir etmişik”
Bəs görəsən bacı olaraq bir-birlərinin uğurunda nə kimi rolları var? Qızlar deyirlər ki, bir-birlərinin uğurunda rolları daha çox mənəvi dəstək üzərində qurulub: “Biz həmişə bir-birimizi daha yaxşı nəticələrə təşviq edən bir qüvvə olmuşuq. Çətin anlarda bir-birimizə kömək etmişik. Eyni zamanda, konstruktiv şəkildə bir-birimizi tənqid edərək inkişafımıza töhfə vermişik. Yəni biz bir-birimizin uğuruna birbaşa deyil, daha çox arxa planda dayananaraq təsir etmişik. Aramızda rəqabətdən daha çox dəstək mühiti olub. Ətrafdakılar bizi tez-tez müqayisə etsə də, biz heç vaxt özümüzü bir-birimizlə ölçməmişik. Mənim üçün Nəzrin tamamilə fərqli bir insandır və onun üçün də mən eyni dərəcədə fərqliyəm, istəklərimiz və məqsədlərimiz ayrıdır. Doğrudur, yolumuz eyni olub, amma bu yolu hər birimiz özümüz keçmişik. Həmişə bir-birimizə dəstək olmuşuq, lakin işi hər zaman hər kəs özü görüb”.
Eyni partadan başlayan yol bu gün iki fərqli dünya universitetinə uzanır
Bəli, qazanılan uğurun arxasında yalnız akademik nəticələr dayanmır. Hər iki bacı üçün əsas amil məqsədyönlülük, səmimiyyət və öz yolunu düzgün dərk etməkdir. Gənc qızlarımızın gələcəyə baxışları da ortaqdır. Hər ikisi xaricdə təhsil aldıqdan sonra Azərbaycana qayıdaraq ölkələrinə töhfə vermək istəyir. Beləliklə, eyni partadan başlayan yol bu gün iki fərqli dünya universitetinə uzanır. Bu isə təkcə iki bacının deyil, həm də Azərbaycanın təhsil uğurunun hekayəsidir…



