“Burada həm təhlükəsizlik, həm də ümid tapdıq” – NDU-nun əcnəbi tələbələri
“Sakit küçələri, işıqlı gecələri və mehriban insanları var”. Demək olar ki, söhbət etdiyimiz hər bir əcnəbi tələbə Naxçıvan haqqında belə deyir. Naxçıvan Dövlət Universitetində (NDU) oxuyan əcnəbi tələbələr üçün bu şəhər həm parlaq gələcəklərinə gedən yol, həm də fərqli mədəniyyətlərin qovuşduğu bir ünvan kimi yadda qalır.
Məlumat üçün bildirək ki, 2025–2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində 1712 əcnəbi tələbə təhsil alır ki, onların 250-dən çoxu bu il məzun olacaq. Ümumilikdə isə 8 tələbə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” təqaüdü ilə təhsil alır. Təqaüd alanlardan 3 nəfəri – yəmənli Ayah Albarqi, Hanan Shawafi və Kambocadan gələn Channeary Kim hazırda universitetdə hazırlıq kursundadırlar.
“Azərbaycan müəllimi” onlarla həmsöhbət olub. Yeni gəldikləri üçün dilimizi bilmirlər deyə, onlarla ingilis dilində söhbətləşirik. Amma ara-ara yeni öyrəndikləri Azərbaycan dilində sözlərdən də istifadə edirlər.
“Burada ingilis dilli tibb ixtisası var”
Kambocadan olan Channeary Kim Naxçıvanı seçmə səbəbini belə izah edir: “Atam “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” təqaüdü haqqında elanı gördü. Sonra Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq, onlardan bu elan barədə dəqiq məlumat əldə etdik və müraciət elədik”.
O, seçimində əsas rol oynayan məqamı da vurğulayır: “İxtisasıma görə buranı seçdim. Burada ingilis dilli tibb ixtisası var idi, digər universitetlərdə görmədim. Aztəminatlı ailələrə verilir, nazirliyin xətti ilə müsahibə keçirilir, niyə buranı seçmək istədikləri dəyərləndirilir, təqaüdə düşürsə seçilir”.
Kambocalı tələbənin Naxçıvan haqqında təəssüratlarında şəhərin təhlükəsizliyi və sakitliyi də yer alır: “Burada çoxlu təcrübələr əldə edirəm. Şəhər çox sakitdir, gecələri çox işıqlı olur. Buradan baxanda gözəl mənzərələr görsənir. Ən əsası buradakı insanlar mehribandır, şəhər etibarlıdır, düşünmürük ki, kimsə əşyamızı oğurlayar”.
Düşünürük ki, yeni gəldiyi üçün ölkəsi üçün darıxar. Amma etirafı səmimi olur: “Sadəcə yeməkləri üçün darıxıram. Hər gün əlaqə saxlamıram, yeni bir xəbər yoxdur, bilirəm ki, normaldırlar”.
Azərbaycan mətbəxindən isə xüsusilə dolmanı sevdiyini deyir: “Burada bankda olan Azərbaycan vətəndaşı ilə tanış olmuşam, o məndən xahiş edib ki, mənə ingilis dili öyrənməyə kömək et. Mən dil öyrədirəm deyə onlar mənə yemək bişirib gətirmişdilər. Dolmanı o zaman daddım”.
Gələcək planları isə böyükdür: “Gələcəkdə ixtisaslaşmaq, buradan sonra isə Türkiyədə uzmanlığımı davam etdirmək istəyirəm. Ondan sonra ölkəmə qayıdıb hospital açmaq planım var”.
“Bəzən ailəm üçün ağlayıram”
Yəmənli Ayah Albarqi isə bu proqram haqqında qardaşından eşitdiyini deyir. Onun qardaşı artıq 3 ildir ki, təqaüd proqramı ilə Bakı Dövlət Universitetinin tibb fakültəsində təhsil alır: “Mənə qardaşım bu təqaüd proqramı haqqında məlumat verdi. Məsləhət gördü ki, əgər başqa ixtisas istəyirsənsə, BDU-ya gəl, amma tibbi istəyirsənsə NDU-nu seç”.
O, vətənə bağlılığını gizlətmir: “Yəmənin hər şeyi üçün darıxıram, ailəmiz üçün darıxıram, bəzən elə olur ki, ağlayıram. Hər gün ailəmlə danışıram, mənə zəng vuranda cavab verməyəndə tez otaqdakı dostlarıma yazırlar ki, hardadı, niyə telefona baxmır”.
