Coğrafiyaya maraq şagirdlərimizə beynəlxalq olimpiadada uğur qazandırdı
Xəritələrə, ölkələrə və təbiətdə baş verən proseslərə uşaqlıqdan maraq göstərən iki məktəbli bu sevgini məqsədyönlü hazırlıqla beynəlxalq uğura çevirib. Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Məhəmməd Abdulla və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Yəhya Əhməd 28 iyun–3 iyul 2026-cı il tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında Azərbaycanı uğurla təmsil edərək bürünc medallar qazanıblar.
Gənc olimpiadaçılar “Azərbaycan müəllimi”nə bildiriblər ki, qazandıqları medallar uzunmüddətli hazırlığın, müəllim və ailə dəstəyinin, eləcə də qarşıya qoyulan məqsədə inamla irəliləməyin nəticəsidir.
“Coğrafiya mənim üçün sadəcə fənn deyil”
Bu il X sinfə keçən Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Məhəmməd Abdulla deyir ki, coğrafiyaya marağı hələ kiçik yaşlarından yaranıb. Xəritələr, ölkələr və dünyanın müxtəlif bölgələri haqqında məlumat əldə etmək onda bu sahəyə xüsusi maraq formalaşdırıb:“VIII sinifdə Respublika fənn olimpiadalarında iştirak etmək üçün fənn seçimi qarşısında qalanda tərəddüd etmədən coğrafiyanı seçdim. Həmin vaxtdan etibarən bu sahə üzrə daha ciddi və məqsədyönlü hazırlaşmağa başladım”.
Hazırlığının nəticəsi olaraq Məhəmməd IX sinifdə Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə gümüş medal qazanıb. O bildirir ki, respublika səviyyəsində əldə etdiyi bu uğur beynəlxalq olimpiadalarda iştirak etmək istəyini daha da gücləndirib:“Gümüş medal qazandıqdan sonra beynəlxalq olimpiadalarda iştirak etməyi qarşıma məqsəd qoydum. Məktəbimizdə məndən əvvəl beynəlxalq coğrafiya olimpiadalarında iştirak etmiş şagirdlərin tövsiyələri və bölüşdükləri təcrübələr bu qərarı verməyimdə mühüm rol oynadı”.
Beynəlxalq olimpiadalara hazırlıq dərslərinə qoşulan məktəbli milli komandaya seçim mərhələsini də uğurla keçərək Azərbaycan yığmasının tərkibinə daxil olub.
Məhəmməd milli komandanın üzvü kimi Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında ölkəmizi təmsil edib və bürünc medal qazanıb.
“Bu olimpiadalar mənə biliklərimi beynəlxalq səviyyədə sınamaq imkanı verdi. Eyni zamanda, müxtəlif ölkələrdən olan iştirakçılarla tanış oldum, onların təcrübələrini öyrəndim və yeni dostlar qazandım. Beynəlxalq yarışlarda iştirak etmək insanın yalnız akademik biliklərini deyil, ünsiyyət, təqdimat və çevik düşünmə bacarıqlarını da inkişaf etdirir”, – deyə olimpiadaçı bildirib.
Məhəmməd qazandığı uğurlarda müəllimlərinin, təhsil aldığı liseyin və ailəsinin dəstəyinin xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “IGEO” layihəsinin hazırlıq proqramı da beynəlxalq yarışlara daha peşəkar hazırlaşmasına mühüm töhfə verib:“Düşünürəm ki, bu cür layihələr istedadlı şagirdlərin potensialının üzə çıxarılmasına, onların inkişafına və beynəlxalq uğurlar qazanmasına böyük imkan yaradır. Coğrafiya mənim üçün sadəcə fənn deyil. Bu sahə mənə araşdırma aparmağı, daim öyrənməyi və dünyaya fərqli baxış bucağından yanaşmağı öyrədib”.
“Bürünc medal özümə daha çox inanmağa kömək etdi”
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Yəhya Əhməd də coğrafiyaya marağının uşaqlıqdan yarandığını söyləyir. Dünyanın müxtəlif ölkələri, xəritələr və təbiətdə baş verən proseslər daim onun diqqətini cəlb edib:
“Vaxt keçdikcə bu maraq daha da artdı. Coğrafiyanı sadəcə məktəb fənni kimi deyil, dərindən araşdırmaq və daha çox öyrənmək istədiyim bir sahə kimi görməyə başladım”.
Yəhyanın beynəlxalq coğrafiya olimpiadaları ilə tanışlığında da “IGEO” layihəsi mühüm rol oynayıb. Məktəbli qeyd edir ki, layihə vasitəsilə olimpiadaların formatı, beynəlxalq yarışların xüsusiyyətləri və hazırlıq prosesi haqqında ətraflı məlumat əldə edib:“Layihədə iştirak etmək məni öz üzərimdə daha çox çalışmağa və qarşıma daha böyük hədəflər qoymağa həvəsləndirdi. Hazırlıq prosesinin necə qurulmalı olduğunu və hansı istiqamətlərə daha çox diqqət yetirməyin vacibliyini öyrəndim”.
Uzun müddət davam edən hazırlıqdan sonra milli komandaya seçilən Yəhya Əhməd Azərbaycan yığmasının üzvü kimi Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında ölkəmizi təmsil edib və bürünc medal qazanıb:“Azərbaycanı beynəlxalq olimpiadada təmsil etmək həm böyük məsuliyyət, həm də unudulmaz təcrübə idi. Yarışın sonunda bürünc medala layiq görüldüm. Bu nəticə mənə özümə daha çox inanmağa və gələcək yarışlar üçün daha inamla çalışmağa kömək etdi”, – deyə o bildirib.
Yəhyanın sözlərinə görə, beynəlxalq olimpiada ona yalnız medal deyil, həm də yeni biliklər, dostluqlar və zəngin təcrübə qazandırıb:“Fərqli ölkələrdən gələn şagirdlərlə tanış olmaq, onların bilik və təcrübələrini görmək, müxtəlif mədəniyyətlər haqqında məlumat əldə etmək mənim üçün ən dəyərli qazanc idi. Bu yarış mənə göstərdi ki, məqsədə çatmaq üçün davamlı zəhmət və düzgün hazırlıq ən vacib amillərdir”.
Hər iki məktəbli gələcəkdə coğrafiya üzrə biliklərini daha da dərinləşdirməyi, beynəlxalq olimpiadalarda davamlı iştirak etməyi və ölkəmizi daha yüksək nəticələrlə təmsil etməyi qarşılarına məqsəd qoyublar.




