Bu günün gənci, sabahın ümidi: Azərbaycan gəncliyi nə arzulayır?
Gənclik hər bir dövlətin həm gələcəyi, həm də bugünkü güzgüsüdür. Bir ölkənin sabaha nə vəd etdiyini anlamaq üçün onun gənclərinə baxmaq kifayətdir. Məhz bu baxımdan Azərbaycan Gəncləri Günü dövlətin gənclərə verdiyi dəyərin, cəmiyyətin isə gənclərdən gözləntilərinin ifadəsidir.
Dünyada gənclərin rolu və hüquqları ilə bağlı məsələlər beynəlxalq səviyyədə XX əsrin sonlarından etibarən daha sistemli şəkildə gündəmə gətirilib. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 12 avqust Beynəlxalq Gənclər Günü kimi qeyd olunur və bu tarix gənclərin sosial, iqtisadi və mədəni proseslərdə fəal iştirakının təşviqinə xidmət edir. Lakin Azərbaycan bu məsələdə beynəlxalq trendləri gözləmədən, müstəqilliyinin ilk illərindən gənclər siyasətini dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Azərbaycanda 2 Fevral – Azərbaycan Gəncləri Günü 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla təsis olunub. Bu qərar müstəqil Azərbaycan dövlətinin gənclərə olan etimadının və inamının rəmzi kimi tarixə düşüb. Təsadüfi deyil ki, müstəqillikdən sonra formalaşan dövlət institutları sırasında gənclərlə bağlı siyasətin qurulması prioritet istiqamət kimi seçilib və bu sahə üzrə xüsusi dövlət qurumları – Gənclər və İdman Nazirliyi yaradılıb. Bu addımlar gənclərin yalnız gələcəyin yox, elə bu günün də fəal iştirakçısı kimi qəbul edildiyini göstərirdi.
Bu gün Azərbaycan dövləti gənclər üçün təhsil, məşğulluq, könüllülük, idman, innovasiya və beynəlxalq proqramlarda iştirak sahələrində geniş imkanlar yaradır. Dövlət proqramları, təqaüdlər, gənclər təşkilatları, könüllü hərəkatları və beynəlxalq layihələr gənclərin potensialının üzə çıxarılmasına xidmət edir. Gənclər siyasəti artıq təkcə dəstək mexanizmi deyil, həm də gənclərin cəmiyyətə verdiyi töhfəni dəyərləndirən qarşılıqlı məsuliyyət modelinə çevrilib.
Lakin bütün yaradılan imkanlarla yanaşı, gənclərin öz baxışı, gözləntiləri, sualları və narahatlıqları da var. Məhz buna görə Gənclər Günü yalnız rəsmi təbriklər üçün deyil, gənclərin səsini eşitmək, onların düşüncələrini dinləmək üçün bir fürsətdir. “Azərbaycan müəllimi” olaraq gənclərdən ölkədən nə gözlədiklərini, gənc olmağın onlar üçün nə ifadə etdiyini və bu ölkəyə bir gənc olaraq nə vermək istədiklərini soruşduq. Çünki gənclik haqqında ən doğru sözü yenə gənclərin özü deyə bilər.
Gənclər Gününə həsr olunan tədbirlər çərçivəsində Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II zamanı könüllülük sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən gənclər mükafatlandırılıb. Bu gənclər müxtəlif ali təhsil müəssisələrində təhsil alsalar da, onları birləşdirən ortaq dəyər var: cəmiyyətə faydalı olmaq istəyi və könüllülük ruhu.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan Ağabəy Qədirov da Gənclər Günü münasibətilə təltif olunan gənclərdən biridir. Üzündəki təbəssüm, mükafatlandırılmağın verdiyi haqlı qürurla bildirir ki, könüllülük onun üçün üstünlüklər qazandırıb. Ağabəy Dost Agentliyində könüllü fəaliyyətinə qoşulmasını bu qurumun fəaliyyəti və ətrafındakı insanların təşviqi ilə əlaqələndirir: “Könüllülük mənə, ilk növbədə, sosial sahədə dəyərli təcrübələr qazandırıb, yeni dostlar və geniş ünsiyyət dairəsi formalaşdırıb. Göstərdiyim aktivlik və məsuliyyətli yanaşma nəticəsində fəxri fərmanla təltif olunmaq isə mənim üçün xüsusi motivasiya oldu”.
