Bu gündən mən müəllim atasıyam

10 İyul, 2026 - 10:55
Bu gündən mən müəllim atasıyam

Hər insanın həyatında silinməz iz qoyan insanlar olur. Elə insanlar ki, onların sevgisi, zəhməti və aşıladığı dəyərlər zaman keçsə də unudulmur. Mənim həyatımda belə insan atam idi. O, sadəcə valideyn deyil, gələcəyimi düşünən, məni öz arzularına deyil, xoşbəxtliyimə doğru yönəldən, həyat yolumda ən doğru istiqaməti göstərən insan idi.

Ailədə məndən başqa iki oğlu olsa da, evin sonbeşiyi olduğum üçün mənə xüsusi sevgisi vardı. Məni həmişə əzizləyər, qayğısını heç vaxt əsirgəməzdi. Amma bütün bu qayğıların içində biri xüsusi yer tuturdu – gələcəyim.

Atam məni müəllim kimi görmək istəyirdi. Amma bu arzusunu məcburi qəbul etdirməməyə çalışırdı. Əksinə, müəllim peşəsinin böyüklüyünü davranışı ilə mənə sevdirirdi. Geyimimdə səliqəyə fikir verəndə: “Müəllim kimi geyin”, danışığıma diqqət yetirəndə: “Müəllim kimi danış”, davranışımla bağlı isə: “Müəllim kimi ol”, – deyə nəsihət edərdi.

Bir gün mənə elə sözlər dedi ki, ömrüm boyu yaddaşımdan silinməyəcək: “Müəllim ol, qızım. Mən sənə müəllimliyi yaraşdırıram. Səni məcbur etmirəm, sadəcə tövsiyə edirəm”.

Bu sözlərdə həm sevgi vardı, həm qayğı, həm də mənə sonsuz inam...

Hamı savadlı qız olmağımı istəyirdi, amma universitetə qəbul olmağımı ən çox arzulayan o idi. Nəhayət, Bakı Dövlət Universitetinin "Coğrafiya müəllimliyi" ixtisasına qəbul oldum.

Bu xəbər mənə ikiqat sevinc gətirdi. Həm özümün, həm də atamın arzusu gerçəkləşmişdi. Həmin gün onun gözlərində gördüyüm qüruru və sevinci heç vaxt unutmaram. O baxışlarda illərlə çəkilən zəhmətin bəhrəsini görən bir atanın xoşbəxtliyi oxunurdu.

Universitet illərində də diqqəti və sevgisi daim mənimlə idi. Hər zaman yanımda olmağa çalışır, ehtiyaclarımı düşünürdü. Mən isə onun ümidlərini doğrultmaq üçün daha böyük məsuliyyətlə oxuyurdum.

İllər keçdi. Universiteti bitirdim və müəllim kimi fəaliyyətə başladım. İlk iş günümdə böyük sevinclə mənə dedi: “Üzün ağ olsun, qızım. Bu gündən mən müəllim atasıyam.”

Məni özü məktəbə apardı. Məktəbin həyətinə daxil olarkən dönüb baxdım. Hələ də dayanmışdı. Mənə baxır, gülümsəyirdi. Əlini qaldırıb yola saldı.

Bu gün atam cismən yanımda olmasa da, mənim üçün yenə müəllim atasıdır. Onun vəfatından sonra müəllim kimi bir çox uğurlar qazandım. Hər nailiyyətimdə qürur hissi ilə yanaşı, dərin bir kədər də yaşadım. Hər dəfə düşündüm: kaş atam bu günləri də görəydi.

Bu gün müəllim kimi qazandığım bütün nailiyyətlərə, şagirdlərimə verdiyim biliyə və müəllim adını daşımağıma görə özümü ona borclu sayıram.

İllər keçəcək, zaman dəyişəcək. Amma bir həqiqət heç vaxt dəyişməyəcək:

Mənim atam hər zaman bir müəllim atası olaraq qalacaq.

Bu məqaləmi bütün qız atalarına müraciətlə bitirmək istəyirəm. Qız övladlarınıza təkcə sevgi verməyin, onların təhsilinə də sərmayə qoyun. Çünki təhsil qıza verilən ən böyük mirasdır. Təhsilli qız yalnız öz həyatını dəyişmir, gələcəyin ailəsini, cəmiyyətini, hətta bir millətin düşüncəsini formalaşdırır. Qızlarınızın qanadlarını qırmayın. Əksinə, arzularına inanın, əllərindən tutun və yollarına işıq olun. Elə bir qız atası olun ki, övladınız illər sonra sizi yalnız ata kimi deyil, həm də həyatının ən böyük dayağı, ən böyük müəllimi kimi xatırlasın. Çünki övladın uğurunda iz qoymaq insanın həyatda qoyduğu ən gözəl izdir.

Nurlana ƏSGƏROVA
Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi