Cənab Prezident təhsildə struktur və idarəetmə islahatlarının məntiqini əsaslandırır - Məcid Bayramlı
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində elm və təhsil sahəsində aparılan islahatlarla bağlı ictimaiyyəti daim maraqlandıran bir sıra məqamlara aydınlıq gətirib. Dövlət başçısı müsahibəsində elm və təhsil sahəsində mövcud vəziyyəti geniş təhlil edib.
“Azərbaycan müəllimi”nə açıqlamasında ADA Universitetinin müəllimi Məcid Bayramlı dövlət başçısının səsləndirdiyi fikirləri şərh edib:
“Cənab Prezidentin elm və təhsillə bağlı fikirləri əslində çox dərin və strukturlu yanaşmanı əks etdirir. Burada təhsilin bu günü və gələcəyi, eləcə də ümumi təhsil siyasəti baxımından çıxarıla bilən bir sıra mühüm nəticələr var. İlk növbədə, cənab Prezident təhsildə struktur və idarəetmə islahatlarının məntiqini əsaslandırır, elm və təhsilin vahid mərkəzdən idarə olunmasının məqsədinin elmin dövlət siyasətindən kənarda qalmamasına xidmət etdiyini açıq şəkildə ifadə edir. Burada inteqrasiya modeli ön plana çəkilir və elmin ali təhsil müəssisələri ilə sıx əlaqədə, yaxud onların nəzdində inkişaf etdirilməsinin beynəlxalq qabaqcıl təcrübəyə uyğun olduğu vurğulanır. Xüsusilə tədqiqat universitetləri modelinə keçid və elmi-tədqiqat institutlarının birləşdirilərək daha çevik strukturun formalaşdırılması mövcud islahatların əsas prioritetləri kimi təqdim olunur. Bu yanaşma elm və təhsil sahəsində aparılan islahatların fundamental prinsiplərini aydın şəkildə ortaya qoyur”.
M.Bayramov qeyd edib ki, ölkə başçısının müsahibəsində digər mühüm məsələyə - kadr siyasəti və keyfiyyət meyarları məsələsinə toxunulur. Müasir baxışlı və gənc kadrların irəli çəkilməsi islahatların əsas hərəkətverici qüvvəsi kimi göstərilir. Elmin inkişafının qiymətləndirilməsində beynəlxalq standartların əsas götürülməsi zərurəti xüsusi vurğulanır. “Burada əsas mesaj ondan ibarətdir ki, elmi fəaliyyətin effektivliyi sadəcə məşğulluq prinsipi ilə deyil, nüfuzlu beynəlxalq jurnallarda nəşrlər, istinad göstəriciləri və elmi çəki kimi obyektiv meyarlarla ölçülməlidir. Bu yanaşma ölkə elminin beynəlxalq rəqabət mühitinə inteqrasiyasının vacibliyini açıq şəkildə ortaya qoyur.
Cənab Prezident eyni zamanda elm və təhsilin iqtisadi modelin transformasiyasında oynadığı rolu xüsusi qeyd edir. Resurs asılılığından çıxışın strateji hədəf olduğu və real inkişafın neft və qazdan deyil, zəka və texnologiyadan qaynaqlandığı açıq şəkildə ifadə olunur. Texnoloji inkişaf və müstəqillik baxımından ölkənin texnologiyanı yalnız idxal edən deyil, onu yaradan, beyin mərkəzlərinə sahib bir ölkəyə çevrilməsi üçün elmin əsas baza olduğu vurğulanır”.
Müsahibimizə görə ölkə başçısının müsahibəsində gələcəyə baxış və məsuliyyət məsələsi ön plana çəkilir. İslahatların qaçılmaz olduğu və bu dəyişikliklərin aparılmamasının ölkənin ümumi inkişafını məhdudlaşdıra biləcəyi açıq şəkildə bildirilir.
“Bu baxımdan islahatlar seçim deyil, zərurət kimi təqdim olunur. Yekunda elm və ali təhsil müəssisələrinə ölkənin gələcəyini formalaşdıran strateji mərkəzlər kimi yanaşmanın vacibliyi qeyd edilir və bu qurumların üzərinə düşən məsuliyyət aydın şəkildə müəyyən olunur.
Ümumilikdə bu yanaşma düşünülmüş və məqsədyönlü siyasətin həyata keçirildiyini göstərir. Hazırda islahat mərhələsində olduğumuz aydındır. Gözlənti ondan ibarətdir ki, həyata keçirilən islahatlar nəticəsində elm və ali təhsil müəssisələri yalnız kadr hazırlayan strukturlar deyil, tədqiqat universitetləri formatında fəaliyyət göstərən, siyasət, iqtisadiyyat və texnoloji inkişaf üçün bilik istehsal edən əsas beyin mərkəzlərinə çevriləcək və iqtisadiyyatla, xüsusilə də özəl sektorla qarşılıqlı əlaqə əsasında cəmiyyətin uzunmüddətli tələblərini qabaqcadan müəyyən edərək strateji qərarların formalaşmasına töhfə verəcək”.


