"Burada müəllimlər həmkarlarının rəylərini tənqid saymırlar" – Çində çalışan azərbaycanlı müəllim

4 Noyabr, 2025 - 16:34
"Burada müəllimlər həmkarlarının rəylərini tənqid saymırlar"

“Azərbaycan müəllimi”nin “Xaricdə çalışan həmvətənlərimiz” rubrikasından  növbəti müsahibi hazırda Çində müəllimlik edən Anar Namazovdur. Söhbətimizə başlamazdan öncə müsahibimizlə yaxından tanış olaq.

Tanıtım: 2016-cı ildə Bakı Mühəndislik Universitetinin “Kimya müəllimliyi” ixtisası üzrə bakalavr, 2018-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini alıb, hər iki pillədə tədris ingilis dilində aparılıb. 2017-2018-ci illərdə Böyük Britaniyanın Nottingem Universitetində beynəlxalq səviyyədə tanınan PGCEi (Postgraduate Certificate in Education International) proqramını başa vurub. Əmək fəaliyyətinə 2016-cı ildə Azərbaycan Britaniya Kollecində kimya müəllimi kimi başlayıb. Burada iki il ərzində IGCSE səviyyəsində kimya fənnini tədris edib. 2018-2020- ci illərdə Oman Sultanlığının paytaxtı Məsqət şəhərində yerləşən As Seeb Beynəlxalq Məktəbində həm IGCSE, həm də A-Level proqramları üzrə kimya fənnini tədris edib. 2020-ci ildən etibarən Çində fəaliyyət göstərir. 2020-2022-ci illərdə Şanxayda dövlət məktəbinin ingilisdilli bölməsində riyaziyyat, 2022-ci ildən isə Suzhou şəhərində yerləşən "Suzhou Singapore International School"da (SSIS) riyaziyyat və təbiət elmləri müəllimi kimi çalışıb. Həmçinin həmin məktəbin kiçik idarə heyətinin üzvü və XI siniflərin səviyyə rəhbəri kimi də fəaliyyət göstərir. 

Qeyd edək ki, Anar Namazovun xanımı Nəcibə Namazova da riyaziyyat müəllimidir. 2011-2016 -ci illərdə Nottingem Universitetində riyaziyyat müəllimliyi üzrə bakalavr, 2016-2018-ci illərdə isə riyazi analiz üzrə magistr təhsilini (tədris ingiliscə), 2019-2020-ci illərdə adıçəkilən ali məktəbdə PGCEi proqramını başa vurub. 2022-2024-cü illərdə MYP proqramı üzrə 6-9-cu siniflərə riyaziyyat fənnini tədris edib. 2026-cı ildən DP proqramı üzrə 11-12-ci siniflərə yenidən riyaziyyat müəllimi kimi işə qayıdacaq.

- Bu məktəbdə fəaliyyətə başlamağınız nə ilə bağlı idi? Gözləntiləriniz özünü doğrultdumu?

- SSIS-də fəaliyyətə başlamazdan əvvəl müxtəlif şəhərlərdə və fərqli məktəblərdə işləmişəm. Bu illər ərzində fərqli məktəb sistemlərini və tədris mədəniyyətlərini yaxından müşahidə etmişəm, bu da mənə ideal iş mühitinin necə olmalı olduğunu daha aydın müəyyənləşdirməyə kömək edib. SSIS isə həm mənim, həm də həyat yoldaşım üçün uzun müddətdir işləmək istədiyimiz məktəblərdən biri idi. Məktəbin yüksək akademik reytinqi, beynəlxalq nüfuzu, müəllimlər üçün yaradılan sağlam və dəstək yönümlü mühit, eləcə də gənc ailələr üçün əlverişli şəraiti bizim üçün çox önəmli idi. Buna görə də Suzhouya köçmək və SSIS-də fəaliyyətə başlamaq qərarımız həm peşəkar, həm də ailə baxımından çox düşünülmüş addım idi. Bu qərar tamamilə özünü doğrultdu. SSIS həm peşəkar inkişaf üçün geniş imkanlar yaradır, həm də müəllimlər arasında əməkdaşlıq və qarşılıqlı hörmət mədəniyyətini təşviq edir. Burada hər bir müəllimin fikrinə dəyər verilir və yaradıcı tədris yanaşmalarına dəstək göstərilir. Eyni zamanda Suzhou şəhəri ailə həyatı üçün çox münasib və təhlükəsiz bir yerdir. Burada biz həm iş, həm də şəxsi həyat baxımından özümüzü rahat və dəyərli hiss edirik. Düşünürəm ki, SSIS təkcə işləmək üçün deyil, uzunmüddətli yaşamaq və inkişaf etmək üçün də ideal bir yerdir. 

