Sarsılmaz qardaşlığın parlaq rəmzi 

28 Sentyabr, 2026 - 10:06
Sarsılmaz qardaşlığın parlaq rəmzi 

Dahi Nizaminin adını daşıyan Daşkənd Milli Pedaqoji Universiteti Azərbaycan - Özbəkistan ali təhsil əlaqələrinə mühüm töhfə verir

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Daşkənd Milli Pedaqoji Universitetinin tələbə-müəllim heyəti üçün cari tədris ili əlamətdar hadisə ilə yadda qalıb. Ölkənin ən nüfuzlu ali pedaqoji universitetinin tələbələri 2026-2027-ci tədris ilini yeni kampusda qarşılayıblar. Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən yeni binasının açılışı olan universitet qardaş xalqlar arasında tarixi mədəni köklərə söykənən dostluq və qardaşlığın yüksək səviyyəsini əks etdirir. “Azərbaycan müəllimi” bu araşdırmasında zəngin akademik ənənələri ilə Özbəkistanın ən böyük elm və təhsil mərkəzlərindən biri kimi tanınan ali təhsil müəssisəsinin inkişaf yoluna işıq salır. Universitetin təxminən 90 illik tarixi ərzində 300 mindən çox elmi və pedaqoji kadr yetişdirib. Məzunlar təkcə Özbəkistanda deyil, həm də dünyanın müxtəlif ölkələrində təhsil sisteminin inkişafında fəal iştirak edir.

Universitetin tarixindən

Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti (NPUU) 14 sentyabr 1935-ci ildə Özbəkistan Respublikası Xalq Təhsili Komissarlığının 13/64 nömrəli əmri ilə Orta Asiya Dövlət Universitetinin Pedaqogika fakültəsinin bazasında yaradılıb. 1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu adlandırılıb. 
Bu təhsil müəssisəsi 1953-cü ildən 1998-ci ilə qədər Pedaqoji İnstitutu adı altında fəaliyyət göstərib. Özbəkistan Respublikası Nazirlər Kabinetinin 24 fevral 1998-ci il tarixli "Akademik liseylərin və peşə kolleclərinin təşkili və idarə edilməsi haqqında" qərarına uyğun olaraq, instituta Daşkənd Dövlət Pedaqoji Universiteti statusu verilib. Ali məktəb akademik liseylər və peşə kollecləri üçün ixtisaslı müəllim heyətinin hazırlanması üzrə aparıcı ali təhsil müəssisəsi kimi müəyyən olunub və bu, bütün kollektiv üzərinə böyük məsuliyyət qoyub. 

Yeniləşən pedaqoji universitet 

Özbəkistan Prezidentinin 28 aprel 2025-ci il tarixli Fərmanı ilə universitetdə islahatlara başlanılıb. Ali məktəb qarşısında ölkənin aparıcı müəllim hazırlığı universitetinə çevrilmək və elmi fəaliyyətin, müəllim hazırlığı işinin beynəlxalq standartlara uyğun aparılmasını təmin etmək vəzifəsi qoyulub. Universitetdə 30 ixtisas- Pedaqogika, Pedaqogika nəzəriyyəsi və tarixi, Testologiya və qiymətləndirmə, Təhsil metodologiyası (məktəbəqədər),   Xüsusi pedaqogika: nitq terapiyası, Xüsusi pedaqogika: surdopedaqogika, Xüsusi pedaqogika: oliqofrenopedaqogiya, Tədris metodologiyası (ibtidai sinif), Təsviri incəsənət, Mühəndislik Qrafikası və Dizaynı,  Musiqi təhsili və incəsənət, Özbək dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı, Xarici dil: İngilis dili, Koreya dili, Təhsil metodologiyası (hərbi), Sosial və humanitar elmlər (mənəviyyat), Sosial və Humanitar Elmlər (Hüquq), Bədən tərbiyəsi nəzəriyyəsi, Təhsil metodologiyası (texnoloji), Sosial və humanitar elmlər (tarix), Psixologiya, Dəqiq elmlərin metodologiyası (biologiya), Dəqiq elmlərin metodologiyası (kimya), Dəqiq elmlərin metodologiyası (coğrafiya), Dəqiq elmlərin metodologiyası (fizika), Dəqiq elmlərin metodologiyası (riyaziyyat), İnformasiya sistemləri, Təhsildə informasiya texnologiyaları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. 

