“Cəlil Məmmədquluzadənin ideyaları tənqidi düşünməyi öyrədir” – Olimpiada qalibləri
Naxçıvanda yeni olimpiada növlərinin yaradılması təhsil sisteminin inkişafı və şagirdlərin potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Müxtəlif istiqamətlər üzrə olimpiadaların təşkili şagirdlərin yalnız dərs proqramı çərçivəsində deyil, daha geniş düşünmə, araşdırma və yaradıcılıq imkanlarını inkişaf etdirməsinə şərait yaradır.
“Azərbaycan müəllimi” Naxçıvanda yeni yaradılan və ilk dəfə bu il məktəblilər arasında keçirilən Cəlil Məmmədquluzadə adına Azərbaycan dili, ədəbiyyat və tarix olimpiadasından söhbət açacaq.
Məlumat üçün bildirək ki, Naxçıvanda keçirilən Cəlil Məmmədquluzadə adına olimpiada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı təşkil olunan və şagirdlər arasında humanitar fənlərə marağın artırılmasına xidmət edən bilik yarışıdır. Olimpiada görkəmli Azərbaycan yazıçısı, dramaturq və maarifçi Cəlil Məmmədquluzadənin ədəbi-ictimai irsinin təbliği, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi məqsədi daşıyır.
Olimpiada əsasən ümumi orta təhsil müəssisələrinin şagirdlərini əhatə edir və Azərbaycan dili, ədəbiyyat, oxu-anlama, mətn təhlili kimi istiqamətləri özündə birləşdirir. Yarış şagirdlərin məntiqi düşünmə, müstəqil fikir yürütmə, analitik təhlil və yazı bacarıqlarını üzə çıxarmağa yönəlib. Olimpiada bir neçə mərhələdə – məktəb, rayon (şəhər) və yekun final mərhələsi üzrə keçirilir.
İlk dəfə 2025-ci il dekabrın 7-də VIII-IX sinif şagirdləri arasında olimpiadanın final turu keçirilib. Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada rayon mərhələsində qalib olan 63 şagird iştirak edib. Olimpiadada şagirdlərə Azərbaycan dili, ədəbiyyat və tarix fənnlərindən ayrı-ayrılıqda 25 sual təqdim olunub və sualların cavablandırılması üçün 3 saat vaxt ayrılıb.
Biz də final mərhələsində yüksək nəticə göstərərək qalib olan şagirdlərlə həmsöhbət olub, onların duyğularını və olimpiadaya hazırlıq prosesini öyrəndik.
Onlardan biri Ə.Ağayev adına Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rafiq Babazadədir. Rafiq tarix fənni üzrə qalib olub. Deyir ki, olimpiadada qalib olmağı onda özünəinam yaradıb: “Bu, çox sevindirici hal idi. Valideyn və müəllimlərimin sevincinə səbəb oldum. Tarix müəllimimin təkilifi ilə olimpiadada iştirak etməyə öz bilik və bacarığımı yoxlamağa qərar verdim. Uşaqlıqdan tarix dərslərini çox sevirəm. Hazırlığa gündəlik iki saatımı ayırırdım, bu dövrdə demək olar ki, heç bir mövzuda çətinlik çəkmədim”.
Rafiq əlavə edir ki, sinif rəhbəri və müəllimləri ona həm mənəvi, həm də elmi cəhətdən dəstək olublar: “Ən çox məktəb dərsliklərindən və internetdən məlumatlar əldə etmişəm. Cəlil Məmmədquluzadənin yaradıcılığında məni ən çox təsirləndirən əsər “Poçt qutusu”dur. Çünki bu əsərdə cəhalət və savadsızlıq sadə, amma çox təsirli formada göstərilir. İnsanların bilmədiklərinə görə necə aldadıldıqları aydın görünür və bu, adamı düşündürür. Cəlil Məmmədquluzadənin ideyaları gənclərə əsasən elmli olmağı, düşünməyi, cəhalətdən uzaq durmağı aşılayır”.
Olimpiadanın digər qalibi Ayşə Xəlilli Naxçıvan şəhər Qızlar liseyinin IX sinif şagirdidir. O isə Azərbaycan dili və ədəbiyyat fənnindən qalib olub. Deyir ki, ədəbiyyata xüsusi marağı var və klassik Azərbaycan yazarlarının yaradıcılığını sevə-sevə oxuyur: “Bu uğur mənə böyük sevinc və qürur hissi yaşatdı. Zəhmətimin bəhrəsini görmək mənim üçün çox dəyərli oldu və gələcəkdə daha böyük hədəflər qoymağıma stimul verdi. Olimpiadaya qatılmağa məni həvəsləndirən Cəlil Məmmədquluzadənin yaradıcılığına olan marağım və onun ideyalarının bu gün də aktuallığını qorumasıdır”.