- Bu məktəb barədə məlumat verərdiniz… 

- SSIS tam akkreditə olunmuş beynəlxalq IB məktəbidir, 1996-cı ildən fəaliyyət göstərir və məktəbəqədər hazırlıqdan əvvəlki mərhələdən (Pre-Nursery) başlayaraq XII sinfə qədər təhsil təklif edir və bu, onu bölgənin ən geniş və köklü beynəlxalq məktəblərindən birinə çevirir. Məktəbdə dərslər fənlərarası yanaşma ilə aparılır, yəni elm, riyaziyyat, dillər və incəsənət sahələri bir-biri ilə əlaqələndirilmiş şəkildə tədris olunur. Şagirdlər layihələr, eksperimentlər və araşdırma fəaliyyətləri vasitəsilə öyrənməni real həyatda tətbiq etməyi öyrənirlər. Qiymətləndirmə sistemi həm formativ, həm də summativ elementləri birləşdirir. Yəni şagirdlər yalnız imtahan nəticələri ilə deyil, gündəlik iştirak, layihə işi, refleksiya və davamlı inkişaf göstəriciləri ilə də qiymətləndirilir. Məktəb hər bir şagirdin fərdi öyrənmə tərzini nəzərə alır və “personalized learning” yanaşmasını tətbiq edir. 

Tədris dili əsasən ingilis dilidir, lakin məktəbdə Çin dili bütün səviyyələrdə tədris olunur. Bundan əlavə, şagirdlər üçün alman, fransız, yapon və Koreya dilləri üzrə seçmə imkanları da mövcuddur. Ana dili ingiliscə olmayan şagirdlər üçün “English Language Support” (İngilis dili dəstəyi) proqramı fəaliyyət göstərir. Müəllim heyəti beynəlxalq tərkiblidir. Hazırda məktəbdə 20-dən çox ölkədən gəlmiş ixtisaslı və təcrübəli müəllimlər çalışır. Hər biri öz ölkəsində pedaqoji sertifikatlara və beynəlxalq tədris təcrübəsinə malikdir. Bu, məktəbdə çoxmədəniyyətli, açıq və tolerant öyrənmə mühitinin formalaşmasına şərait yaradır. 

Ümumilikdə, SSIS-də tədris prosesi şagirdlərin həm akademik uğuruna, həm də sosial və emosional inkişafına yönəlib. Məktəb, həm müəllimlər, həm də ailələr üçün sabit, peşəkar və uzunmüddətli inkişaf üçün əlverişli bir mühit təqdim edir. 

- 2025-ci ildə SSIS-in illik gəliri 53 milyon dollar olub. Bu vəsait necə formalaşır? 

- SSIS özəl beynəlxalq məktəbdir və dövlət tərəfindən maliyyələşmir, yəni bütün gəlirlər şagirdlərin ödənişləri hesabına formalaşır. Müəllimlər və məktəbin pedaqoji heyəti bu prosesə birbaşa daxil olmur. Beynəlxalq özəl məktəblərdə olduğu kimi, SSIS-də də müəllimlərin əsas diqqəti yalnız tədrisə və şagirdlərin inkişafına yönəlib. Maliyyə məsələləri, büdcə idarəçiliyi və gəlir bölgüsü isə məktəbin idarə heyəti və maliyyə departamenti tərəfindən həyata keçirilir. Bu səbəbdən də gəlirin formalaşma mexanizmi barədə ətraflı məlumatım yoxdur. 

- Məktəb şagirdlərə nə kimi üstünlüklər qazandırır? Məktəbin reytinqi və nüfuzu barədə nə deyərdiniz? 