Hazırda universitetdə 700-dən çox professor-müəllim heyəti dərs deyir. Universitetdə üç kolleksiyadan ibarət muzey kompleksi var: Universitetin tarixi muzeyi, Arxeologiya muzeyi və Zoologiya tədris muzeyi.

İdarəetmə və struktur

Universitetin idarəçiliyi 2025-ci ildə ölkə başçısının müvafiq fərmanı ilə müəyyən edilmiş yenidənqurmadan sonra əhəmiyyətli dərəcədə dəyişdirilib. Ali təhsil müəssisəsi ən yüksək kollegial orqan olmaqla, Universitet Şurası tərəfindən idarə olunur. Şura universitetin bütün sahələri üzrə fəaliyyətini əlaqələndirir və kollektiv qarşısında duran təcili vəzifələrin tez və keyfiyyətli həllinə yönəlmiş qərarlar qəbul edir. Şuraya universitetin rektoru sədrlik edir. Şuraya prorektorlar, fakültə dekanları, aparıcı professor və müəllimlər, eləcə də tərəfdaş qurumların nümayəndələri daxildir. 
Şuranın əsas vəzifəsi milli kadr hazırlığı proqramının həyata keçirilməsini əlaqələndirmək, müasir pedaqoji və informasiya texnologiyalarının geniş tətbiqi əsasında yüksəkixtisaslı, rəqabətədavamlı kadrların hazırlanmasını təmin etmək, tələbələrdə vətənpərvərlik, vətəndaşlıq,  milli və ümumbəşəri dəyərlərə sədaqət kimi yüksək mənəvi və əxlaqi keyfiyyətlər formalaşdırmaqdır. Universitet Şurası illərdir ki, pedaqoji elmin, təlim və təhsilin inkişafının aktual məsələlərinə dair tövsiyələrin hazırlanması üzərində işləyir. Uzunillik fəaliyyəti dövründə Şura yüzlərlə elmi tədqiqat mövzusunu, tədqiqat nəticələrinin praktikada tətbiqi vəziyyətini müzakirə edib təsdiqləyib ki, bu da respublika təhsil sisteminin inkişafına mühüm töhfə olub. 
Universitetin strukturunda 6 ali pedaqoji məktəb, həmçinin 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi fəaliyyət göstərir. Burada, ümumilikdə, 33 kafedra var. Universitetdə bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadrlar hazırlanır. 730 müəllim və elmi-pedaqoji işçinin çalışdığı universitetdə 17 mindən çox tələbə, o cümlədən 6 Azərbaycan vətəndaşı olan tələbə magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır. Eyni zamanda, burada dünyanın 13 ölkəsindən 250 nəfər təhsilini davam etdirir. 
Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetinin rektoru Özbəkistanın tanınmış dövlət xadimi, təhsil sahəsində rəhbər vəzifələrdə çalışmış Hilola Umarovadır. O, 2022-2025-ci illərdə Özbəkistanın məktəbəqədər və məktəb təhsili naziri olub.

Reytinqlərdə yeri

Özbəkistan Milli Pedaqoji Universiteti QS Asiya Universitetləri reytinqində - Mərkəzi Asiyada 35-ci,  QS Asiya Universitetləri reytinqində ümumilikdə 588-ci,   “Times Higher Education” Təsir reytinqində   978-ci yerdədir (2025-ci il üzrə).  2025-ci il UI GreenMetric reytinqində NPUU yeddi davamlılıq kateqoriyası üzrə ümumilikdə 5260 bal toplayıb: Ətraf mühit və infrastruktur (635), Enerji və iqlim dəyişikliyi (1050), Tullantılar (875), Su (587.5), Nəqliyyat (1112.5) və Təhsil və tədqiqat (1000).  Universitet 105 ölkədən 1745 ali təhsil müəssisəsinin qiymətləndirildiyi 2025-ci il reytinqində ilk 1000-də yer tutan 38 Özbəkistan ali təhsil müəssisəsi arasındadır. 

