“Bu, son deyil” - Kənd məktəbinin ilk olimpiada uğuru 

29 Aprel, 2026 - 12:24
“Bu, son deyil” - Kənd məktəbinin ilk olimpiada uğuru 

Respublika fənn olimpiadasının coğrafiya fənni üzrə elan edilən nəticələrinə əsasən, Seymur Əhmədov bürünc medal qazanıb. Onun qazandığı bu uğur məktəbin tarixində ilk RFO uğurudur. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Seymur Əhmədov Ağcabədi rayonunun Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdidir.

Seymur deyir ki, coğrafiya fənni  onun üçün hər zaman maraqlı olub və bu sahədə özünü inkişaf etdirmək çətin deyil, əksinə zövq verir. 

"Olimpiadanın 1-ci və 2-ci turları nisbətən rahat keçdi, lakin final mərhələsi əvvəlki turlarla müqayisədə daha məsuliyyətli və çətin idi. Çətinliklər olsa da, göstərdiyim nəticəyə görə bürünc medala layiq görüldüm.

Bu nəticə həm məni, həm də məktəbimizi sevindirdi. Çünki bu nəticə məktəbimizin tarixində ilkdir. Mən bu uğura intizamlı hazırlıqlarım sayəsində nail oldum. Dərslərimə məsuliyyətlə yanaşmağa çalışmışam və bu zəhmətin nəticəsini görmək məni daha da ruhlandırır. Nəticəmin uğurlu olmasında müəllimlərimin zəhməti, mənə göstərdikləri dəstək, valideynlərimin daim yanımda olması, mənə güvənməsi ən böyük dayaq rolunu oynayıb. 

Bu nailiyyət mənim üçün bir son deyil, əksinə daha böyük hədəflərə doğru atılan bir addımdır. Gələcəkdə də öz üzərimdə daha çox çalışaraq daha yüksək nəticələr əldə etməyə davam edəcəyəm".