Bu imtahan müəllimi dəyişirmi? – Sertifikasiyaya baxış

6 İyun, 2026 - 11:16
Bu imtahan müəllimi dəyişirmi? – Sertifikasiyaya baxış

Müasir təhsil sistemi müəllimlərin yalnız bilik daşıyıcısı deyil, eyni zamanda daim inkişaf edən peşəkar şəxsiyyət olmasını tələb edir. Bu baxımdan sertifikasiya imtahanları müəllimlərin pedaqoji, metodiki və fənn biliklərinin obyektiv qiymətləndirilməsi üçün mühüm mexanizm kimi çıxış edir. Müxtəlif təcrübəyə, ixtisasa və pedaqoji yola malik müəllimlərin bu prosesə münasibəti isə fərqli olsa da, ümumi məqsəd eynidir – daha keyfiyyətli təhsil və peşəkar inkişaf.

"Azərbaycan müəllimi" qəzeti builki sertifikasiya imtahanında iştirak edəcək bir qrup müəllim ilə həmsöhbət olub.

Məhəbbət Məmmədov 2014-cü ildə Lənkəran Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. O, elə həmin ildən tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Hazırda Beyləqan rayonu Dünyamalılar kənd tam orta ümumtəhsil məktəbində çalışır.

Onun sertifikasiya imtahanına yanaşması daha çox özünü qiymətləndirmə və peşəkar inkişaf istiqamətindədir. Hesab edir ki, bu imtahan müəllimin bilik və bacarıqlarını obyektiv ölçmək, inkişaf səviyyəsini müəyyənləşdirmək üçün mühüm vasitədir.

Məhəbbət müəllim imtahana ciddi və planlı şəkildə hazırlaşır: mövzuların təkrarı, test tapşırıqları və keçmiş suallar üzərində işləmə onun əsas hazırlıq istiqamətləridir. Eyni zamanda pedaqoji-metodiki biliklərinin təkmilləşməsinə də xüsusi diqqət yetirir. Onun fikrincə, sertifikasiya müəllimlik məsuliyyətini daha da artıran bir prosesdir.

Söhbətimizi Sahib Babayev  ilə davam edirik. Sahib müəllim uzun və zəngin pedaqoji yol keçib. O həm “Hüquqşünaslıq”, həm də “Tarix müəllimliyi” ixtisası üzrə ali təhsil alıb, 1998-ci ildən tarix müəllimi kimi fəaliyyət göstərir. 

Hazırda Saatlı rayonu Varxankənd tam orta ümumtəhsil məktəbində çalışır və uzun illərdir pedaqoji sahədə uğurlu nəticələr əldə edir.

Sahib müəllim üçün sertifikasiya imtahanı təkcə bilik yoxlanışı deyil, həm də müəllim əməyinin qiymətləndirmə formasıdır. O hesab edir ki, bu proses müəllimlərin peşəkar səviyyəsinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Onun pedaqoji fəaliyyətində əsas məqsəd şagirdlərə vətən tarixini sevdirmək, milli düşüncə formalaşdırmaqdır. Sahib müəllim istedadlı şagirdlərin üzə çıxarılmasına xüsusi önəm verir və onun yetirmələri respublika səviyyəli bilik yarışmalarında yüksək nəticələr əldə edib. Hətta şagirdlərindən biri Saatlı rayon tarixində ilk qızıl medal qazanıb.

O, sertifikasiyaya hazırlaşarkən həm fənn biliklərini, həm də metodiki yanaşmalarını yeniləməyə çalışır. Eyni zamanda bu prosesin müəllimlərin sosial və peşəkar vəziyyətinə müsbət təsir göstərə biləcəyini qeyd edir.

Xəyalə Məmmədova İmişli rayonunda fəaliyyət göstərən 7 nömrəli tam orta məktəbdə təsviri incəsənət müəllimi kimi çalışır. Pedaqoji fəaliyyətində şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafına xüsusi diqqət yetirir.

Onun sertifikasiya imtahanına yanaşması daha çox öz peşəkar bacarıqlarının obyektiv qiymətləndirilməsi ilə bağlıdır. Xəyalə müəllimə hesab edir ki, bu imtahan müəllimin məsuliyyətini artırır və onun öz sahəsində daha da inkişaf etməsinə şərait yaradır.
İmtahana sistemli şəkildə hazırlaşır: proqram üzrə mövzuların təkrarı, test tapşırıqları və metodiki biliklərin möhkəmləndirilməsi əsas hazırlıq istiqamətləridir. Onun üçün sertifikasiya yalnız qiymətləndirmə deyil, həm də inkişaf mərhələsidir.

Musa Ələkbərov 1998-ci ildən tarix müəllimi kimi fəaliyyət göstərir. Uzun illər pedaqoji sahədə çalışaraq böyük təcrübə qazanıb.

Musa müəllim sertifikasiya imtahanını müəllimin peşəkar inkişafının yoxlanılması baxımından düzgün addım hesab edir. Onun fikrincə, bu proses müəllimlərin bilik səviyyəsini müəyyənləşdirməklə yanaşı, təhsil sistemində keyfiyyətin yüksəlməsinə xidmət edir.

İmtahana əsasən dərsliklər və ARTİ-nin tövsiyə etdiyi metodik vəsaitlər əsasında hazırlaşır. Eyni zamanda metodik təlimlərin artırılmasını və vahid dərs vəsaitlərinin hazırlanmasını vacib hesab edir. Musa müəllim belə düşünür ki, mövcud ədəbiyyatların çoxu fərqli nəşriyyatlara məxsusdur və bu sahədə sistemləşməyə ehtiyac var.

Müxtəlif təcrübəyə və pedaqoji yola malik müəllimlərin fikirləri göstərir ki, sertifikasiya imtahanı hər kəs üçün fərqli məna daşısa da, ümumi məqsəd eynidir: özünü inkişaf etdirmək və təhsilin keyfiyyətini artırmaq.

Bəzi müəllimlər üçün bu proses öz biliklərini yoxlama vasitəsidirsə, digərləri üçün peşəkar yüksəliş və məsuliyyətin artırılması deməkdir. Lakin bütün müəllimlərdə ortaq fikir ondan ibarətdir ki, sertifikasiya imtahanı müəllimlik peşəsinin daha şəffaf, obyektiv və inkişafyönümlü olmasına xidmət edir.

Nəticə etibarilə sertifikasiya yalnız bir imtahan deyil, müəllimlərin gələcək inkişaf yolunu müəyyən edən vacib bir mərhələdir.