Bu tədris ilində NDU-ya 305 əcnəbi tələbə qəbul olub

31 Mart, 2026 - 16:11
Bu tədris ilində NDU-ya 305 əcnəbi tələbə qəbul olub

2025–2026-cı tədris ilində NDU-ya 305 əcnəbi tələbə qəbul olub.

2025–2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində payız və yaz semestrləri üzrə əcnəbi tələbələrin qəbulu aparılıb. Qəbul “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”, “Hökümətlərarası Təqaüd Proqramı” (HTP) və müəssisənin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında həyata keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbul müsahibələri onlayn və üz-üzə formatda həyata keçirilib.

Qəbul prosesi müddətində hazırlıq kursuna 220 nəfər, birbaşa qəbul üzrə 85 nəfər olmaqla ümumilikdə 305 əcnəbi tələbə qəbul olunub. Yeni qəbul edilən tələbələr Türkiyə, Pakistan, Hindistan, Yəmən, Kamboca, Tanzaniya, Qana, Almaniya, Qazaxıstan, Gürcüstan, Fələstin, Somali, Ukrayna, Koreya, Rusiya, Mərakeş və Sudan vətəndaşlarıdır. Tələbələr tədrisi Azərbaycan və ingilis dillərində olan “Musiqi müəllimliyi”, “Kompüter mühəndisliyi”, “Baytarlıq təbabəti”, “İqtisadiyyat”, “Beynəlxalq münasibətlər”, “Əczaçılıq”, “Stomatologiya”, “Tibb bacısı”, “Memarlıq”, “Xarici dil müəllimliyi”, “Hüquqşünaslıq”, “İnformasiya texnologiyaları”, “Elektrik-elektronika mühəndisliyi”, “Psixologiya”, “Beynəlxalq ticarət və logistika” və “Tibb” ixtisaslarında təhsil alırlar.

Hazırda Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” Proqramı ilə 11, “Hökümətlərarası Təqaüd Proqramı” ilə 1 əcnəbi tələbə təhsil alır.