Cavid Rəhimli: Qayıdış hüququnun beynəlxalq hüquqdakı yeri hələ də mübahisə predmetidir
“Oxford və Kembric universitetlərində Qərbi Azərbaycana qayıdış hüququ ilə bağlı apardığım tədqiqatlar göstərir ki, bu hüququn beynəlxalq hüquqdakı yeri hələ də mübahisəlidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Dövlət Proqramı çərçivəsində Kembric Universitetinin “Beynəlxalq Hüquq” üzrə magistratura məzunu Cavid Rəhimli Qarabağ Universitetində keçirilən “Qayıdış: Gənclər Forumu” çərçivəsində təşkil olunan “Qayıdış hüququ və beynəlxalq hüquq: normativ və tətbiqi yanaşmalar” mövzusunda panel sessiyada çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, beynəlxalq hüquqda qayıdış hüququnun kimlərə şamil olunması, hansı hallarda məcburi öhdəliyə çevrilməsi və hansı çərçivədə məhdudlaşdırıla bilməsi ilə bağlı vahid mövqe mövcud deyil. Onun sözlərinə görə, əsas mübahisə bu hüququn fərdi xarakter daşıyıb-daşımaması, yoxsa münaqişələr nəticəsində didərgin düşmüş qruplar üçün kollektiv hüquq kimi tanınması məsələsi ətrafında cəmləşir.
Cavid Rəhimli vurğulayıb ki, beynəlxalq sənədlərdə də bu məsələyə yanaşmalar fərqlidir. O bildirib ki, 1948-ci il İnsan Hüquqları Ümumi Bəyannaməsi qayıdış hüququnu tanısa da, hüquqi baxımdan məcburedici qüvvəyə malik deyil. Bununla yanaşı, 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt “öz ölkəsinə daxil olmaq” hüququnu daha geniş formada təsbit edir və bu hüququn bir neçə nəsil davam edən qaçqınlara da aid oluna biləcəyini göstərir.
O əlavə edib ki, qayıdış hüququnun beynəlxalq adət hüququ kimi formalaşması əsasən 1980-ci illərə təsadüf etdiyindən, daha əvvəlki dövrlərdə baş vermiş məcburi köçürülmələrə bu hüququn tətbiqi hüquqi baxımdan mürəkkəbdir.
Araşdırmalarına istinad edən çıxışçı qeyd edib ki, qayıdış hüququnun tətbiqində nəsillər üzrə mütənasiblik prinsipi mühüm rol oynayır. “Birbaşa deportasiya olunmuş şəxslərin torpaqla bağlılığı daha güclü olduğuna görə onların qayıdış hüququ daha sərtdir. Lakin sonrakı nəsillər üçün bu hüquq dövlətin resursları və sosial sabitlik kimi amillər nəzərə alınaraq məhdudlaşdırıla bilər”, – deyə o bildirib.
Qarabağ kontekstinə toxunan Cavid Rəhimli qeyd edib ki, İkinci Qarabağ müharibəsinədək qayıdış hüququ beynəlxalq hüquq müstəvisində müzakirə olunurdusa, hazırda bu məsələ daha çox daxili hüquq çərçivəsində tənzimlənir. Onun sözlərinə görə, işğal dövründə Ermənistanın “effektiv nəzarət” prinsipi əsasında həmin ərazilərdə insan hüquqları öhdəlikləri mövcud idi və bu çərçivədə məcburi köçkünlərin qayıdışını təmin etmək məsuliyyəti daşıyırdı.
Qərbi azərbaycanlıların hüquqi statusuna da toxunan çıxışçı bildirib ki, onların qaçqın kimi tanınması beynəlxalq hüquqda mürəkkəb məsələdir. Buna baxmayaraq, qayıdış hüququnun bu statusdan asılı olmadığını vurğulayan C. Rəhimli qeyd edib ki, bu hüquq onların tarixi və mədəni bağlılığından irəli gəlir və həm birbaşa köçürülmüş şəxslərə, həm də onların sonrakı nəsillərinə şamil olunur.
O həmçinin bildirib ki, deportasiya faktlarının böyük hissəsi Ermənistanın müstəqilliyindən əvvəlki dövrə təsadüf etdiyindən, bu hadisələrə görə birbaşa dövlət məsuliyyətinin müəyyən edilməsi çətindir. Buna baxmayaraq, qayıdış hüququnun “davam edən hüquq” xarakteri daşıdığını qeyd edən çıxışçı vurğulayıb ki, bu hüququn təmin olunmaması beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirilə bilər.
Sonda Cavid Rəhimli qeyd edib ki, Qərbi Azərbaycana qayıdış yalnız tarixi məsələ deyil, həm də beynəlxalq hüquqla qorunan və nəsildən-nəslə ötürülən hüquqi mirasdır: “Bu hüququn elmi və hüquqi əsaslarla müdafiəsi, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və tarixi ədalətin bərpası istiqamətində gənc nəslin üzərinə mühüm vəzifələr düşür”.



