Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib
“2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 500-dir. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın başlanıldığı 18 iyul tarixindən indiyədək 32 381 uşağın bağçaya qəbul olunması ilə bağlı valideynlərə SMS göndərilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova səsləndirib.
O qeyd edib ki, bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün alternativ olaraq qısamüddətli təlim qrupları fəaliyyət göstərir. Bu qruplar, əsasən, ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik 2 saatlıq təlimlərə cəlb olunub: “2018-ci ildən tətbiq olunan bu model qadınların məşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqların məktəbəqədər təhsillə tanışlığı baxımından önəmlidir. 2025/2026-cı tədris ilində bu proqram çərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir”.