- SSIS akademik mükəmməllik, qlobal dəyərlər və fərdi inkişaf prinsipləri üzərində qurulmuş beynəlxalq təhsil müəssisəsidir. Məktəbin əsas məqsədi yalnız bilik ötürmək deyil, həm də şagirdlərdə ömürboyu öyrənmə motivasiyası, tənqidi düşünmə bacarığı və məsuliyyətli vətəndaşlıq şüuru formalaşdırmaqdır. SSIS-in təhsil fəlsəfəsi “öyrənməni öyrənmək” anlayışı üzərində qurulub, yəni şagirdlərə cavab tapmağı deyil, düzgün sual verməyi, müşahidə aparmağı və nəticəyə əsaslanan düşüncə vərdişlərini aşılayır. Məktəbdə tətbiq olunan tədris sistemi tam şəkildə Beynəlxalq Bakalavr (IB) proqramı çərçivəsində həyata keçirilir. SSIS, Çində tam IB kontinuumu (PYP–MYP–DP) təqdim edən azsaylı məktəblərdən biridir. Bu sistem şagirdlərə ibtidai mərhələdən başlayaraq vahid pedaqoji yanaşma və inkişaf ardıcıllığı ilə təhsil alma imkanı yaradır. 

"Primary Years Programme" (PYP) mərhələsində (məktəbəqədər – 5-ci sinif) şagirdlər sorğu-əsaslı öyrənmə (inquiry-based learning) modeli ilə tanış olurlar. Onlar elm, dil, riyaziyyat, sosial elmlər və incəsənət fənlərini inteqrasiya olunmuş şəkildə öyrənir, dünyanı araşdırmaq və sual vermək bacarıqlarını inkişaf etdirirlər.  
"Middle Years Programme" (MYP) mərhələsində (6–10-cu siniflər) şagirdlər analitik düşünmə, problem həlli və müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirirlər. Bu mərhələdə akademik fənlər real həyat kontekstində əlaqələndirilir, layihə və dizayn yönümlü öyrənmə ön plandadır.

"Diploma Programme" (DP) mərhələsində (11–12-ci siniflər) isə şagirdlər ali təhsilə keçid üçün yüksək səviyyəli akademik hazırlıq keçirlər. Bu proqramda tələbələr altı fənn qrupunda dərs alır, eyni zamanda "Theory of Knowledge" (TOK), "Extended Essay" (EE) və "Creativity, Activity", "Service" (CAS) komponentləri vasitəsilə düşüncə dərinliyi və sosial məsuliyyət kimi dəyərləri formalaşdırırlar.

SSIS-də qiymətləndirmə prosesi ənənəvi imtahanlardan fərqlənir, burada formativ və summativ qiymətləndirmə yanaşmaları birləşdirilərək hər bir şagirdin fərdi inkişafı izlənilir. Şagirdlər davamlı rəy alır, öz öyrənmə proseslərini analiz etməyi və nəticələr üzərində refleksiya aparmağı öyrənirlər. Bu yanaşma şagirdlərdə həm akademik məsuliyyət, həm də özünütənzimləmə bacarığını gücləndirir. SSIS-in 2025-ci il nəticələri məktəbin akademik səviyyəsini və beynəlxalq nüfuzunu bir daha təsdiqlədi. 

2025-ci il məzunlarının Beynəlxalq Bakalavr Diplom Proqramı üzrə orta balı 35 olub.  Bu göstərici qlobal IB ortalamasından (təxminən 30 bal) xeyli yüksəkdir. Həmçinin, məzunların böyük bir hissəsi dünyanın aparıcı universitetlərindən, o cümlədən "University of Toronto", UCL, "King’s College London", "National University of Singapore" və "University of Melbourne" kimi ali təhsil müəssisələrindən qəbul alıblar. Bu nəticələr SSIS-in tədris keyfiyyətinin, müəllim heyətinin peşəkarlığının və məktəbin qlobal miqyasda tanınan reputasiyasının birbaşa göstəricisidir.   

Məktəbin nüfuzu təkcə akademik nəticələrlə deyil, həm də sosial və emosional inkişaf mühiti ilə ölçülür. SSIS çoxmədəniyyətli icması ilə seçilir, burada 50-dən çox milləti təmsil edən şagird və müəllimlər təhsil alır və çalışır. Bu müxtəliflik şagirdlərə fərqli mədəniyyətlərə hörmət etməyi, empati və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyi öyrədir. Məktəbdə inklüziv və təhlükəsiz öyrənmə mühiti  yaradılıb ki, hər bir şagird öz potensialını sərbəst şəkildə ortaya qoya bilsin. Bütün bu xüsusiyyətlər SSIS-i yalnız Suzhou və Çin miqyasında deyil, həm də Asiya regionunda nüfuzlu beynəlxalq məktəblər sırasına daxil edir. Yüksək akademik göstəricilər, peşəkar idarəçilik, qlobal dəyərlərə əsaslanan təhsil yanaşması və müasir infrastrukturu ilə SSIS şagirdlər üçün həm bilik, həm bacarıq, həm də şəxsiyyət inkişafı baxımından mükəmməl platforma yaradır.

