“Bu, mənəvi missiyamdır” – Azərbaycan dilini Qırğızıstanda öyrədəcək müəllim
Qırğızıstanın Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə və Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada Azərbaycan dili fənnini tədris edəcək müəllim artıq işinin başındadır. Həmin müəllim Ülkər Verdiyevadır və o, Azərbaycan dilini tədris etmək üçün bu ölkəyə gedən ilk müəllimdir.
Ülkər Verdiyeva “Azərbaycan müəllimi”nə müsahibəsində bu yolunun hekayəsini danışıb.
Dövlətimizi burada hər kəsə əl uzadan, yardım edən bir dövlət kimi tanıyırlar
-Artıq Qırğızıstandasınız. Niyə oradasınız, Azərbaycan dilini kimlərə öyrədəcəksiniz?
-Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğızıstanda tanıdılması və orada yaşayan soydaşlarımıza azərbaycançılıq ruhunun aşılanması məqsədilə buradayam. 2 məktəbdə fəaliyyət göstərəcəyəm. Bişkek şəhərindəki Nizami Gəncəvi adına 103 nömrəli məktəb və Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziya ilə tanışlıq görüşlərimiz keçirilib. Məktəblərin rəhbərliyi, direktor və pedaqoji kollektivlə tanış olmuşam. Bu görüşlərin gələcək fəaliyyətimi daha düzgün planlaşdırmağım üçün çox faydalı olduğunu düşünürəm.
-Sizi necə qarşıladılar? Azərbaycan dilinə, Azərbaycana maraq varmı?
- Dövlətimizi burada hər kəsə əl uzadan, yardım edən bir dövlət kimi tanıyırlar. Mən də bu imici qoruyub saxlamağa çalışıram. Ölkəmi, təhsilimizi burada layiqincə təmsil edirəm. Məsələn, geyim qaydasına xüsusi diqqət yetirirəm. Hətta ötən həftə səfərliyin, Qırğız Respublikası Təhsil Departamentinin nümayəndələri ilə paytaxt Bişkekdə yerləşən Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyaya getdim. Direktor Kanikey Alimkulova bizi qapıda qarşıladı və görüşərkən rəğbətini gizlətmədi, “Siz əsl müəllimə oxşayırsınız, geyiminiz çox gözəldir”, - dedi. Bakıda üç il müəllim işləmişəm. 300 nömrəli məktəbin direktoru illərdir vahid geyim tətbiq edib və mən bu geyimə hələ Bakıdan alışmışam. Düşünürəm ki, burada da bir müəllim obrazı yarada bilmişəm və bu mənim üçün çətin olmayıb. Bir sözlə, Azərbaycana və özümə qarşı çox güclü maraq hiss edirəm. Müəllimlər otağında müəllimlərdən biri dərsimdə iştirak etmək üçün icazə istədi. Ona bildirdim ki, məktəb rəhbərliyi icazə verirsə, mənim üçün problem yoxdur.
-“Müəllim” demişkən, müəllim yoldaşlarınızla necə dil tapırsınız?
- Məktəbin tədris hissə müdiri bizə rus dilində danışmağı qəti qadağan edib. Şərti belədir ki, qırğız və Azərbaycan dilində bir-birimizi anlamağa çalışaq. Çətinlik yaranarsa, türk dilinə, hətta ingilis dilinə belə müraciət eləyə bilərik, amma rus dilində danışmayaq. Biz də buna əməl etməyə çalışırıq.
-Deyəsən, siz onlara Azərbaycan dilini öyrətməyə başlamadan onlar sizə qırğız dilində danışmağı öyrədəcəklər. Bəzi səsləri onlar kimi tələffüz edirsiz...
- Bəli, bunu mənə yaxınlarım da deyir. Bu da təbiidir, məncə. Öyrənmə qarşılıqlı olacaq. Onlar məndən, mən də onlardan öyrənəcəyəm.
İş planı işə başlamadan qurulub
- Maraqlıdır, necə öyrədəcəksiniz? Bununla bağlı planınız varmı?
-Bəli, əlbəttə. Burada Azərbaycan dilini həmin məktəblərin şagirdlərinə xarici dil kimi tədris edəcəyəm. Azərbaycan dilinin qrammatikasından çox nitq bacarıqları formalaşdırmağa çalışacağam. Dərsləri şagirdlərin yaş və dil səviyyələrinə uyğun təşkil etməyi planlaşdırıram. İşə başlamadan planlaşdırma aparılıb. Tədris cədvəlləri müəyyənləşdirilib, fəaliyyət planı hazırlanıb və sənədləşmə işləri həyata keçirilib. Hazırda isə fəaliyyətə başlama mərhələsindəyik. Həm rus bölməsinin, həm də qırğız bölməsinin şagirdlərinin təhsil aldığı məktəblərdə fakultativ dərs və məşğələ keçəcəyəm.
-Tədris planınızın hazırlanmasına Azərbaycandan dəstək göstəriləcək?