Beynəlxalq əməkdaşlıq

Universitet 2025/2026-cı tədris ilindən etibarən bütün təhsil sahələri üzrə ikidilli beynəlxalq təhsil proqramlarını tətbiq edir və qlobal universitet statusu qazanmaq strateji məqsədinin bir hissəsi olaraq beynəlxalq tədris planları və qiymətləndirmə sistemləri mərhələli şəkildə tətbiq olunur. 

 Dünyanın 20-dən çox ölkəsindən xarici tərəfdaş universitetlər, müəssisələr və təşkilatlar arasında ümumilikdə 200-dən çox Anlaşma Memorandumu imzalanıb.  Universitetin beynəlxalq əməkdaşlığı əsasən birgə tədqiqat layihələrinə, akademik mübadilə proqramlarına və dünya üzrə tərəfdaş müəssisələrlə elmi əməkdaşlığa yönəlib.   

Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar sahədə əməkdaşlığın bariz nümunəsi olan Nizami Gəncəvi adına Milli Pedaqoji Universiteti Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb. 

Ali təhsil müəssisəsində təhsil alan əcnəbi tələbələrin sayı da ildən ilə artır. Hazırda əcnəbi tələbələr ümumi tələbə sayının 3 faizini təşkil edir. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb.

Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin fəaliyyətə başlamasından ötən üç il ərzində Azərbaycan və Özbəkistan şagirdləri arasında dostluq və əməkdaşlıq əlaqələri daha da inkişaf edib. Məktəbin məzunlarının 20 faizi Daşkənddəki Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetə qəbul olunub.

Universitetin əsas göstəriciləri

Xarici professor və müəllimlərin sayı 62 nəfər, universiteti bitirmə nisbəti 94 faiz,  təhsildən sonrakı məşğulluq nisbəti 95%, beynəlxalq akkreditasiyadan keçmiş proqramların sayı 7, məzunların ümumi sayı 6,179 (2025), təlim laboratoriyaları 16, müəllim və professorların sayı 732, işçilərin ümumi sayı 1354, tələbələrin sayı 18187, xarici tələbələrin sayı 208, tərəfdaş universitetlər 105, tələbələrin təmsil etdiyi ölkələrin sayı 13.

Məşhur məzun və müəllimləri 

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti yarandığı 1935-ci ildən bəri Özbəkistanın elmi, ədəbi, mədəni və ictimai həyatında böyük töhfələr vermis yüzlərlə görkəmli şəxsiyyət yetişdirmişdir.  

SSRİ Dövlət Mükafatı laureatı (1976), Sosialist Əməyi Qəhrəmanı (1984) Zülfiyyə İsrailova ali məktəbin tanınmış məzunları arasında xüsusi yer tutur. 

Azərbaycan-turk əsilli şair, müasir özbək ədəbiyyatının banilərindən biri olan Maqsud Şeyxzadə 1938-ci ildən ömrünün sonuna qədər Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində özbək ədəbiyyatı tarixini tədris edib.
Özbək və sovet yazıçısı, şair, dramaturq və tərcuməci, Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Qulom  Alimov (Şuhrat) 1936-cı ildən 1940-cı ilə qədər bu ali məktəbdə təhsil alıb. 

Ali təhsil müəssisəsində müəllim kimi çalışmış elm, maarif və ictimai xadimlər arasında görkəmli pedaqoq alim, professor, Özbəkistanda pedaqogika elminin əsasını qoyanlardan biri Siddik Rajabov, filosof, akademik və ictimai xadim Erkin Yusupov, fizik alim, Özbəkistan Elmlər Akademiyasının akademiki və keçmiş prezidenti Pulat Habibullayev, tanınmış dilçi alim, özbək dialektologiyasının banilərindən biri Shonazar Shoabdurakhmanovun adlarını çəkmək olar.