- Günlük iş qrafikiniz necədir: hansı siniflərdə tədris aparırsınız? Müəllimlik fəaliyyətinizdən məmnunsunuzmu? 

- SSIS-də iş günüm adətən səhər 7:00-da başlayır. Rəsmi dərslər 8:15-də başlasa da, mən çox vaxt məktəbə daha erkən gəlirəm. Bu müddətdə idarəçilik və təşkilati işlər, sinif rəhbərliyi ilə bağlı sənədləşmə, müəllimlərarası koordinasiya və dərs planlaşdırması kimi inzibati işlərimi icra edirəm. Erkən gəlmək mənə həm sakit iş mühiti yaradır, həm də günə planlı şəkildə başlamağa imkan verir. Tədris prosesi isə 8:15-də başlayır və əsas dərs saatları 15:30-da başa çatır. Hər dərs 55 dəqiqə davam edir, bu da həm dərs mövzularının dolğun şəkildə işlənməsi, həm də şagirdlərin aktiv öyrənmə prosesinə cəlb edilməsi üçün ideal balans yaradır. Əsas dərs saatlarından sonra, yəni 15:30-dan 16:45-ə qədər, məktəbdə extracurricular activities (ECA), yəni dərsdənkənar fəaliyyətlər təşkil olunur. Bu proqramlar şagirdlərin maraq sahələrini genişləndirmək və öyrənməni sinifdən kənara daşımaq məqsədi daşıyır. Hazırda mən 7-ci siniflərdə “Science” (Təbiət Elmləri) və 11–12-ci siniflərdə DP Chemistry (Beynəlxalq Bakalavr Kimya Proqramı) fənlərini tədris edirəm. Orta siniflərdə əsas məqsədim şagirdlərdə elmi marağı və sorğu-əsaslı düşünmə vərdişlərini formalaşdırmaqdır. Yuxarı siniflərdə isə kimyanı yalnız akademik fənn kimi deyil, həm də gündəlik həyat və elmi tədqiqatlarla əlaqələndirilən sahə kimi təqdim etməyə çalışıram. Məsələn, laboratoriya işləri, müstəqil tədqiqatlar və IA (daxili qiymətləndirmə) layihələri vasitəsilə şagirdlərin analitik və eksperimental bacarıqlarını inkişaf etdirirəm. Müəllimlik fəaliyyətimdən çox məmnunam. SSIS-in tədris mühiti həm yaradıcı, həm də peşəkar baxımdan çox dəstəkləyicidir. Burada müəllimlərə innovativ metodlardan istifadə etmək, yeni ideyaları dərs prosesinə inteqrasiya etmək və fərqli yanaşmaları sınamaq üçün tam azadlıq verilir. Məktəb rəhbərliyi və həmkarlarla əməkdaşlıq münasibətləri çox sağlam və qarşılıqlı hörmət üzərində qurulub. Şagirdlərlə münasibətim qarşılıqlı inam və hörmətə əsaslanır. Onlar dərslərdə aktiv iştirak edir, öz fikirlərini açıq şəkildə ifadə edir və öyrənməyə maraq göstərirlər. Mən dərs prosesində dialoqa əsaslanan, təhlükəsiz və motivasiyaedici bir mühit yaradıram ki, hər bir şagird sual verməkdən çəkinməsin və öyrənməni öz təşəbbüsü ilə yönləndirə bilsin. 

- Müşahidələriniz necədir: Çində müəllimə və müəllimlik peşəsinə münasibət necədir? 

