Bu il 20-30 nəfərə “Neuralink”in beyin implantı yerləşdiriləcək

14 Yanvar, 2025 - 17:34
Bu il 20-30 nəfərə “Neuralink”in beyin implantı yerləşdiriləcək
Bu il 20-30 nəfərə “Neuralink”in beyin implantı yerləşdiriləcək

“Tesla” və “X” sosial şəbəkəsinin sahibi, ABŞ-ın “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu İlon Mask 3-cü xəstənin beyninə Neuralink çipinin yerləşdirildiyini açıqlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, İ.Mask bu barədə yanvarın 14-də Las-Veqasda keçirilən və X sosial şəbəkəsi vasitəsilə yayımlanan geniş müsahibəsində bildirib. O, 3-cü şəxsin artıq beynin elektron cihazla məlumat mübadiləsinə imkan verən beyin-kompüter interfeyslərində ixtisaslaşmış “Neuralink” şirkətindən implant aldığını açıqlayıb.

“Artıq “Neuralink” cihazları olan üç nəfərimiz var və onların hamısı mükəmməl işləyir", -deyə E.Mask bildirib.

O qeyd edib ki, təxminən bir il əvvəl qurğunun ilk implantasiyasından sonra şirkət öz texnologiyasını təkmilləşdirib. Əlavə elektrodlar əlavə edilib, siqnalları ötürmə qabiliyyəti artırılıb və batareyanın ömrü uzadılıb.  O, həmçinin bildirib ki, “Neuralink” eksperimental cihazları il ərzində daha 20-30 xəstəyə quraşdırmağı planlaşdırır. O, üçüncü xəstə ilə bağlı təfərrüatları açıqlamasa da, əvvəlki iki xəstə haqqında əlavə məlumat ortaya çıxıb. Keçən yay onurğa beyninin zədələnməsindən iflic olan və implantı alan ikinci xəstə cihazdan video oyunlar oynamaq və 3 ölçülü obyektlər yaratmaq üçün proqramları öyrənmək məqsədilə istifadə edib. Onurğa beyninin zədələnməsindən sonra da iflic olan birinci xəstə cihazdan video oyunlar və şahmat oynamaq üçün istifadə edir.

Qeyd edək ki, Neuralink Corporation — 2016-cı ildə San-Fransiskoda, Elon Mask və səkkiz nevroloq tərəfindən implantasiya edilə bilən beyin-maşın interfeyslərini inkişaf etdirmək üçün qurulan ABŞ neyrotexnologiya şirkətidir.