Azərbaycan mətbəxi ilə bağlı təəssüratları da maraqlıdır: “Azərbaycan düyüsü olduqca dadlıdır, buranın bütün yeməklərini sevirəm. Amma bir xala mənə bir yemək gətirdi yataqxanada, onun içində toyuq, kartof, pomidor da var idi, onu xoşlamıram”.
Dil baryerinin çətinlik yaratdığını da qeyd edir: “Dil probleminə görə bir az dostlaşmağa çətinlik çəkirəm. Yataqxanada mən qaldığım mərtəbədə qızlar ingilis dilində sözlər bilmir, mətbəxtdə qarşılaşanda bəzən salamlaşırıq”.
Gələcək planı isə artıq müəyyənləşib: “Qardaşım da tibbdə oxuyur, burada bitirəndən sonra öz ölkəmə qayıdıb, Yəməndə yox, Misirdə özəl xəstəxana açmaq istəyirik. Çünki Misirdə tibb inkişaf edib. İkimizin də qərarı odur”.
“Buranın insanları çox yaxşıdır”
Digər yəmənli tələbə Hanan Şavafi isə seçimindən əvvəl ciddi araşdırma apardığını deyir: “Mən də araşdırdım ki, burada ingilis dilində tibb var, üstünlükləri çoxdur. Məlumat aldım ki, insanları çox yaxşıdır. Valideynlərimə də bunları izah elədim, onlar da buraya gəlib oxumağıma icazə verdi ki, sakit şəhərdir”.
O, Azərbaycan insanının qayğıkeşliyini xüsusi vurğulayır: “Yeməklərini xoşlayırıq, amma öz yeməklərimizin dadını tam da ala bilmirik. Ayağım sınanda orada işləyən xadimə hər gün mənə Azərbaycan yeməkləri bişirib gətirirdi, yeyirdim”.
Hanan Şavafi gələcək planlarını belə ifadə edir: “Təhsilimi cərrahlıq üzrə Almaniyada davam etdirmək istəyirəm. Amma bitirəndən sonra öz ölkəmə qayıdaram. Bizim ölkədə cərrah yoxdur, buna ehtiyac var. Bir əməliyyat üçün insanlar Misirə gedirlər, o baxımdan ölkəmdə qalmaq istəyirəm”.
“Onlar dilimizi öyrənməkdə maraqlıdırlar”
Onların üçü də artıq azərbaycanlı dostlar qazanıblar. “Züleyxa, Gülər, Əminə, Səma, Səda adlı dostlarımız var” deyirlər. Yataqxanada qaldıqları üçün digər azərbaycanlı tələbələr onların otaqlarına gəlir, onlarla əlaqələr qururlar. Onların dilimizi öyrənmə maraq və istəkləri də diqqətimizi çəkir. Hazırlıq müəllimləri deyir ki, Azərbaycan dilini fənn olaraq keçmirlər, amma, dili o qədər sevirlər ki, dərsin axırlarında 10 dəqiqəni Azərbaycan dilində öyrənməyə sərf edirlər.
Elə buna görə də söhbət zamanı onlara Azərbaycan dilində - gəzməyi xoşlayırsınızmı? - sualını veririk. Hər üçü bildirir ki, Naxçıvanın müxtəlif bölgələrində olublar və çox yer gəziblər.
Tələbələr təhsildən gözləntilərini də bölüşürlər. Gələcəkdə yalnız nəzəriyyə deyil, praktiki biliklərin də artırılmasını istəyirlər.
Reportajın sonunda onlara pozitiv enerji və səmimi söhbətə görə təşəkkür edirik. Tələbələrin cavabı isə Azərbaycan dilində “biz də şad olduq” olur.
Beləcə, fərqli coğrafiyalardan, müxtəlif mədəniyyətlərdən gələn bu gənclər Naxçıvanda qazandıqları bilik, dostluq və təcrübə ilə gələcəyin həkimləri kimi formalaşacaqlar. Onlar öz ölkələrinə qayıdanda yalnız diplom yox, həm də Naxçıvandan apardıqları xatirələri, öyrəndikləri dəyərləri və isti münasibəti də özləri ilə aparacaqlar.



