Bu peşə təhsil mərkəzinin yeni korpusu gələn il istifadəyə veriləcək
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmir edilən birinci korpusu növbəti tədris ilində istifadəyə veriləcək.
Bu barədə “Azərbaycan müəllimi”nə mərkəzin direktoru səlahiyyətlərini icra edən Səbinə Hacıyeva məlumat verib. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial iqtisadi inkişaf strategiyası” çərçivəsində reallaşdırılan bu layihənin əhəmiyyəti sadəcə yeni bir bina ilə təmir olunmaq deyil: “Bu, peşə təhsilində yeni mərhələnin başlanğıcıdır. Yeni korpusun istifadəyə verilməsi ilə mərkəzimiz tamamilə fərqli səviyyəyə yüksələcək”.
S.Hacıyevanın sözlərinə görə, birinci korpusun istifadəyə verilməsi ilə mərkəzdə tədrisin keyfiyyəti daha da yaxşılaşacaq: “2025/2026-cı tədris ili üçün plan yerlərinin sayı 860 olub, hazırda mərkəzimizdə ümumilikdə 1149 tələbə təhsil alır. Tədris ikinövbəli aparılır. Yeni korpusun istifadəyə verilməsi ilə bir növbə üzrə 1480 tələbəyə təhsil vermək imkanımız olacaq. Bu isə qəbul planımızın mərhələli şəkildə əhəmiyyətli dərəcədə artırılması deməkdir”.
Yeni tədris ilində istifadəyə veriləcək korpus bəzi ixtisaslar üzrə, xüsusilə praktik yönümlü sahələrdə kadr hazırlığı prosesində keyfiyyət dəyişikliyinə səbəb olacaq: ““Elektrik avadanlıqlarına xidmət və təmir”, “Lift üzrə elektrik mexanikası”, “Qaz elektrik qaynaqçılığı”, “Nəzarət-ölçü və avtomatika”, “IT və şəbəkə texnologiyaları”, “Avtomatlaşdırılmış texnologiyalar”, “Günəş enerji sistemləri”, “Külək enerji sistemləri” ixtisasları üzrə hazırlığın keyfiyyəti yüksələcək”.
S.Hacıyeva əlavə edib ki, hazırda istehsalat təlimlərini mərhələli və planlı şəkildə təşkil edirlər: “Məsələn, “Kompüter təmiri və xidməti üzrə texnik” ixtisası üçün bir qrupumuz nəzəri və istehsalat təlimi dərsləri tamamlandıqdan sonra müəssisələrə göndərilib. İkinci qrup hazırda praktiki hazırlıq mərhələsindədir. Bu ixtisas üzrə hazırlıq əsaslı təmirdən sonra öz emalatxanamızda aparılacaq. Tələbələrimiz dərslərini emalatxanalarımızda keçəcəklər. Hazırda mərkəzimizdə alternativ enerji üzrə müasir qurğular mövcuddur və tədris real avadanlıqlar üzərində aparılır”.
Növbəti tədris ili üçün yeni ixtisaslar da planlaşdırılır: “Yeni tədris ili üçün perspektiv istiqamətlər də var. Nəzərdə tuturuq ki, “PLC və sənaye avtomatikası”, “Sənaye robotikası”, “Ağıllı ev və bina idarəetmə sistemləri”, “Elektronika və mikroprosessor texnologiyaları” və “Enerji effektivliyi və texniki servis” ixtisasları üzrə hazırlığa başlayaq”.