- Ümumilikdə Çində müəllimlik peşəsinə münasibət çox yüksək və hörmətəlayiqdir. Burada müəllim cəmiyyətin ən vacib simalarından biri hesab olunur. Çin mədəniyyətində təhsil və müəllim obrazı tarixən dərin mənəvi dəyərlərlə bağlıdır. Valideynlər və şagirdlər müəllimi təkcə bilik ötürən şəxs kimi deyil, həm də öyrənməyə istiqamət verən, həyat dəyərləri aşılayan bir rəhbər kimi görürlər. Mənim təcrübəmdə, istər dövlət məktəbində, istərsə də beynəlxalq məktəbdə işlədiyim müddətdə, həmkarlarıma və ümumilikdə müəllim peşəsinə qarşı hörmətli münasibət daim hiss olunur. Müəllimlərin fikrinə dəyər verilir, onların əməyinə qarşı minnətdarlıq mədəniyyəti çox güclüdür. Məsələn, “Teachers’ Day” (Müəllimlər Günü) burada çox səmimi şəkildə qeyd olunur, şagirdlər, valideynlər və hətta keçmiş tələbələr belə müəllimləri təbrik edir, təşəkkürlərini bildirirlər. Bu, müəllim peşəsinin yalnız təhsil sistemində deyil, sosial dəyərlər sistemində də önəmli yer tutduğunu göstərir. Bu hörmət həm peşəkar, həm də institusional səviyyədə özünü göstərir. Müəllimlərin iş şəraiti, resurs təminatı və peşəkar inkişaf imkanları çox yaxşı səviyyədədir. Məktəblər müəllimlərin fəaliyyətinə yüksək etimad göstərir və onların yaradıcılıq azadlığını təşviq edir. Həmçinin, müəllimlərin iş yükü planlı şəkildə tənzimlənir ki, onlar tədrisə, dərs hazırlığına və şagirdlərlə fərdi münasibətə keyfiyyətli şəkildə fokuslana bilsinlər. 

Şagirdlərin müəllimə münasibəti də çox pozitivdir. Onlar dərs zamanı müəllimə hörmətlə yanaşır, qaydalara riayət edir və müəllimin fikrini diqqətlə dinləyirlər. Çində şagirdlər üçün müəllimin rəyi böyük əhəmiyyət daşıyır, bu, həm motivasiya, həm də məsuliyyət baxımından müsbət nəticə yaradır. Ümumilikdə, deyə bilərəm ki, Çində müəllimlik peşəsi həm cəmiyyət, həm də təhsil sistemi səviyyəsində yüksək dəyərləndirilir. Müəllim burada yalnız tədris edən şəxs deyil, həm də gələcək nəsillərin formalaşmasında əsas rol oynayan bir şəxsiyyət kimi qəbul olunur. Bu yanaşma həm mənəvi baxımdan motivasiya yaradır, həm də müəllimlərə öz işlərini sevərək və məsuliyyətlə görmək üçün real dəyər qazandırır.

- Özünüzü Çin təhsil sisteminin tamhüquqlu üzvü kimi hiss edə bilirsinizmi? Boş vaxtlarınız, məktəbdənkənar fəaliyyətlər barədə nə deyərdiniz. 

- Bəli, artıq 6-cı ildir ki, Çində çalışıram və bu müddət ərzində burada həm peşəkar, həm də şəxsi baxımdan özümü çox rahat hiss edirəm. Bununla belə, qeyd etməliyəm ki, mənim hazırda çalışdığım məktəb beynəlxalq məktəbdir və bu səbəbdən tam şəkildə Çin təhsil sisteminə aid edilmir. Məktəbdə müəyyən sayda çinli şagirdlər olsa da, əsas kontingent xarici, yəni qeyri-çinli tələbələrdən ibarətdir. Bu baxımdan, mən özümü daha çox beynəlxalq təhsil sisteminin bir üzvü kimi hiss edirəm. Burada diqqət daha çox şagird mərkəzli öyrənmə, tənqidi düşünmə və qlobal vətəndaşlıq dəyərlərinin inkişafına yönəlib. Lakin Şanxayda işlədiyim illərdə mən Çin dövlət məktəbi sistemində də təcrübə qazanmışam.   Həmin illər mənə Çin təhsil sisteminin strukturu, tələbkarlığı və nizam-intizamı barədə dərin təsəvvür yaratdı. Çin məktəblərində şagirdlərin əməksevərliyi və müəllimə olan hörməti çox yüksək səviyyədədir. Bu yanaşma beynəlxalq məktəblərdə gördüyümüz yaradıcı azadlıqla birləşəndə, müəllim üçün çox balanslı və ilhamverici bir mühit yaranır. 

