Bu uğurum şagirdlərim üçün böyük motivasiya mənbəyi oldu - Emil Bayramov

21 Yanvar, 2026 - 16:37
Bu uğurum şagirdlərim üçün böyük motivasiya mənbəyi oldu - Emil Bayramov

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi Emil Bayramov 10-14 yanvar 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş VIII Beynəlxalq Müəllimlərarası Fizika Olimpiadasında iştirak edib. O, yüksək bilik və peşəkarlıq nümayiş etdirərək gümüş medal qazanıb.

“Azərbaycan müəllimi” Emil Bayramovun müəllimlik yoluna nəzər salaraq qazandığı uğurları və peşəkar inkişaf mərhələlərini oxuculara təqdim edir.

Emil Bayramov 2010-cu ildə Bakı Dövlət Universitetindən “Fizika” ixtisası üzrə məzun olub. 2011-ci ildən pedaqoji fəaliyyətdədir, artıq 15 ildir ki, orta məktəbdə fizika fənnini tədris edir. Uzun illər ərzində əldə etdiyi bilik və təcrübə onun peşəkar müəllim kimi formalaşmasında mühüm rol oynayıb.

Müəllimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olaraq, Emil Bayramov 2018-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib, 2023-cü ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Elə həmin il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müəllimlərarası respublika olimpiadasında I yerə layiq görülüb. 2024-cü ildə isə “Örnək müəllim” layihəsinin qalibi olub.

Emil müəllimin pedaqoji fəaliyyəti yalnız şəxsi nailiyyətlərlə deyil, həm də şagird uğurları ilə müşayiət olunur. Müxtəlif illərdə onun 4 şagirdi Respublika fənn olimpiadalarında fizika fənni üzrə 2 gümüş və 2 bürünc medal qazanıb.

Məqsədlərindən biri şagirdlərini beynəlxalq səviyyəli yarışlara hazırlamaqdır

Emil müəllimlə həmsöhbət olarkən onun dərs prosesində şagird marağının artırılmasına xüsusi önəm verdiyini görürük: “Şagirdlərimin fizikaya olan marağını artırmaq üçün dərs prosesində yeni, müasir metodlardan istifadə etməyə çalışıram. Əsasən dərsdə müəyyən təcrübələr, eksperimentlər edirəm. Bundan əlavə, yerli vəsaitlərlə yanaşı, xarici vəsaitlərdən də istifadə edirəm ki, bu da şagirdlərimin fizikaya olan marağını daha da artırır”.

Gələcək hədəfləri barədə danışan müəllim bildirir ki, əsas məqsədlərindən biri şagirdlərini beynəlxalq səviyyəli yarışlara hazırlamaqdır: “Qarşıya qoyduğum əsas məqsədlərdən biri şagirdlərimi beynəlxalq olimpiadalara hazırlaşdırmaq, daha çox uğur qazanmalarına dəstək olmaqdır”.

Beynəlxalq olimpiadadakı uğurundan danışan müəllim hazırlıq prosesinə ciddi yanaşdığını bildirir: “Hazırlıq prosesi sistemli çalışma və mövzu dərinləşməsi ilə keçdi. Tapşırıqlar yüksək səviyyəli və analitik düşüncə tələb edirdi. Tam dünya olimpiada proqramını əhatə edirdi. Bu olimpiada mənə, ən əsası, yaradıcı düşünməni qazandırdı. Belə olimpiadaların keçirilməsi müəllimlər arasında metodiki mübadiləni gücləndirir. Bu olimpiadada uğur qazanmaq mənim məsuliyyətimi daha da artırdı və ən əsası, bu uğurum şagirdlərim üçün böyük motivasiya mənbəyi oldu”.

Həmkarlarına tövsiyələrini də bölüşən Emil Bayramov qeyd edir: “Həmkarlarıma məsləhətim odur ki, birinci növbədə peşələrini sevsinlər və daim öz üzərlərində çalışsınlar”.

Peşəsinə sevgi, davamlı inkişaf və yüksək məsuliyyət hissi Emil Bayramovu həm müəllim, həm də örnək pedaqoq kimi fərqləndirir. Emil müəllimi təbrik edir və daha böyük uğurlar arzulayırıq.