Bu tələbələr qəbul imtahanında 400 bal topladılar – SİYAHI

17 İyun, 2026 - 20:04
Bu tələbələr qəbul imtahanında 400 bal topladılar – SİYAHI

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbinin məzunu Rüstəmli Banuçiçək Bəxtiyar qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.9 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 688.9 bal toplayan Rüstəmli Banuçiçək II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstərib. Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal, Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb. 

Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızıdır. O, imtahanın birinci mərhələsində 293.8, ikinci mərhələsində isə 396.2 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.