Boş vaxtlarımda əsas prioritetim ailəmlə birlikdə vaxt keçirməkdir. Suzhou bu baxımdan çox əlverişli, həm rahat, həm də estetik cəhətdən çox gözəl şəhərdir. Suzhou çox vaxt “Asiyanın Venesiyası” adlandırılır, çünki şəhər çoxsaylı kanalları, körpüləri və gölləri ilə tanınır. Ətrafında saysız-hesabsız parklar, təbiət məkanları və sakit gəzinti yerləri var. Biz tez-tez göl ətrafında ailəvi gəzintilərə çıxır, açıq havada vaxt keçiririk və şəhərin təbiətini kəşf etməkdən zövq alırıq. 

Boş vaxtlarımın bir hissəsini dron fotoqrafiyaya həsr edirəm. Bu, həm yaradıcılığımı ifadə etmək, həm də təbiətlə yaxın olmaq üçün mənə xüsusi bir rahatlıq verir. Suzhou və ətraf ərazilər fotoqrafiya üçün ideal mənzərələr təqdim edir, burada həm müasir şəhər görüntüləri, həm də qədim memarlıq elementləri bir aradadır. Tətil dövrlərində isə ailəmizlə birlikdə yaxın Asiya ölkələrinə səyahət etməyi sevirik. Bu səfərlər bizim üçün sadəcə istirahət deyil, həm də mədəniyyətləri tanımaq, fərqli həyat tərzlərindən öyrənmək fürsətidir. Çin bizim üçün həm iş, həm ailə, həm də inkişaf baxımından böyük imkanlar yaradıb. Burada yaşamaq və işləmək təkcə peşəkar təcrübə deyil, həm də mədəni baxımdan zəngin və öyrədici bir həyat mərhələsidir. 

- Çin təhsil sisteminin üstünlükləri barədə qənaət və təəssüratlarınızı bölüşməyinizi istərdik. 

-Çin təhsil sisteminin ən böyük üstünlüklərindən biri sistemlilik və intizamdır. Həm müəllimlər, həm də şagirdlər arasında yüksək məsuliyyət və işgüzarlıq mədəniyyəti mövcuddur. Şagirdlər təhsilə çox ciddi yanaşırlar, müəllimin dediyi hər bir şeyi diqqətlə dinləyir və tapşırıqları dəqiqliklə yerinə yetirirlər. Bu, həm kollektiv iş mədəniyyətini, həm də fərdi nizam-intizamı gücləndirir. Digər mühüm üstünlük isə əməksevərlik və səbirli yanaşmadır. Çin şagirdləri uzunmüddətli məqsədlər uğrunda çalışmağa öyrəşiblər. Onlar üçün öyrənmək təkcə qısa nəticə əldə etmək deyil, davamlı səy tələb edən bir prosesdir. Bu düşüncə tərzi şagirdlərdə davamlılıq, inad və məqsədyönlülük yaradır. 

Bununla yanaşı, Çin təhsil sistemində valideynlərin fəal iştirakı da diqqətəlayiqdir. Ailələr övladlarının təhsilinə çox önəm verir, məktəblə sıx əməkdaşlıq edir və uşaqlarının öyrənmə prosesinə dəstək olurlar. Bu üçtərəfli əlaqə – məktəb, şagird və ailə arasında qurulan harmoniya təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Təbii ki, beynəlxalq məktəbdə işlədiyim üçün mənim fəaliyyətim daha çox beynəlxalq yanaşmalar üzərində qurulub. Burada yaradıcı düşüncə, tənqidi analiz və müstəqil öyrənmə vərdişlərinə daha çox üstünlük verilir. Amma mən düşünürəm ki, Çin sistemindəki struktur və intizamla beynəlxalq təhsil mühitindəki yaradıcılıq və azad düşüncə yanaşması birləşəndə, nəticə ən ideal formaya yaxınlaşır. Ümumilikdə, Çin təhsil sistemindən öyrəndiyim əsas dərs budur: nizam, əməksevərlik və müəllimə hörmət kimi dəyərlər tədrisin bünövrəsini təşkil edir. Bu dəyərlər beynəlxalq məktəblərdə də uğurla tətbiq oluna bilər. Mən öz təcrübəmdə bu iki yanaşmanı, yəni Çin sisteminin sabitliyini və beynəlxalq proqramların çevikliyini birləşdirməyə çalışıram. 

- Beynəlxalq məktəbin hansı müsbət təcrübəsindən Azərbaycan müəllimlərinin də yararlanmağını istərdiniz? 

