Cəmiyyəti çaşdırmağa yönələn manipulyasiya

9 Oktyabr, 2026 - 16:59
Cəmiyyəti çaşdırmağa yönələn manipulyasiya

Son günlər sosial mediada məktəblərdə vahid geyim qaydası ilə bağlı müzakirələrin məqsədli şəkildə mahiyyətindən uzaqlaşdırıldığını və məsələnin tamam başqa istiqamətə yönəldildiyini görürük. Xüsusilə bəlli xarici dairələr tərəfindən idarə olunan bəzi sosial media şəbəkələrində mövzunu din və dini azadlıqlar müstəvisinə daşımaqla cəmiyyətdə yanlış təsəvvür formalaşdırılmasına, guya Azərbaycanda hicabın qadağan edilməsi barədə rəy yaradılmasına cəhd göstərilir. 

Halbuki məsələ son dərəcə aydındır: söhbət dini inancdan deyil, məktəbdə tətbiq olunan vahid geyim qaydasından gedir. Azərbaycanda hicab qadağan deyil. Heç kimdən dini inancından imtina etmək tələb olunmur, heç kimin etiqadına və dini dünyagörüşünə müdaxilə edilmir. Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyaya görə din dövlətdən ayrıdır, dövlət təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Eyni zamanda hər kəsin vicdan və dini etiqad azadlığı təmin olunur.

Bəs problem nədədir?

Problem qaydaya əməl etməkdədir. Orta məktəb təhsil müəssisəsidir və burada müəyyən edilmiş ümumi qaydalar bütün şagirdlər üçün eyni şəkildə tətbiq olunmalıdır. Qanunvericilikdə dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi ayrıca müəyyən edilib.

Məktəbdən kənarda insanın necə geyinməsi, hansı dini simvoldan istifadə etməsi və öz inancını necə ifadə etməsi onun şəxsi seçimidir. Lakin məktəbə daxil olduqda söhbət fərdi seçimdən deyil, bütün şagirdlər üçün müəyyən edilmiş ümumi qaydalardan gedir. Heç kim müəyyən edilmiş geyim və davranış qaydalarını “şəxsi azadlıq” adı altında istədiyi kimi poza bilməz. 
Məktəb niyə ümumi qaydaların tətbiq olunmadığı xüsusi bir məkan olmalıdır? Məktəb – məktəbdir. O, dini məbəd, siyasi meydan və ya fərdi nümayiş platforması deyil. Məktəb bütün şagirdlər üçün vahid, nizamlı və dünyəvi təhsil mühiti olmalıdır.

Məktəbdə neytrallıq tələbi yalnız şagirdlərə deyil, tədris prosesinin aparıcı qüvvəsi olan müəllimlərə də şamil olunur. Müəllim sinifdə təkcə fənn bilikləri ötürən şəxs deyil, həm də uşaqların dünyagörüşünün formalaşmasına vasitəsiz təsir edən canlı nümunədir. Onun davranışı, geyimi və duruşu şagirdlərə müəyyən alt mesajlar ötürür. Dövlət məktəbində çalışan müəllimin şəxsi inancına hörmətlə yanaşılsa da, tədris zamanı peşəkar neytrallıq, qərəzsizlik və dünyəvilik prinsipləri hər şeydən üstün tutulmalıdır.

Məsələnin ən təhlükəli tərəfi isə adi bir məktəb qaydasının bilərəkdən dini qarşıdurma müstəvisinə çıxarılmasıdır. Belə yanaşma cəmiyyətin dini həssaslığından istifadə etməklə dövlətin dünyəvi mahiyyəti barədə yanlış təsəvvür formalaşdırmağa, Azərbaycanın imicinə zərbə vurmağa və ictimai rəyi müəyyən istiqamətə yönəltməyə xidmət edir.

Azərbaycan bütün dünyada müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı ölkə kimi tanınır. Bu baxımdan məktəbdə vahid geyim qaydasını dini azadlıqlara qarşı mübarizə kimi təqdim etmək məsələnin mahiyyətini dəyişdirmək deməkdir.

Söhbət nə hicabdan, nə inancdan, nə də dinə münasibətdən gedir. Söhbət məktəbdə ümumi qaydanın mövcudluğundan və həmin qaydaya hamının əməl etməsindən gedir.

Qayda varsa, ona əməl olunmalıdır. Təhsil müəssisəsi varsa, orada ümumi intizam və vahid prinsiplər qorunmalıdır. Buna başqa don geyindirmək isə cəmiyyəti çaşdırmaqdan və real məsələnin mahiyyətini kölgədə qoymaqdan başqa bir şey deyil. 


Elman Babayev,
Əməkdar jurnalist