“Çətin tapşırıq yoxdur” – Qızıl medalçıların baxışı

1 May, 2026 - 09:31
“Çətin tapşırıq yoxdur” – Qızıl medalçıların baxışı

Respublika Fənn Olimpiadasının final mərhələsində Lənkəran-Astara regionu üzrə coğrafiya fənnindən 2 şagird qızıl medal qazanıb.

"Azərbaycan müəllimi” şagirdlərin təəssüratlarını oxucularla bölüşür.

Qızıl medal qazanan şagirdlərdən biri Lənkəran şəhər S.Kazımbəyov adına Texniki-riyaziyyat təmayüllü liseyin IX sinif şagirdi Ümid Əlizadə bildirib ki, final mərhələsi digər turlarla müqayisədə daha məsuliyyətli və həyəcanlı olur:

“3 dəfə final mərhələsində iştirak etmişəm. 2024-cü ildə (VIII sinif), 2025-ci ildə (IX sinif) və nəhayət, 2026-cı ildə (X sinif) finalda iştirak edərək qızıl medal qazanmışam. Bu mərhələdə stres və həyəcan daha çox hiss olunur. Həlledici tur olduğu üçün ən əhəmiyyətli mərhələdir. Mənim əsas üstünlüyüm təcrübəm oldu. Eyni zamanda qızıl medal qazanmağımı şərtləndirən əsas amillərdən biri də əzmkarlığımdır”.

Şagird qeyd edib ki, onun üçün çətin tapşırıq anlayışı nisbidir: “Mənim fikrimcə, çətin tapşırıq yoxdur, sadəcə daha zəif öyrəndiyim mövzular var”.

Hazırlıq prosesindən danışan Ümid vurğulayıb ki, mütəmadi və fasiləsiz çalışma uğurun əsasını təşkil edib: “Demək olar ki, hər gün dərslərə qoşulurdum. Müəllimim Samir Vəliyevlə birgə dayanmadan hazırlaşdığımdan artıq hər yerdə coğrafiya haqqında düşünürdüm. RFO-da qızıl medal qazanacağımı hiss edirdim”.

Digər qızıl medalçı - Cəlilabad rayon Alar kənd H. Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Əziz Mirzəyev isə bildirib ki, final mərhələsi yalnız bilikləri deyil, həm də analitik düşüncə və yazı bacarıqlarını yoxlayır: “Final mərhələsi digər turlardan tam fərqlənir. Burada şagirdlərin bildikləri ilə yanaşı, suala yanaşması və yazı bacarıqları da qiymətləndirilir. Məni qızıl medala aparan əsas üstünlüklərim keçənilki təcrübəm, biliklərim və suallara müstəqil yanaşma bacarığımdır”.

O qeyd edib ki, suallar ümumilikdə çətin olmasa da, diqqət faktoru mühüm rol oynayıb: “Suallar mənə o qədər də çətin gəlmədi. Sadəcə bir az diqqətsizlik səbəbindən birinci sualda 7 bal itirdim”.

Şagird hazırlıq prosesində müəlliminin dəstəyini xüsusi vurğulayıb: “Keçənilki təcrübəmiz bizə düzgün istiqamət verdi. Müəllimim Saməddin Əliyevin göstərdiyi yol və verdiyi dəstək bu uğurun əsas səbəblərindən biridir. Artıq bilirdik ki, final mərhələsində açıq tipli suallar təqdim olunur və hazırlığımızı da məhz bu istiqamətdə qurmuşduq. Bu il çətinlik səviyyəsi bir qədər yüksək idi. Digər mərhələlərin də əvvəlki illə müqayisədə çətinləşdirilməsindən başa düşdük ki, final da daha çətin olacaq. Buna hazır idik.

Qarşımıza qoyduğumuz əsas məqsəd qızıl medal idi və buna nail olduq. Qarşıda daha iki il var. Bu müddətdə RFO-da daha iki qızıl medal qazanmağı hədəfləyirəm. Eyni zamanda zona olimpiadası, “Qərbi Azərbaycana qayıdış” olimpiadası və “Əlaçı” verilişi kimi yarışlarda da iştirak etmək istəyirəm. Bu, hələ başlanğıcdır. Səsimin daha yüksəklərdən gələcəyinə inanıram”.