Ondan gələcəyə aid arzularını və gözləntilərini də soruşduq. Ölkənin gələcəyinə nikbin baxan A.Qədirov bildirir ki, Azərbaycan gəncləri üçün yaradılan imkanlar daha da genişlənəcəyinə, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə uğurlu təşəbbüslərin sayının artacağına ümidi böyükdür.
ASAN Könüllüləri Təşkilatında fəaliyyət göstərən və hazırda Sabirabad Regional “ASAN Xidmət” Mərkəzi üzrə nümayəndə olan Maarif Əliyev isə könüllülüyə dostlarının nümunəsi əsasında başladığını deyir. Onun fikrincə, könüllü fəaliyyət yalnız sosial məsuliyyət deyil, eyni zamanda şəxsi inkişaf üçün ciddi platformadır: “Tədbir və layihələrin təşkili ilə iki ildir ki, məşğul oluram və aktiv fəaliyyət göstərdiyimə görə “İlin könüllüsü” adına layiq görülmüşəm”.
O, gənclərin inkişafı üçün mövcud şəraitin yetərli olduğunu vurğulayaraq bildirir ki, bu imkanlardan düzgün istifadə etmək artıq gənclərin öz məsuliyyətidir.
Sumqayıt Dövlət Universitetində (SDU) “Psixologiya” ixtisası üzrə təhsil alan Nərmin Əliyeva könüllülük fəaliyyətinə 2024-cü ildən qoşulduğunu, hazırda isə koordinator vəzifəsində çalışdığını deyir. O, könüllülük fəaliyyətinin onun həyatına qazandırdığı dəyərlərdən də söz açıb: “Müxtəlif elmi, sosial və əyləncə yönümlü tədbirlərdə iştirak etmişəm, könüllülük mənə sosial mühit, dostluqlar və real iş təcrübəsi qazandırıb. Məhz bu fəaliyyətlər iş həyatına adaptasiya prosesində böyük üstünlük yaradır”.
Gələcək planlarından danışan gənc psixologiya sahəsində biliklərini praktikada tətbiq edərək insanlara və cəmiyyətə faydalı olmağı qarşısına məqsəd qoyduğunu bildirir və gənclərin tədbirlərdə iştirak imkanlarının daha da artırılmasını arzulayır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin üçüncü kurs tələbəsi Nigar Hüseynova isə könüllülük fəaliyyətinə birinci kursdan başladığını qeyd edir. 2024-cü ildən etibarən Gənc Könüllülər Təşkilatında fəaliyyət göstərən gənc aktivliyi və məsuliyyətli yanaşması ilə fərqlənərək təşkilatın heyətinin üzvü və PR meneceri olub: “Bu vəzifənin mənə həvalə olunması daha böyük məsuliyyətdir. Bu da illər boyunca könüllülük fəaliyyətində qazandığım təcrübənin nəticəsidir. Düşünürəm ki, gənclər təkcə universitet həyatı ilə kifayətlənməməli, mütləq şəkildə ictimai təşkilatlarda fəaliyyət göstərməlidirlər. Bu vasitə ilə həm ünsiyyət, həm də komanda da işləmək bacarığını inkişaf etdirə bilərlər”.
Gənclər Günü münasibətilə gözləntilərindən danışan Nigar Hüseynova mövcud şəraitdən razı olduğunu, cəmiyyətə isə əsas töhfəsini xidmət sahəsində, insanlarla birbaşa ünsiyyətdə olmaqla verə biləcəyini bildirir.
Onların bu fikirləri bir daha göstərir ki, Azərbaycan gəncliyi könüllülüyü sadəcə fəaliyyət yox, dəyər kimi qəbul edir. Onlar dövlətin yaratdığı imkanlardan yararlanmaqla yanaşı, cəmiyyətə real töhfə verməyi, məsuliyyət daşımağı və gələcəyin qurucularına çevrilməyi qarşılarına məqsəd qoyurlar.