-Tədris planını, demək olar ki, özüm hazırlamışam. “Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkil üçün qrant müsabiqəsi”nə müraciət etdiyim zaman fəaliyyət planımın tərkib hissəsi kimi tədris planını özüm hazırlayıb layihəyə əlavə etmişdim. Odur ki, burada istifadə edəcəyim proqram əvvəlcədən hazırlanmış layihə və tədris məqsədlərim əsasında qurulub. Eyni zamanda, şagirdlərin səviyyəsini və məktəbin yerli tədris şəraitini nəzərə alaraq proqramda müəyyən uyğunlaşdırmalar aparacağam.
-Tədris proqramınız Azərbaycandakı proqramlardan nə qədər fərqlənəcək?
-Qırğıs Respublikasında Azərbaycan dilininin tədrisində əsas məqsədimiz dilimizi şagirdlərə praktik və kommunikativ şəkildə öyrətməkdir. Azərbaycan məktəblərindəki proqramdan fərqli olaraq burada əsas diqqəti dilin xarici dil kimi tədrisinə yönəldəcəyəm. Yəni qrammatika ilə yanaşı, gündəlik ünsiyyət, danışıq, dinləyib-anlama, oxu və yazı bacarıqlarının inkişafına daha çox üstünlük veriləcək. Bundan əlavə, dərslərdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərləri və tarixi ilə bağlı materiallardan da istifadə edəcəyəm. Məqsəd yalnız dil öyrətmək deyil, eyni zamanda Azərbaycanı və onun mədəniyyətini tanıtmaqdır.
Layihəyə yalnız müəllim kimi deyil, həm də Azərbaycanı təmsil edən bir pedaqoq kimi yanaşıram
-Qırğızıstanda müəllimlik fəaliyyəti ilə bağlı qərarı necə verdiniz, çətin olmadı ki?
-14 ildir müəlliməm və mənim üçün müəllimlik yalnız müəyyən bir fənni tədris etmək və şagirdə bilik verməkdən ibarət deyil. Müəllim eyni zamanda insan yetişdirir, dünyagörüşü formalaşdırır, müxtəlif xalqlar və mədəniyyətlər arasında körpü yaradır.
Azərbaycan dili və mədəniyyətinin başqa bir türk dövlətində təbliğində iştirak etmək mənim üçün sadəcə peşəkar fəaliyyət deyil, həm də mənəvi bir missiyadır. Azərbaycan və qırğız xalqları böyük türk dünyasının nümayəndələridir. Dilimiz, tariximiz, adət-ənənələrimiz və mənəvi dəyərlərimiz arasında çoxsaylı ortaq və yaxın cəhətlər var. Mən də özümü bu ortaq mədəniyyətin bir parçası kimi görürəm. Düşündüm ki, uzun illər ərzində qazandığım pedaqoji təcrübəni yalnız öz ölkəmdə deyil, türk xalqlarının bir-birinə daha da yaxınlaşmasına xidmət edən bir sahədə də istifadə edə bilərəm. Azərbaycan dilini qırğız şagirdlərə öyrətməklə onların yalnız yeni dil öyrənməsinə deyil, Azərbaycanı, onun mədəniyyətini, ədəbiyyatını və xalqımızın dəyərlərini daha yaxından tanımalarına töhfə verə bilərəm. Bu baxımdan mənim üçün bu layihə həm müəllim kimi inkişaf etmək, həm də Azərbaycanı təhsilini layiqincə təmsil etmək imkanıdır. İstəyirəm ki, burada keçdiyim hər dərs iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinə kiçik də olsa, töhfə versin.
Düşünürəm ki, dil insanlar və xalqlar arasında ən mühüm ünsiyyət vasitələrindən biridir. Azərbaycan dilinin burada tədrisi şagirdlərin dil biliklərini artırmaqla yanaşı, Azərbaycanı daha yaxından tanımalarına, iki ölkə arasında mədəni əlaqələrin güclənməsinə də xidmət edə bilər. Bu səbəbdən layihəyə yalnız müəllim kimi deyil, həm də Azərbaycanı təmsil edən bir pedaqoq kimi yanaşıram.
-Xəyalınızda bu işi və yeni ölkədə müəllimliyi necə canlandırırdınız? Orada gördükləriniz xəyalınızdakına uyğun gəlirmi?
-Təsəvvür edirəm ki, sinfə daxil oluram və qarşımda Azərbaycan dilini ilk dəfə öyrənən və ya bu dilə maraq göstərən şagirdlər dayanıb. Mənim üçün ən böyük sevinc onların zaman keçdikcə Azərbaycan dilində sözlər deməyi, cümlələr qurmağı, Azərbaycan haqqında suallar verməyi və öyrəndiklərini gündəlik ünsiyyətdə tətbiq etməyidir. Xəyal etdiyim dərs yalnız kitab və qrammatika üzərində qurulmayıb, Azərbaycan musiqisi, ədəbiyyatı, filmləri, milli adət-ənənələri, tarixi şəxsiyyətləri və mədəni irsi də dərslərimizin bir hissəsinə çevrilir. Beləliklə, şagird Azərbaycan dilini öyrənərkən həmin dilin daşıdığı mədəniyyəti də tanıyır.
