“CareerPlus” Proqramı çərçivəsində Karyera Forumu uğurla yekunlaşıb
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilən “CareerPlus” Proqramı çərçivəsində oktyabrın 19-da Bakı Dövlət Universitetində (BDU) Karyera Forumu keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, forum Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin tərəfdaşlığı, ATGTİ, BDU Tələbə Gənclər Təşkilatı (BDU TGT) və BDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, onların təhsil alması, hərtərəfli inkişafı və peşəkar karyera qurması üçün yaradılan imkanlardan bəhs edib. O, gənclərin əmək bazarına hazırlığının gücləndirilməsinin və onların gələcək karyera hədəflərinə çatmalarına dəstək göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında gənclərin inkişafında təhsilin və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılmasının əhəmiyyətinə toxunub. O, gənclərin karyera imkanlarının genişləndirilməsi və onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi istiqamətində bu cür təşəbbüslərin əhəmiyyətini qeyd edib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov isə çıxışında tələbə və gənclərin şəxsi və peşəkar inkişafına yönələn layihələrin əhəmiyyətini vurğulayıb. O, “CareerPlus” Proqramının gənclərin karyera planlaması, əmək bazarı haqqında məlumatlılığının artırılması və işə qəbul prosesinə hazırlığının gücləndirilməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.
Forum çərçivəsində “İlk işə qəbul, işəgötürənlərin gözləntiləri və gənclərin qarşılaşdığı çətinliklər” mövzusunda panel sessiyası təşkil olunub. Panel sessiyasında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin müdiri Ayşəm Balayeva, Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentinin İstedadların idarəolunması şöbəsinin müdiri Amin Quluzadə, “Unibank” ASC-nin Təlim, İnkişaf və Daxili kommunikasiya şöbəsinin rəhbəri Leyla Cəfərli və “Azersun Holding”in İşə qəbul və Karyera şöbəsinin müdiri Səadət Alıyeva iştirak ediblər.
Panel sessiyasında ilk işə qəbul prosesinin xüsusiyyətləri, işəgötürənlərin gənc mütəxəssislərdən gözləntiləri, əmək bazarının aktual tələbləri və gənclərin karyera quruculuğu zamanı qarşılaşdıqları çətinliklər müzakirə olunub. İştirakçılara işə qəbul prosesinə hazırlıq, peşəkar inkişaf və mövcud məşğulluq imkanları ilə bağlı tövsiyələr verilib.
Forumun davamında “Gələcəyin Karyerası: AI, Şəxsi Brend və Uğurlu İşə Qəbul” mövzusunda praktiki təlim keçirilib. Təlim zamanı əmək bazarının tələbləri, effektiv CV hazırlanması, süni intellekt vasitəsilə karyera planlaması, şəxsi brendin formalaşdırılması, özünü təqdimetmə bacarıqları, eləcə də işə qəbul simulyasiyası və müsahibə texnikaları barədə məlumat verilib. İnteraktiv təqdimat, praktiki nümunələr və auditoriya ilə müzakirələr əsasında keçirilən təlim iştirakçıların karyera planlaması və işə qəbul prosesinə dair biliklərinin artırılmasına xidmət edib.
Karyera Forumu tələbə və gənclərin əmək bazarının tələbləri ilə yaxından tanış olması, onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi, işə qəbul prosesinə hazırlığının gücləndirilməsi və gələcək karyera imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Qeyd edək ki, ATGTİ tərəfindən icra olunan “CareerPlus” Proqramı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qaliblərindən biridir. Proqramın əsas məqsədi gənclərin karyera inkişafına dəstək göstərmək, onların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də məşğulluq imkanlarını genişləndirməkdir.