“Olimpiadaya hazırlıq mərhələsi planlı və ardıcıl oldu”,- deyir qalib: “Gündəlik orta hesabla 2–3 saat oxu və təhlilə vaxt ayırırdım. Əlbəttə, çətin və əziyyətli oldu, amma bu fənlərə olan marağım məni daima ruhlandırırdı. Ən çox çətinlik yaradan məqam əsərlərdəki gizli məna, satira və simvolik obrazların düzgün təhlili idi. Lakin davamlı oxu və müəllimlərimin yönləndirməsi ilə bu çətinlikləri dəf edə bildim. Müəllimlərim daim mənə dəstək oldular, düzgün istiqamət göstərdilər və motivasiya verdilər. Bu uğurda onların payı böyükdür”.
Ayşəni ən çox təsirləndirən əsər müəllifin “Ölülər”i olub: “Bu əsər cəmiyyətdəki nadanlığı, kor düşüncəni və sosial problemləri çox açıq və təsirli şəkildə göstərir. Əsəri oxuyarkən insan həm düşünür, həm də özünü sorğulayır. Cəlil Məmmədquluzadənin ideyaları gənclərə tənqidi düşünməyi, haqsızlığa qarşı susmamağı, elmə və maarifə dəyər verməyi aşılayır. Onun əsərləri gəncləri cəmiyyət üçün faydalı olmağa çağırır”.
Kəngərli rayon Qarabağlar kənd 2 nömrəli məktəbin VIII şagirdi Nazlı Allahverdiyeva Azərbaycan dili və ədəbiyyat fənni üzrə qalib olan şagirdlərdəndir. Onun da ədəbiyyata və klassik Azərbaycan yazıçılarına böyük marağı var: “Cəlil Məmmədquluzadə adına Olimpiadada birinci yerə layiq görülmək məndə böyük sevinc və qürur hissi yaratdı. Bu uğur məni daha da motivasiya etdi. Bu olimpiadada iştirak etməyə məni Cəlil Məmmədquluzadənin yaradıcılığına olan marağım və biliklərimi sınamaq istəyi təşviq etdi”.
Planlı şəkildə gündəlik orta hesabla 2–3 saat olimpiadaya hazırlaşan Nazlı üçün ən çox çətinlik yaradan mövzular əsərlərin dərin məna qatlarının və ideyalarının təhlili olub: “Hazırlıq zamanı Cəlil Məmmədquluzadənin əsərləri, məktəb dərslikləri və əlavə vəsaitlərdən istifadə etdim. Bu uğurda müəllimlərimin rolu böyükdür. Onların verdiyi dəstək və istiqamət mənim üçün çox önəmli idi.
Cəlil Məmmədquluzadənin yaradıcılığında məni ən çox təsirləndirən əsər “Poçt qutusu”dur. Çünki bu əsər cəmiyyət problemlərini sadə və təsirli şəkildə əks etdirir. Cəlil Məmmədquluzadənin ideyaları gənclərə tənqidi düşünməyi, maariflənməyi və cəmiyyətə laqeyd qalmamağı aşılayır”.
Heydər Əliyev adına tam orta məktəbin VIII sinif şagirdi Cavidan Həsənov isə tarix fənni üzrə qaliblərdəndir.
Deyir ki, görkəmli yazıçı ictimai xadim C. Məmmədquluzadəyə həsr olunmuş olimpiadada tarix fənni üzrə 1-ci yerə çıxmağı onda fərəh, qürur və minnətdarlıq hissləri oyadıb: "Tarix fənni ən çox sevdiyim fənlərdən biridir. Ötən il məktəbdə keçirilən ən yaxşı tarixçi yarışmasında 1-ci yerə çıxmışam. Tarix fənninə marağımın yaranmasında və biliklərimin dərinləşməsində ailəmin, fənn müəllimimin, məktəbdə təşkil edilmiş tarix diyarşunaslıq dərnəyinin üzvü olmağım, olimpiada mərkəzinin məşğələlərində də iştirakımın böyük rolu olub. Hazırlıq dövründə tək tarix fənni üzrə gündə 4 saat məşğul olmuşam. Dərslikdən əlavə vəsaitlərdən və internet resurslardan istifadə etmişəm".
Cavidan deyir ki, C.Məmmədquluzadə yaradıcılığında onu ən çox “Anamın kitabı" əsəri maraqlandırır: "Burada millilik, milli kökə bağlılıq və azərbaycamçılıq ideyaları məni ən çox cəlb edir. Bu əsər gənclərə öz dilini vətənini adət ənənəsini sevməyi aşılayır".
Naxçıvanın tarixi, ədəbi və mədəni irsi ilə bağlı olimpiadaların yaradılması gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirir, vətənpərvərlik ruhunun formalaşmasına töhfə verir.
Yeni olimpiadaların təşkili həm də Naxçıvanın təhsil mühitinin rəqabətqabiliyyətliliyini artırır, respublika və beynəlxalq səviyyədə uğurların əldə olunması üçün möhkəm baza formalaşdırır. İnanırıq ki, bu gənclər gələcəkdə Muxtar Respublikanı və ölkəmizi layiqincə təmsil edəcəklər.