- Həm Çin, həm də beynəlxalq məktəb təcrübəm mənə göstərdi ki, təhsil sistemində uğurun əsas açarı təkcə proqram və resurslarla deyil, münasibətlə və yanaşma tərzi ilə bağlıdır. Çin təhsil sistemindən Azərbaycan müəllimlərinin yararlana biləcəyi cəhətlərdən biri, məncə, öyrənməyə olan münasibətdir. Burada həm müəllimlər, həm də şagirdlər təhsili yalnız bir mərhələ kimi deyil, uzunmüddətli inkişaf prosesi kimi görürlər. Dərs sadəcə məlumat ötürmək üçün deyil, məqsədyönlü bir öyrənmə təcrübəsi kimi qurulur. Müəllimlər öyrənmənin ardıcıl və davamlı olmasına xüsusi önəm verirlər, bu da şagirdlərdə səbir, diqqət və öyrənməyə qarşı ciddi münasibət formalaşdırır. Digər tərəfdən, müəllim peşəsinə hörmət Çində çox dərin köklərə malikdir. Müəllim burada yalnız bilik ötürən deyil, həm də öyrənməyə, dəyərlərə və həyat yanaşmasına istiqamət verən bir şəxs kimi qəbul olunur. 

Mən düşünürəm ki, bu cür münasibət təhsil prosesinin keyfiyyətinə birbaşa təsir göstərir. Azərbaycan təhsilində də bu hörmət anlayışı var, sadəcə onu sistemli şəkildə gücləndirmək və gündəlik tədris münasibətlərinə daha çox inteqrasiya etmək lazımdır. İşlədiyim beynəlxalq məktəbin təcrübəsindən isə Azərbaycan müəllimlərinin şagird yönümlü və yaradıcılığa əsaslanan tədris yanaşmasından faydalana biləcəyini düşünürəm. Burada dərs yalnız müəllimin mərkəzində qurulmur, şagirdin marağı, fərdi öyrənmə tərzi və sualvermə bacarığı əsas rol oynayır. Şagirdlər öz fikirlərini açıq şəkildə ifadə edir, müəllim isə bəzən yönləndirici, bəzən də sadəcə müşahidəçi rolunda olur. Bu yanaşma uşaqlarda həm özünə inamı, həm də öyrənməyə olan daxili motivasiyanı gücləndirir. 
   Digər bir müsbət cəhət isə əməkdaşlıq və rəy mədəniyyətidir. Müəllimlər bir-birinin dərslərinə daxil olur, fikir mübadiləsi aparır, konstruktiv rəy verir və bu, heç vaxt tənqid kimi qəbul edilmir. Bu şəffaf və dəstəkləyici mühit həm müəllimlərin inkişafını, həm də məktəbdə ümumi pedaqoji keyfiyyəti artırır. Qısası, məncə Azərbaycan təhsil sistemi üçün ideal yanaşma bu iki dünyanın – Çin intizamı və beynəlxalq çevikliyinin vəhdətidir. Əgər biz həm planlılığı, həm də yaradıcı azadlığı balanslı şəkildə birləşdirsək, həm müəllimlər, həm də şagirdlər üçün çox daha məhsuldar və ilhamverici bir tədris mühiti yarana bilər. 

- Gələcək hədəfləriniz barədə… 

- Hazırda əsas məqsədim tədris fəaliyyətimlə yanaşı idarəçilik və liderlik sahəsində də bilik və bacarıqlarımı inkişaf etdirməkdir. Bunun üçün müxtəlif beynəlxalq proqram və təlimlərə qoşuluram. Xüsusilə Harvard Graduate School of Education kimi nüfuzlu təhsil müəssisələrinin təqdim etdiyi onlayn kurslarda iştirak edirəm. Bu təlimlər mənə məktəb idarəçiliyi, müəllim inkişafı və strateji liderlik istiqamətlərində daha geniş baxış qazandırır. Gələcəkdə məqsədim yalnız sinifdə deyil, həm də məktəb səviyyəsində qərarvermə və planlaşdırma proseslərində daha aktiv rol almaqdır. Mənim üçün təhsil sahəsində liderlik sadəcə inzibati vəzifə deyil, bu, müəllimlərin və şagirdlərin inkişafını dəstəkləmək, sağlam tədris mədəniyyəti formalaşdırmaq və məktəbin uzunmüddətli məqsədlərinə töhfə vermək anlamına gəlir. Buna görə də yaxın illərdə həm peşəkar, həm də akademik baxımdan bu istiqamətdə özümü daha da təkmilləşdirməyi planlaşdırıram.