Bu günün medalçıları, sabahın dünya çempionları
Gənc idmançılarımızın əzm və inamla qazandıqları qələbələr onları gələcək uğurlar üçün ruhlandırır. "Azərbaycan müəllimi" bu yaxınlarda ilk dəfə keçirilən Məktəblərin Respublika İdman Olimpiadasında yer tutan məktəblilərimizi oxucularımıza təqdim edir.
“Olimpiadada bürünc medal qazandım”
Rəsul Abbaszadə Bakı şəhərində anadan olub. Artıq 3 ildir ki, yunan-Roma güləşi ilə peşəkar şəkildə məşğuldur. Rəsulu bu idman növünə həvəsləndirən Azərbaycan Deflimpiya Komitəsinin məşqçisi Tərlan Mürvətov olub. Rəsul deyir ki, idman onun həyatının ayrılmaz hissəsinə çevrilib: "Olimpiadada bürünc medal qazandım. Qələbəmin arxasında zəhmətim, əzmim dayanır. Bu səbəbdən də davamlı məşqlərdə oluram. Qeyd edim ki, Zəngilan Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin yetirməsiyəm. Qarşıdakı yarışlarda komandamızı layiqincə təmsil edib, böyük uğurlar qazanacağıma inanıram. Mənə idmanda motivasiya verən, dəstək olan “Təhsil” Respublika İdman Mərkəzinin baş məşqçisi İslam Cəfərova, üzərimdə əziyyəti olan Tarış Əbilova minnətdarlığımı bildirirəm".
“Zaman keçdikcə məndə güləşə sevgi yarandı”
Məktəblərin Respublika İdman Olimpiadasında uğura imza atan digər idmançı İsmayıl Məmmədovdur. O da Zəngilan Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin yetirməsidir. MRİO-da yunan-Roma güləşi üzrə 85 kq çəki dərəcəsində I yerə layiq görülüb: "İki il əvvəl yay tətilimi daha səmərəli keçirmək üçün güləşlə məşğul olmağa başladım. O zaman güləşə həvəskar olaraq başlamışdım. Zaman keçdikcə məndə güləşə qarşı sevgi yarandı, Öz gücümün, potensialımın fərqinə vardım və buna daha məsuliyyətlə yanaşdım. Bütün gücümü, diqqətimi güləşə yönəltdim və zaman keçdikcə respublika, rayon turnirlərində yaxşı nəticələr əldə etdim. Məktəblilərin Respublika İdman Olimpiadasında çempion oldum”.
“Nəticəm istədiyim kimi oldu”
Olimpiadada iki qardaşının dəstəyi, azarkeşliyi ilə gümüş medal qazanan Məhəmmədəli Əliyev də Zəngilan UGİŞM-in yetirməsidir. İdmana ilk akrobatika ilə başlasa da, daha sonra bir müddət cüdo ilə məşğul olub: "5 ildir ki, yunan-Roma güləşi ilə məşğulam. İdmana həvəsim birdən-birə yarandı, valideynlərim də dayaq oldu. Ailəmizdə məndən əlavə qardaşım da idmanla məşğuldur.
Olimpiadaya qatılanda yer tutacağıma inanırdım. Nəticəm istədiyim kimi oldu. İdmanda qazandığım uğurlara görə əziyyətimi çəkən müəllimlərim Tarış Əbilova, "Təhsil" Respublika İdman Mərkəzinin baş məşqçisi İslam Cəfərova təşəkkürüm sonsuzdur".
“Gözləntilər nəticə ilə üst-üstə düşəndə daha gözəl olur”
Olimpiadanın növbəti bürünc medalçısı gələcək yarışlarda dünya və olimpiya çempionu adların qazanmağı hədəfləyən Afəddin Əmənovdur. O 5 ildir ki, güləşlə məşğuldur. Deyir ki, gələcək hədəfi idman karyerasında peşəkar səviyyəyə çatmaqdır: “Qalibiyyətlərim məni bu yolda ruhlandırır. Yarışlara qatılanda gözləntilər nəticə ilə üst-üstə düşəndə daha gözəl olur. Qazanacağım uğurlar qarşıdadır. Mənə dəstək olan ailəmin, müəllimlərimin əməyi danılmazdır”.