Yeni ölkədə yaşamaq və işləmək mənim üçün həm də yeni insanlarla tanış olmaq, onların təhsil sistemini, məktəb mühitini və mədəniyyətini yaxından müşahidə etmək deməkdir. Bu yeni mərhələni özüm üçün həm peşəkar, həm də mənəvi baxımdan çox maraqlı və əhəmiyyətli bir təcrübə hesab edirəm. Eyni zamanda, öz təcrübəmi də onlarla bölüşmək istəyirəm. Bu işi iki istiqamətli mədəni və pedaqoji mübadilə kimi görürəm: mən Azərbaycandan gətirdiyim bilik və təcrübəni bölüşəcəyəm, eyni zamanda Qırğızıstanın təhsil və mədəniyyət mühitindən yeni təcrübələr qazanacağam.
-Yəni orada müəllimlik Azərbaycandakından fərqlənir?
-Təbii ki, hər ölkənin təhsil sisteminin özünəməxsus xüsusiyyətləri var. Məktəblərin iş prinsipləri, tədris metodları, şagird-müəllim münasibətləri və təşkilati yanaşmalar fərqlənə bilər. Amma mənim üçün müəllimlik peşəsinin əsas mahiyyəti ölkədən və millətdən asılı deyil.
Əgər müəllim bir insanın zehnini aydınlandıra, ona düşünməyi, öyrənməyi, düzgün seçim etməyi öyrədə bilirsə, burada milliyyətin fərqi yoxdur. Çünki müəllimin işi yalnız elm və bilik öyrətmək deyil, eyni zamanda insana insanlığı, məsuliyyəti, hörməti, əməksevərliyi və vətəndaş olmağı öyrədir. Bu dəyərlər bütün cəmiyyətlər üçün universaldır. Fərq ondadır ki, mən burada müəllim kimi öz ölkəmi də təmsil edirəm. Buna görə buradakı fəaliyyətimin əlavə məsuliyyəti də var. Belə ki, Azərbaycan və qırğız xalqları arasında ortaq tarixi və mədəni bağlar mövcuddur. Bu yaxınlığı yalnız tarixi fakt kimi deyil, gələcəyə yönəlmiş bir imkan kimi görür, türk dünyasının daxilində qarşılıqlı anlaşmanın və yaxınlaşmanın kiçik, amma dəyərli bir nümunəsi hesab edirəm. Bu səbəbdən burada müəllimlik etmək mənim üçün həm peşəkar məsuliyyət, həm də böyük qürur mənbəyidir.
Bir də ki, şagirdin milli mənsubiyyəti heç vaxt onun təhsilinə münasibətimi müəyyənləşdirmir. Mənim üçün hər bir şagird ilk növbədə şəxsiyyət və öyrənmək hüququ olan bir insandır. Hər bir şagirdə eyni diqqət, hörmət və qayğı ilə yanaşmaq müəllimlik prinsipimin əsas hissəsidir. Amma türk xalqlarının nümayəndələrinə Azərbaycan dilinin tədrisi mənə qürur verir. İstəyirəm ki, şagirdlər məni yalnız Azərbaycan dilini öyrədən müəllim kimi deyil, Azərbaycan haqqında ilk və ya mühüm təəssüratlarını formalaşdıran insanlardan biri kimi qəbul etsinlər.
Azərbaycanın “Çalıquşu” Qırğızıstandadır: “Dünyadakı müəllimlik missiyamın başlanğıcıdır”
-Bir gün müəllimlik etmək üçün Qırğız Respublikasına gedəcəyiniz ağlınıza gələrdimi?
-Konkret olaraq Qırğız Respublikası olmasa da, bir gün başqa ölkədə müəllimlik etmək arzum uşaqlıqdan var. Hələ yeniyetmə çağlarımda “Çalıquşu” filmini izləmişdim və Fəridəni çox sevirdim. Ailəsindən uzaqda, kənd məktəbində müəllim olan qızın həyatı mənim üçün maraqlı idi. Düşünürdüm ki, müəllim olsam, bəlkə, mən də başqa bir yerdə, ailəmdən uzaqda uşaqlara dərs keçərəm. Bu səbəbdən Qırğız Respublikasında müəllimlik mənim üçün sadəcə yeni iş yeri deyil, illər əvvəl yaranmış bir arzunun gerçəkləşməsi, dünyadakı müəllimlik missiyamın başlanğıcıdır.
-Başqa hansı ölkədə müəllim olmaq istərdiniz?
-Mənim üçün əsas məsələ ölkə deyil, Azərbaycan dilini və mədəniyyətini təbliğ edə biləcəyim, şagirdlərlə bilik və təcrübəmi paylaşa biləcəyim bir mühitin olmasıdır.
Əgər gələcəkdə başqa bir ölkədə də Azərbaycan dilinin tədrisi və Azərbaycan mədəniyyətinin tanıdılması ilə bağlı belə bir imkan yaranarsa, bunu məmnuniyyətlə dəyərləndirərəm.




